RU

Şərqi Zəngəzura həyat verilir

Güclü və məsuliyyətli dövlət olan Azərbaycan Vətən müharibəsi başa çatdıqdan sonra vaxt itirmədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlayıb. Nəzərdə tutulan layihələrin miqyası və işlərin həcmi kifayət qədər böyükdür. Otuz illik işğal dövründə təxminən 11 min kvadratkilometrlik ərazidə hər şey - mülki infrastruktur, yaşayış evləri, sosial təyinatlı obyektlər, tarixi mədəni-dini abidələr erməni vandalizminə məruz qalaraq dağıdılıb. İndi bəhs olunan ərazilərdə hər şey yenidən qurulur. Prezident İlham Əliyev aparılan quruculuq işləri ilə bağlı Özünün mühüm tapşırıqlarını verib və layihələrin reallaşdırılmasına şəxsən nəzarət edir. Artıq dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri müntəzəm hal alıb. Elə bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şərqi Zəngəzura növbəti səfərlərini edərək bir sıra açılış və təməlqoyma tədbirlərinə qatılıblar.

Cəbrayıl Şəhəri Günündə sakinlərin qayıdış sevinci

Vətən müharibəsinin səkkizinci günündə - oktyabrın 4-də Prezident İlham Əliyevin xalqa müraciəti ölkəmizdə uşaqdan - böyüyə, cavandan - qocaya hamının qəlbini qürur, iftixar və sevinc hissi ilə doldurdu. Həmin müraciətdə dövlətimizin başçısı Vətən müharibəsində ilk böyük qələbəmizin müjdəsini verərək qəlbinin dərinliklərindən gələn sevinc hisslərini xalqımızla bölüşürdü. “...Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”, - deyə müraciətdə bildirilirdi.

Cəbrayıl Vətən müharibəsində işğaldan azad olunan ilk şəhərdir. Bu, haqq savaşımızda növbəti böyük uğurların başlanğıcı oldu. Vətən müharibəsi başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı. İndiyədək Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, aparılan tikinti işləri ilə tanış olub. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

Builki Cəbrayıl Şəhəri Günündə sakinlər qayıdış sevinclərini dövlətimizin başçısı və birinci xanımla bölüşüblər. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb.

Bundan əvvəl isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Burada layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir. Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Cəbrayıl Şəhəri Günü ərəfəsində məktəblilər də gözəl hədiyyə alıblar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Zəngilanda yaşayış məntəqələrinin bərpası və sosial infrastruktur quruculuğu diqqət mərkəzində

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Zəngilanda da yaşayış məntəqələrinin bərpası və sosial infrastruktur quruculuğu diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.

Kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub.

Zəngilan şəhərində dövlətimizin başçısının iştirakı ilə həmçinin beşinci və altıncı yaşayış komplekslərinin təməli qoyulub. Beşinci yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir. Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.

Altıncı yaşayış kompleksi isə orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq. Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.

Səfər çərçivəsində Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə  də tanış olub. Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki hotel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Hotel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək.

Şərqi Zəngəzurda yaradılan yeni istehsal müəssisələri

Yeni istehsal müəssisələrinin yaradılması və işğaldan azad olunmuş ərazilərə qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsi Qarabağın bərpa proqramının mühüm bir istiqamətini təşkil edir. Bəhs olunan səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şərqi Zəngəzurda daha bir neçə istehsal müəssisəsinin açılışına və təməlqoyma tədbirlərinə qatılıblar. O cümlədən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.

Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənaye parkında Litvanın “Dominari” şirkətinin mebel klasterinin, “Karabakh Stone” MMC-nin zavodunun , həmçinin “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimlərində iştirak ediblər.

Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin yaradılmasına start verilib. Prezident İlham Əliyev kompleksin təməlini qoyub. Qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axınının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək. Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq.

Prezident İlham Əliyev Cəbrayıl rayonunda  “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin də təməlini qoyub. Müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.

Dövlətimizin başçısının iştirakı ilə Şərqi Zəngəzurda daha iki mühüm obyektin - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı baş tutub. Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. “Sarıqışlaq” SES isə Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib.

Mübariz ABDULLAYEV

Избранный
21
yeniazerbaycan.com

1Источники