RU

Məğlub ediləcək “Malmö”

Bu gün “Qarabağ” Avropa Liqasında növbəti oyununa çıxır. Rəqib “Tottenhem” deyil, daha münasib, daha dişimizə görə biri – “Malmö”dür. Oyun 20:45-də başlanır, “Bəhramov”da keçiriləcək. Bilet almamısızsa, mütləq alıb matça gəlin, çünki çox maraqlı oyun olacaq.

“Malmö” İsveç futbolunun nəhəngidir, onu Bakıda izləmək xoş olacaq. Bura qələbə üçün gəlirlər, dünənki mətbuat konfransında bunu açıq etiraf etdilər. Ancaq onların saydıqları başqa şeydir, bizim saydığımız başqa. “Qarabağ” bu komandanı nəinki udmaq, hətta darmadağın etmək gücünə malikdir. “Malmö”nü bir az analiz etmək imkanım oldu. Avroliqada ilk turda evdə “Qlazqo Reyncers”ə və ondan əvvəl ÇL-in “play-off”unda “Sparta”ya səfərdə eyni hesabla (0:2) uduzduqları matçların tam 90 dəqiqəsinə baxdım. Əlavə də bir neçə icmalı, üstəlik, ümumi və xüsusi statistik göstəriciləri, bəzi qeydləri gözdən keçirdim. Müəyyən bir fikir formalaşdırmışam, gəldiyim nəticəni yazıram.

“Malmö” hazırda sona yaxınlaşan İsveç çempionatının şəksiz-şübhəsiz lideri, çempionluğa 1 nömrəli namizəddir. Sona 5 tur qalmış ən yaxın izləyiciləri “Yurqorden”i 10 xal qabaqlayırlar, 25 matçda qapılarından cəmi 19 top buraxıblar, rəqib qapılarından isə 59 top keçiriblər. Ölkə daxilində müzakirəsiz dominantdılar. Rəqəmlər çox gözəldir, amma bunu xüsusi bir şey kimi fərqləndirə bilmirəm, çünki “Qarabağ” da ölkədə rəqiblərin daşını-daş üstə qoymur. Ağdamlılar da uzun müddətdir qızıl medallara embarqo qoyublar, fasiləsiz çempionluqlar yaşayırlar.

Maraqlıdı ki, “Malmö” bu mövsüm avrokuboklarda da “Qarabağ” kimi qrafik cızıb. ÇL-in 2-ci təsnifatında “Klaksvik”i, sonra PAOK-u keçiblər, “play-off”da isə hər iki matçda eyni hesabla (0:2) uduzub, Avroliqaya düşüblər, orda da ilk turda uduzublar. Yəni daxildə də, avrokuboklarda da isveçlilərin nə xüsusi üstünlüyü, nə də xüsusi geriliyi var bizdən. İlk baxışdan eyni səviyyədədilər. Amma ilk baxışdan. Detallara girək.

“Malmö”nün adətən 5-li müdafiə ilə oynayır. Sxemə görə belədi (4-lü oynayanda belə, tez transformasiya oluna bilirlər). Əslində, bunu 3-lü də saya bilərik, çünki daha çox hücumda vaxt keçirməyə üstünlük verdiklərinə görə, arxada həmin 3 mərkəz müdafiəçisi qalır. Amma bu da nisbidir. İzlədiyim qədərilə tam ortadakı müdafiəçi yerində qalsa da, digər ikisi də hücuma qoşularaq ən ön xəttə qədər gedə bilirlər. Nümunə kimi, ötən mövsüm “Mançester Siti”də Stounz və ya Uolkerin oyunlarını göstərmək olar. Bilmirəm məhz onlardan bunu götürüblər, amma ideya eynidir. Forma rəngləri də uyğun gəlir, bəlkə fikirləşiblər ki, belə oxşadaq, birdən alınar. Son cümlə zarafatdır təbii ki. Oxşadırlar, amma tam da alınmır. Oxşatdıqları daha bir məqam top saxlamağa çalışmalarıdı. “Çalışmaları” ona görə yazdım ki, bu top saxlama, o top saxlamadan deyil. Tələskəndilər. Meydanda top gəzdirdikləri zaman rəqibin müdafiəsində ilk kiçik boşluq görünən kimi tez ora ötürmə edir, hədəfə çox tez çatmaq istəyirlər. Bu heç də uğurlu fikir deyil, nisbətən güclü komandalara qarşı matçlarda necə deyərlər, bu variant keçmir. Skandinav komandası olmalarına baxmayaraq, “ikinci mərtəbə”yə çox çıxmırlar, asmalara çox üstünlük vermirlər. Fiziki hazırlıqlı olmaları təbii ki gözə çarpır. Gücləri yetərincədir, civə kimidirlər. Meydanda dayanmırlar, daima hərəkətdədirlər, tablodakı hesab da bunun üçün fərq etmir. 1-ci dəqiqədə nədirlərsə, 90-da da odurlar. Yəni “Malmö”yə qarşı silahı final fitinə qədər yerə qoymaq olmaz.

