RU

Xankəndidə ilk Müəllim Günü: Qarabağ Universitetinin dosenti kimdən aldığı təbriklə qürur duyur?

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Dördüncü ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalq olaraq qeyd edir. 2024-2025-ci tədris ilində müəllimlərimiz Şuşa, Xankəndi və Xocalı şəhərlərinin ümumtəhsil müəssisələrində tədrisə başlayıblar. Bununla yanaşı, ali təhsil pilləsi üzrə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Bu gün orada uzun illərdən sonra azərbaycanlı tələbə və müəllimlər universitet auditoriyasına daxil olublar. Böyük əhəmiyyətli olan bu hadisəni, həm də müəllim günün nəzərə alaraq Qarabağ Universitetinin İqtisadiyyat və menecment kafedrasının müdiri, dosent Firudin Sultanov ilə söhbətləşdik.

- Qarabağ Universitetinin müəllimi olmaq... Bu, xüsusi bir hissdir?

- Zəfərin qazanıldığı torpaqlarda müəllim kimi fəaliyyətə başlamaq, vətənpərvər, müasir və milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişdirilməsində rol oynamaq, inanılmaz dərəcədə gözəl bir duyğudur. Şəhidlərimizin canı və qanı, hərbçilərimizin qəhrəmanlığı və dövlətimizin siyasəti nəticəsində azad edilmiş bu torpaqlarda təhsil vermək, məsuliyyətimizi min qat artırır.

- Xankəndidə dərs demək tarixi bir hadisədir. Orada dərs demək hər bir müəllimin arzusu ola bilər. Bunun özünəməxsusluğu varmı?

- Qarabağa böyük qayıdış proqramı çərçivəsində Qarabağ Universitetinin bölgədə tarixən mövcud olmuş təhsil ənənələrinin yenidən qurulması və inkişafı üçün xüsusi əhəmiyyət kəsb edəcəyinə inanıram. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən seçilmiş professor-müəllim heyəti bu universitetdə bir araya gələrək çox gözəl bir akademik mühit formalaşdırıblar. Hazırda universitetdə yeni ənənələr qurulur və müasir ali təhsil mərkəzi yaratmaq üçün rəhbərlik və müəllimlər fədakarlıq və səbirlə çalışırlar. İnanıram ki, yaxın gələcəkdə Qarabağ Universiteti ölkəmizin ən öncül elm və təhsil mərkəzlərindən biri olacaq.

- İlk dəfə Qarabağ Universitetində peşə bayramını qeyd edirsiniz. Yəqin ki, əvvəlki illərə nisbətən təbriklər çox olacaq.

- Şuşanın azad edilməsində böyük rolu olan və orada Azərbaycan bayrağını ucaldan dostum, ehtiyatda olan polkovnik Rəşad Aslanov Beynəlxalq Müəllimlər Günü münasibətilə məni təbrik etdi. Mənim üçün bu təbrikdən daha qiymətli bir jest ola bilməzdi. Hərbçilərimiz vətəni düşməndən azad etdiyi kimi, indi müəllimlərimiz cəmiyyətin gələcəyini düzgün şəkildə formalaşdıraraq onu zehni işğaldan qoruyacaq. Hər iki peşə cəmiyyətin möhkəmliyinə xidmət edir: biri güclə, digəri isə bilik və dəyərlə.

Избранный
29
1
publika.az

2Источники