RU

Yaşıl istiqrazlar gəlir: gözləntilər, perspektivlər - şərh

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizdə yaşıl istiqrazlara marağı kəskin artırıb

Azərbaycanda bu ilin sonunadək yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minə bilər. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, yaşıl istiqraz real sektorun iştirakçılarına öz maliyyə kanallarını diversifikasiya etməyə imkan verəcək.

“Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev isə bildirib ki, Azərbaycanda “yaşıl istiqraz”lar banklar üçün yeni maliyyə mənbəyi, ekoloji layihələrə sərmayə qoymaq istəyən investorlar üçün isə yeni maliyyə aləti ola bilər: “Hazırda ABA olaraq ”yaşıl istiqraz"ların buraxılması istiqamətində işləri davam etdiririk, üzv banklarla birgə addımlar ataraq sektor çərçivəsində əməkdaşlığı təmin edirik. Bunun üçün Assosiasiyanın nəzdində müxtəlif istiqamətlərdə ekspert qrupları yaradılıb".

Qeyd edək ki, yaşıl istiqrazlar qlobal enerji keçidi prosesinin maliyyələşdirilməsi üçün tətbiq edilən yaşıl maliyyə alətlərindən biridir. Dünyada yaşıl maliyyə dedikdə banklar, maliyyə institutları, biznes subyektləri, dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən maliyyə alətləri və mexanizmləri vasitəsilə dayanıqlı təsirləri olan və ekoloji mühitin qorunmasına yönəldilən layihələrin işlənib hazırlanması, təşviqi, reallaşdırılması və dəstəklənməsi üzrə həyata keçirilən təşəbbüslər nəzərdə tutulurş “Yaşıl maliyyə”nin  reallaşdırılması üçün xüsusi maliyyə alətlərindən istifadə edilir ki, bunlardan biri də yaşıl istiqrazlardır.

Yaşıl istiqrazlar ətraf mühitə müsbət təsir edən layihələrin maliyyələşdirilməsi üçün istifadə edilən sabit gəlirli investisiya növüdür.

Yaşıl istiqrazlar ilk dəfə 2008-ci ildə Dünya Bankı tərəfindən buraxılıb. Dünya Bankının Yaşıl İstiqrazı iqlim dəyişikliyini azaltmağa və ya iqlim dəyişikliyinin təsirinə məruz qalmış ölkələrin buna uyğunlaşmasına kömək etməyə çalışan uyğun layihələrin həyata keçirilməsi məqsədilə Dünya Bankının kreditləşməsini dəstəkləmək üçün sabit gəlirli investorlardan vəsait toplayır. 2008-ci ildən bəri Dünya Bankı 28 valyutada 220-dən çox yaşıl istiqraz vasitəsilə 19 milyard ABŞ dolları həcmində vəsait toplayıb. Dünya Bankının Yaşıl İstiqrazları yüksək keyfiyyətli kredit sabit gəlirli məhsul vasitəsilə iqlim həllərinə investisiya etmək imkanıdır.

Yaxın vaxtlarda Avropa Bankı tərəfindən faiz dərəcələrinin aşağı düşməsi gözləntisi, bu sahədə şəffaflığın, müqayisəliliyin və etibarlılığın artırılması üçün yeni qaydaların tərtibi gözlənilir. Hesab olunur ki, bu addımlar gələcəkdə yaşıl istiqrazlara olan tələbatı daha da artıracaq. Yaşıl istiqrazların vergidən azad olması və ya müəyyən güzəştlərin olması investorların ənənəvi istiqrazlardan yaşıl istiqrazlara yönəlmələrini stimullaşdırır.

Yaşıl istiqraz hər hansısa bir hökumət,korporasiya tərəfindən buraxıla bilər. Yaşıl istiqrazın həqiqətən “yaşıl” olduğunu müəyyənləşdirmək üçün 3-cü tərəf subyektlər tərəfindən yoxlanılır. İqlim istiqrazı və yaşıl istiqraz terminləri bəzən bir-birlərini əvəz etmək üçün istifadə olunur. Son vaxtlarda isə iqlim dəyişikliyinin qarşısının alınması və karbon emissiyalarının azaldılması ilə bağlı layihələrin maliyyələşməsində istifadə olunan istiqrazlara iqlim istiqrazları deyilməyə başlanıb.

İnkişaf etməkdə olan ölkələr arasında ilk dəfə yaşıl istiqraz emissiyasını Fici həyata keçirib. 870 000-dən çox insanın yaşadığı Ficinin 300 vulkanik adasına siklonlara və daşqınlara qarşı çox meyilli olan alçaq atollar daxildir. 2016-cı ildə qeydə alınmış Cənub yarımkürəsində ən intensiv tropik siklon olan “Uinston” tropik siklonu Ficinin üzərindən birbaşa keçdi. Siklonun vurduğu zərər ölkə ÜDM-nin demək olar ki, üçdə birinə bərabər idi. Sakit okeanın bütün ada dövlətləri kimi, Fici də iqlim dəyişikliyinin təsirinə qarşı olduqca həssas durumdadır: 2050-ci ilə qədər iqlim dəyişikliyinə görə regionun 10 milyon əhalisinin 20 faizə yaxını məcburi köçkün ola bilər.

Fici hakimiyyəti 2017-ci ildə yaşıl istiqraz emissiya etməklə 100 milyon Fici dolları (50 milyon ABŞ dolları) məbləğində vəsait toplayıb, bu vəsaiti yaşıl istiqraz prinsiplərinə əməl etməklə iqlim dəyişikliyinə qarşı dözümlülüyü inkişaf etdirən layihələrə yönəldib.