Zəif nöqtələrini də deyim: müdafiədə fiaskodurlar, pressinqə heç tabları yoxdur. Təzyiqə tab gətirmirlər. Güclü və intensiv pressinqə qarşı çıxış yolları yoxdur, ciddi boşluqlar verirlər, fərdi səhvləri çoxalır, rəqibə real qol şansları yaradırlar. Hücuma aludə olduqlarından və az qala bu işə bütün komanda ilə “baş qoşduqlarından” əks-hücumda tez-tez yaxalanırlar. İsveç çempionatındakı az qol buraxdıqları statistika heç nəyi göstərmir. Orda rəqiblər zəifdir. Avrokuboklarda bu mövsüm keçirdikləri bütün matçlarda 1, son 6 matçın hamısında isə ən azı 2 top buraxdıqları faktını daha çox diqqətə almalıyıq. Toparlasaq, elliklə hücuma gedib rəqibə böyük problemlər yaşatsalar da, arxa xətdə çox zəifdirlər. “Malmö”yə qol və ya qollar vurmaq normalda çətin bir iş sayılmamalıdı.

“Qarabağ” necə oynamalıdır? Şübhəsiz, mənim gördüklərimi Qurban Qurbanov da görüb, daha dərin analiz edərək nəticə çıxarıb. Dünən mətbuat konfransında “rəqibə sürpriz edəcəksizmi” sualına, Hoca “hə” cavabını verdi. Bu sürpriz nə olacaq? Məncə, “Qarabağ” klassik, son illərdə öyrəşdiyimiz basqılı, pressinqli oyununu oynamalı, “Malmö”nü onun qapısında “ovlamalıdır”. Yuxarıda da qeyd etdik ki, rəqib bu baxımdan çox hazırlıqsız və bacarıqsızdı. “Köhlən atlar” isə məhz bu məqamda çox güclüdürlər. Yəqin ki elə bu cür də oynayacağıq. “Malmö” birini vuracaqsa, “Qarabağ” ikisini vurmaq üçün çalışacaq, müdafiə ikinci plana keçəcək. Qarşılıqlı hücumlar şəraitində keçən matç izləyəcəyimizə əminəm. Hocanın sürprizi isə 3 hücumçu ilə oynamağı ola bilər. Nominal hücumçu təbii ki Juninyodur, amma bu dəfə Zubir və Benziya da önə çox yaxın olacaq, müdafiə çalışmalarında iştirak etməyəcəklər. Adətən məşqçi onlara topu arxaya gələrək götürmək tapşırığı verir, qabaqda ancaq Juninyonu saxlayırsa, bu dəfə fərqli ola bilər. İrəlidə 3 nəfər qala, müdafiədən uzun ötürmələrlə çıxa bilərik. Bu, qol buraxma ehtimalımızı çoxaltsa da, qol vurma şansımızı da 3 dəfə artırır. Riskli gedişdi, amma bu gün üçün optimal variant budu. Məncə də, doğrusu bu olar. Gözləyək, görək necə olur.

Proqnozum isə qələbədir. “Malmö” ümumilikdə elə “Qarabağ” kimi oynamaq istəyir, amma “Qarabağ” güclüdür. Biz daha yaxşı komandayıq, daha təcrübəliyik, matç həll edəcək oyunçularımız, fərdi ustalıq baxımından üstün olan oyunçularımız daha çoxdur, qələbəni də daha çox istəyirik. İstək isə işi yarısıdır.

Избранный
6
2
vaxt.az

3Источники