RU

İkiqat Olimpiya iştirakçısı: Azərbaycana hər gəlişimdə gimnastikanın daha da inkişaf etdiyinin şahidi oluram

Bakı, 5 oktyabr, AZƏRTAC

“Azərbaycan gimnastlarında böyük potensial gördüm. Görünür ki, ölkənizdə kiçikyaşlı gimnastlarla yaxşı məşğul olurlar. Onlar çətin elementləri yerinə yetirə bilirlər. Ümid edirəm ki, gələcəkdə istədikləri hər şeyə nail olacaqlar”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Gimnastika Arenasında Azərbaycan idmançılarına ustad dərsi keçən tanınmış gürcüstanlı bədii gimnast Salome Pajava deyib.

Bir müddət əvvəl karyerasını başa vuran idmançı ilk ustad dərsini Bakıda keçdiyi üçün xoşbəxt olduğunu bildirib: “Bu mənim üçün böyük şərəfdir. Azərbaycan Gimnastika Federasiyasına mənə güvəndikləri və dəvət etdikləri üçün minnətdaram. Qızlarla maksimim dərəcədə təcrübəmi bölüşməyə çalışır, onlara yeni elementləri öyrədirəm. Ümid edirəm ki, mənimlə işləməkdən zövq alacaqlar. Mən də onlara emosiyalarımı ötürəcəyəm”.

O, Azərbaycan xalqının qonaqpərvər və mehriban olduğunu söyləyib: “Bakı mənim doğma evim kimidir. Buraya gəlməyi çox sevirəm. Çünki ölkənizdə xarici qonaqlara xüsusi diqqət və qayğı göstərirlər. Səmimi münasibət və xoş qarşılanma üçün təşəkkür edirəm”.

İkiqat Olimpiya iştirakçısı Milli Gimnastika Arenası ilə bağlı xoş xatirələrinin olduğunu söyləyib: “Arenanızda çox çıxış etmişəm. Bu mənə həmişə zövq verirdi. Yaxşı xatırlayıram ki, Milli Gimnastika Arenasında təşkilati işlər həmişə yüksək səviyyədə olub. Gördüyüm qədərilə ildən-ilə daha da təkmilləşir. Buraya demək olar ki, hər il gəlirəm. Hər dəfə Azərbaycanda gimnastikanın daha da inkişaf etdiyinin şahidi oluram. Gimnastlarınızın beynəlxalq yarışlardakı nəticələrini izləyirəm. Onlar hər turnirdən medalla qayıdırlar. Çox sevindirici haldır ki, Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında iki gimnast və qrup hərəkətləri komandası ilə təmsil olundu. Qızların çıxışları doğrudan da təqdirəlayiq idi. Ümid edirəm ki, gələcək nəsil daha yüksək nəticələr göstərəcək”.

Qeyd edək ki, Salome Pajavanın ustad dərsi oktyabrın 3-də Milli Gimnastika Arenasında start götürmüş 3-cü beynəlxalq “Ocaq kuboku” turniri çərçivəsində reallaşıb.

 

 

 

 

Избранный
17
azertag.az

1Источники