RU

MM Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində ekoloji cinayətlərə cəzaların tətbiqi müzakirə olunub

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

APA-nın xəbərinə görə, komitənin sədri Sadiq Qurbanov əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini müzakirəyə təqdim edib.

Sonra iclasda gündəliyə daxil olan “Balıqçılıq haqqinda”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Komitə sədri qanun layihəsində balıqçılıq və ovçuluq fəaliyyətlərinin tənzimlənməsi, heyvanlar aləminin mühafizəsi və ətraf mühitin qorunması ilə bağlı təklif olunan təkmilləşdirmələrdən danışıb.

Gündəliyin üçüncü məsələsi olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd hüquqi sistemin müasirləşdirilməsi və cəmiyyətin təhlükəsizliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəyişikliklər arasında, ekoloji cinayətlərə və inzibati xətalara cəzaların tətbiqi, eləcə də müvafiq məsuliyyətlərin artırılmasının ekoloji mühitin mühafizəsinə və təbii ehtiyatların istifadəsinə müsbət təsir edəcəyi vurğulanıb.

Komitə sədrinin müavini Fatma Yıldırım deyib ki, hazırda ölkəmizin COP29-a sədrlik etdiyini nəzərə alsaq, müzakirə etdiyimiz qanun layihələri aktualdır və bizim nəzərdə tutduğumuz hədəflərlə və müasir çağırışlarla uyğunlaşır: “Ümumiyyətlə, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”.

Deputat qeyd edib ki, Azərbaycan Parlamenti ətraf mühitin, ekologiyanın mühafizəsi ilə əlaqədar indiyədək bir sıra mühüm qanunlar qəbul edib: “Buna nümunə olaraq “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunları və s. qeyd edə bilərik. Eyni zamanda, iqlim dəyişiklikləri ilə mübarizədə dünya ölkələrinin parlamentləri ilə əməkdaşlığa da böyük önəm verilir. Ölkəmizdə keçiriləcək COP29 ərəfəsində isə bu məsələ xüsusilə aktualdır. Azərbaycan Parlamenti bu mötəbər tədbirin keçirilməsi işində də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bütün bunları söyləməkdə məqsədim odur ki, Azərbaycan parlamenti də iqlim dəyişiklikləri ilə mübarizə işində fəal iştirak edir. Biz öz fəaliyyətimizlə bəşəriyyət üçün çox önəmli olan bu prosesə hər zaman töhfə verməliyik. Bu baxımdan, hazırda müzakirə etdiyimiz qanun layihələri də ətraf mühitin, ekologiyanın qorunması üçün vacib sənədlərdir. Bu qanunlara edilən dəyişikliklər təbiətimizi, yaşıl dünyamızı mühafizə etmək üçün müasir çağırışlara cavab verir. Ona görə də, mən bu qanun layihələrinin qəbul olunmasını dəstəkləyirəm və həmkarlarımı da dəstəkləməyə çağırıram”.

Sonra “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bu qanun layihəsində heyvanların mühafizəsi, ekosistemlərin qorunması və yaşıllıqların saxlanılması ilə bağlı müasir tələblər təsbit olunub.

İclasda son olaraq “Azərbaycan Respublikası Hökuməti ilə birgə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişimləri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi nəzərdən keçirilib.

Məsələlərin müzakirəsində komitə sədrinin müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Naqif Həmzəyev, Asif Əsgərov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirqasım Qənbərov təqdim olunan qanun layihələri barədə fikirlərini və qeydlərini bildiriblər.

Deputatlar komitənin 2024-cü il payız sessiyası üçün iş planını təsdiqləyiblər, qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Vüqar Rəhimzadə, Bədəl Bədəlov və Eyvaz Qurbanov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin şöbə müdiri Sadiq Dərafərin və digər rəsmi şəxslər iştirak ediblər.

MM
Избранный
6
1
apa.az

2Источники