RU

Deputat: “Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...”

“Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Rusiya və Azərbaycanın sistemdənkənar müxalifət və terror təşkilatlarına qarşı birgə mübarizə aparacağı barədə açıqlamasının “rüsvayçılıq” olduğunu hesab etmirəm. Xüsusilə, qonşu dövlətlərin təhlükəsizlik xidməti orqanları terrorçuluqla, ümumiyyətlə, dövlətçiliyə qarşı təhdidlərlə, təhlükələrlə mübarizədə əməkdaşlıq etməlidirlər. Burada söhbət təkcə Rusiyadan getməməlidir. Narişkin Rusiyanı təmsil etdiyi üçün Rusiya ilə Azərbaycanı deyir. Amma ümumi götürəndə terrorçuluqla heç kim təkbaşına mübarizə aparıb, uğur qazana bilməyib. Bu mübarizə beynəlxalq səviyyədə aparılmalı, bütün dövlətlərin bu sahədə əməkdaşlığı, birgə fəaliyyəti olmalıdır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. 

 

“Kimsə deyirsə ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əməkdaşlıq bizim müstəqilliyimizə xələl gətirir, yanılır. Bunun müstəqilliklə nə əlaqəsi var? Biz qonşu dövlətlərik. Burada Ermənistandan başqa bölgənin digər qonşu dövlətləri də nəzərdə tutulur, tutulmalıdır da. Azərbaycan tərəfi həmişə terrorçuluqla mübarizədə fikrini səsləndirib. Terrorçuluq elə bir bəladır ki, terrorun kökünü kəsmək üçün beynəlxalq səviyyədə birgə mübarizə aparılmalıdır. İndi kimsə fikirləşirsə ki, Narişkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən  belə deyil. Söhbət terrorçuluğa, eləcə də ölkə daxilində və xaricində dövlətçilik əleyhinə olan müəyyən qüvvələrə qarşı aparılan mübarizədən gedir”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 5 Oktyabr 2024, 11:27   
Избранный
20
pravda.az

1Источники