RU

X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilən X Bakı Beynəlxalq Kitab Sərgisində dünyanın 18 ölkəsindən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya müəssisəsi iştirak edir.  

Sərgi çərçivəsində naşirlərin çeşidli çap məhsulları təqdim olunur, şair və yazıçılarla, alimlərlə, səfirlərlə görüşlər keçirilir, bədii proqramlar göstərilir. Sərgidə azərbaycanlı müəlliflərlə yanaşı, qonaq yazıçılar da oxuculara yaradıcılıq hesabatı verir, yeni əsərlərini avtoqrafla ədəbiyyatsevərlərə bağışlayırlar.   Poeziya saatları, sual-cavab sessiyaları, bədii tərcümə müqavilələrinin bağlanması və sair festivalın önəmli cəhətləri kimi diqqət çəkir. 

Bakı Beynəlxalq Kitab Sərgisi, eyni zamanda, ziyarətçilərin və qonaqların böyük Füzulinin klassik irsi ilə yaxından tanış olmalarına imkanı yaradır. Bu baxımdan şairin yubileyi ilə bağlı ekspozisiyanın və “Məhəmməd Füzuli – 530” adlı biblioqrafik nəşrin təqdimatı təqdirəlayiq sayılmalıdır. 

Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Mariflinin dediyinə görə, Bakı Beynəlxalq Kitab Sərgisi əvvəllər 2 ildən bir keçirilsə də, son 4 ildə ardıcıl olaraq təşkil edilir. Bu, həm formatına, həm də tədbirlərin sayına görə regionun ən böyük kitab sərgisidir. X Bakı Beynəlxalq Kitab Sərgisində 327 tədbirin keçirilməsi nəzərdə tutulur. Mütaliəyə marağın artırılması məqsədilə bir çox layihənin həyata keçirildiyini bildirən şöbə müdiri qeyd etdi ki, bu sərgi onların arasında ən böyüyüdür: “Sərgini bütün sahələrdən olan oxucular ziyarət edir. Burada mədəniyyətlər, düşüncələr birləşir”.

Dünən Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının  ölkəmizdəki Səfirliyinin birgə əməkdaşlığı ilə Bakıda Azərbaycan dilində tərcümə və nəşr olunmuş “Söyüd krallığı” kitabı (müəllif Venesuela şairi Anna Maria Oviedo Palomaresdır) kitabı təqdim olunub. Mərasimdə Venesuelanın səfiri Kristofer Alberto Martinez Berroteran, Meksikanın səfiri Viktoriya Romero, Kubanın səfiri Karlos Enrike Valdes de la Konsepsyon, Kolumbiyanın səfiri Luis Fernando Kuartas Ayala və digər qonaqlar iştirak ediblər.

Təqdimat mərasimində əvvəlcə Latın Amerikası ədəbiyyatının ölkədə tanıdılması istiqamətində həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş olunub. Sonra Dövlət Tərcümə Mərkəzi İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan maraq və sevgidən, ərsəyə gətirilən kitabın bədii məziyyətlərindən danışıb.

Əsərin müəllifi Anna Maria Oviedo Palomares yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirərək ədəbiyyatın, bədii sözün xalqları bir-birinə yaxından tanıdan, dostluq və anlaşma münasibətlərini möhkəmləndirən təsirli vasitə olduğunu qeyd edib. O, həmçinin şeirlərindən nümunələr səsləndirib.

Kitabı dilimizə tərcümə edən şair Mahir Qarayev, Venesuelanın səfiri Kristofer Alberto Martinez Berroteran “Söyüd krallığı”nın Azərbaycan oxucusunda xüsusi maraq yaradacağını qeyd ediblər. Mərasimdə Azərbaycan poeziyasının Venesuelada tanıdılması ilə bağlı fikir və təkliflər bildirilib. Sonda gecənin son akkordu kimi “Düzənliyin ruhu” Venesuela mahnısı səsləndirilib.

Beynəlxalq Kitab Sərgisinin ziyarətçisi – italiyalı ekspert, fotoqraf Fabrisio Konti müəllifi olduğu “Agdam Delenda est” kitabını təqdim edib. Onun nəfis toplusunda  işğaldan azad olunmuş ərazilərimizin təsvirlərindən ibarət fotolar və şərhlər öz əksini tapıb. Erməni vandallarının işğal dövründə dağıtdıqları abidələrimizin, mədəniyyət ocaqlarımızın dünya ictimaiyyətinə tanıdılması baxımından bu nəşr böyük önəm daşıyır. Fabrisio Konti bu barədə ətraflı məlumat verdi: “Mən  4 il əvvəl Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk dəfə Qarabağda olmuşam. Orada gördüyümk dağıntılar məni xeyli heyrətləndirdi və həmin torpaqlarda bərpa işlərinin şahidi olmaq üçün kitab yazmağa başladım. Qarabağda, ümumilikdə, 200 gündən çox qaldım və indi artıq o yerlərin sakinlərini özümə doğma insanlar bilirəm”. 

Tanınmış tənqidçi, filologiya elmləri doktoru, Milli Məclisin deputatı Elnarə Akimova jurnalistlərə açıqlamasında dedi ki, Beynəlxalq kitab sərgilərinin keçirilməsi ölkəmizin mədəni, ədəbi həyatında baş verən ən mütərəqqi hadisələrdən biridir. “Son dövrlər kitabların nəşri, onların təbliği və təqdimatlarının keçirilməsində irəliləyişlər var. Belə beynəlxalq kitab sərgilərinin ədəbi proseslərdə əhəmiyyəti böyükdür. Bu sərgilər mütaliəyə marağın artmasında, gənc nəslin kitabla ünsiyyətində körpü rolunu oynayır. Bu cür sərgilər vasitəsilə bir çox ölkələrlə mədəniyyət mübadiləsi aparılır, əməkdaşlıq əlaqələri qurulur. Bu mənada, X Bakı Beynəlxalq Kitab Sərgisi də münasibətlərin daha da yaxınlaşmasında mühüm platformadır”.

Sonda xatırladaq ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi daha 3 gün davam edəcək.

Ə. DOSTƏLİ
XQ

 

Избранный
108
50
xalqqazeti.az

10Источники