2020-ci ildə Misirin 750 milyon dollarlıq yaşıl istiqrazı Yaxın Şərq və Şimali Afrikada ilk olub. Misir həmçinin təmiz nəqliyyat və davamlı su idarəçiliyinə investisiyalar üçün vəsait də yığıb. Əsas layihə Qahirə Monorelsdir. Bu monorels gündə bir milyondan çox sərnişin daşımaq qabiliyyətinə malik olacaq.

İqtisadiyyatını yaşıllaşdırma səyləri ilə tanınan Kolumbiya 2021-ci ildə Latın Amerikasının ilk yaşıl istiqrazını yerli valyutada (Kolumbiya pesoları) verib. 511,4 milyon ABŞ dolları ekvivalenti olan istiqraz davamlı su idarəçiliyi sahəsində 27 investisiya layihəsini dəstəkləyir.

Son dövrlərdə Çin yaşıl istiqraz bazarındakı fəaliyyətinə görə fərqlənir. 2023-cü ilin dördüncü rübündə qlobal yaşıl istiqrazların satışı 104,76 milyard ABŞ dollarından 108,24 milyard ABŞ dollarına yüksəlib. Çin bu dövrdə ABŞ və Almaniyanı keçərək yaşıl istiqraz emitentliyində birinciliyə yüksəlib: təkcə oktyabr-dekabr aylarında 21,83 milyard ABŞ dolları həcmində yaşıl istiqraz emissiya edib.

Hələlik Azərbaycanda yaşıl istiqraz nümunəsi çox zəifdir. Yalnız 2023-cü ildə Rabitəbank tərəfindən 10 milyon manatlıq yaşıl istiqraz buraxılıb. Məqsəd ətraf mühitin qorunmasına və yaşıl iqtisadiyyatın inkişafına sərf olunmasıdır.

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizdə yaşıl istiqrazlara marağı kəskin artırıb. Azərbaycan tədbirin təşkilatçı ölkəsi olaraq müasir təcrübələrin əsasında yaşıl keçidlə bağlı ardıcıl tədbirlər hazırlayaraq həyata keçirir. Bu istiqamətdə ən mühüm nəticələr yaşıl enerjiyə keçid və onun ixracına nail olunması sahələrindədir. Ölkə 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30  faizə çatdırılmasıın əsas hədəf kimi müəyyən edib. Eyni zamanda Qara dənizin dibi ilə Avropaya yaşıl elektrik enerjisi ötürəcək kabelin çəkilişi layihəsinin əsas iştirakçılarından biridir. Belə ki, kabellə məhz Azərbaycanda alternativ mənbələrdən istehsal olunacaq enerjinin nəqli nəzərdə tutulur. Bütün bu hədəflərə nail olunması üçün nəhəng layihələrin icrası planlaşdırılır. Azərbaycan bu sahədə 2020-ci ildən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanını “ACWA Power”, Böyük Britaniyanın BP, Avstraliyanın “Fortescue Future Industries”, Çinin “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, ABŞ-ın “Nobel Energy”, Çex Pespublikasının “A-Z Czech Engineering” və Türkiyənin “Baltech” şirkətləri ilə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlayıb.

 Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan olunub. Fransanın “TotalEnergies” şirkəti ilə 250 MVt gücündə və “Nobel Energy” şirkəti ilə Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edilir.

BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi həyata keçirilir. Bundan əlavə, “China Gezhouba Group Overseas Investment” və “Nobel Energy” şirkətləri ilə imzalanmış müqavilələr çərçivəsində işğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Yaşıl enerji istehsalı sahəsində ən böyük layihələr Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanını “ACWA Power” şirkəti ilə həyata keçirilir. Ötən ilin oktyabrında “Masdar” şirkəti tərəfindən inşa olunmuş 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Bundan əlavə “Masdar” şirkəti tərəfindən Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq günəş elektrik stansiyası, Biləsuvarda 445 MVt-lıq günəş elektrik stansiyası və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyası layihələrinin icrası ilə bağlı işlər davam etdirilir.

Məlumdur ki, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilir. Ölkədə bərpa olunan enerji sahəsində yeni istehsal güclərinin yaradılması və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanıb.

Dənizdə külək enerjisi potensialından istifadə çərçivəsində “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı razılaşma əldə olunub. Əlavə olaraq “Fortescue Future Industries” şirkəti ilə imzalanmış Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Bütün bu layihələrin ümumi dəyəri on milyardlarla dolları aşır. Yaşıl istiqrazların emissiyası belə layihələrin maliyyələşməsini təmin edəcək mühüm maliyyə alətinə çevrilə bilər. Dünyanın ən böyük şirkətlərinin iştirak etdiyi layihələr üçün emissiya olunacaq yaşıl istiqrazlara yalnız yerli deyil, xarici şirkətlərin də maraq göstərəcəyi ehtimalı çox böyükdür. Bu baxımdan, Azərbaycanda belə istiqrazların emissiyasına dair qanunvericiliyin mümkün qədər sürətlə hazırlanması ilə yanaşı, onun məhz xarici təcrübəyə əsaslanaraq formalaşdırılması vacibdir. Əks halda, onlara potensial beynəlxalq və xarici maliyyə qurumlarının diqqətini cəlb etmək mümkün olmayacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Избранный
17
musavat.com

1Источники