RU

Bağırov və Beriya ingilis casusu, Müsavat tərəfdarı olublar?..- № 0043...-Məhkəmə

“Günahsız adamların istintaq işinin saxtalaşdırılması, onlara qarşı yalançı əks-inqilabi fəaliyyət ittihamı verilməsi yolu ilə Beriyanın sui-qəsdçi qrupu Zaqafqaziyanın bir çox partiya və sovet işçiləri, Zaqafqaziya respublikalarının mədəniyyət xadimləri və ziyalı nümayəndələrin terrorçuluqla məhv ediləsinə səbəb olmuşdur...”
 
"Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır. Və dəhşət burasındadır ki, bu “ölülükdə” – soyuqluqda bir müdhiş birlik, bir qorxunc həyatilik, bir allahsız-imansız ƏBƏDİLİK var!..”
 
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
 
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
 
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
(Qeyd: Bundan sonra materialın hər epizodunun ardınca müxtəlif tarixçi və araşdırmaçıların rəyləri ilə tanış olacağıq...)
 
Məxfi
 
0043 №-li cinayət işi üzrə
Bağırov Mir Cəfər Abbasoviçin,
Atakişiyev Ağa Səlim İbrahim oğlunun,
Markaryan Ruben Ambarsumoviçin,
Qriqoryan Xoren İvanoviçin,
Borşev Timofey Mixayloviçin,
Lemelyanov Stepan Fyodoroviçin
 
RSFSR CM-nin 58 -1 (b); 58-8; 58-II maddələri ilə müqəssir bilinmələri barədə
                                   İTTİHAM
(Əvvəli burada: )
 
“...M.C. Bağırovun işi üzrə istintaqda məlum olmuşdur ki, 1921-ci ildən – Bağırov Bakı şəhərində Azərbaycan Fövqəladə Komitəsinin sədri olan vaxtdan etibarən Beriyanın müsavat əks-kəşfiyyat ilə bağlı cinayətkar fəaliyyətindən tam xəbərdar imiş və cinayətkar keçmişini ört-basdır etməkdə ona yaxından köməklik göstərirmiş. Bağırov bilirdi ki, Beriya müsavat kəşfiyyatına kommunist partiyası və ya digər inqilabi təşkilatlar tərəfindən göndərilməyib, ingilis kəşfiyyatının nəzarəti altında fəaliyyət göstərən müsavat əks-kəşfiyyat xidmətinə öz xoşu ilə daxil olub və inqilabi fəhlə hərəkatına qarşı fəal mübarizə aparıb. Bağırov bütün bunları bilə-bilə, Beriyanı ifşa edəcək adamların aradan götürülməsində, sənədlərin oğurlanıb məhv edilməsində, Beriyaya ötürülməsində fəal iştirak edərək Beriyanın məsuliyyətdən kənar olmasına köməklik göstərmişdir. Beriya da öz növbəsində vətəndaş müharibəsi illərində banditizmlə məşğul olan Bağırovun cinayətkar keçmişini ört-basdır etmiş və onu ifşa edə biləcək adamların aradan götürülməsində, məhv edilməsində yardımçı olmuşdur.
 
Öz aralarında qarşılıqlı şəkildə bu cür sıx cinayətkar tellərlə bağlanan Bağırov və Beriya bir-birini təkcə ifşa olunmaq təhükəsindən qorumurdular, həm də bütün cinayət fəaliyyətləri dövründə, ta Beriya həbs olunana qədər bir-birinin müxtəlif məsul vəzifələrə təyin olunmaları üçün canfəşanlıq göstərirdilər. 
 
Uzun illər boyu Beriya, Bağırov və onların əlaltıları öz düşmənçilik və xəyanətkarlıq fəaliyyətlərini məharətlə pərdələmiş, gizlətmiş, bu yolda terrorçuluq fəaliyyətindən də çəkinməmiş, ifşa olunacaqlarından xoflanaraq müxtəlif şəxslərin qətlinə fərman vermişlər... 
 
Beriya və Bağırovun Zaqafqaziyada sovet hakimiyyətinin təşəkkülü dövründə də vətəndaş müharibəsi işlərindəki cinayətkar fəaliyyətindən xəbərdar olan şəxslərin xüsusilə təhlükəli olduğunu nəzərə alaraq, bir sıra kommunistlər xəyanətkar qrupun üzvləri tərəfindən məhv edildi. 
 
Sovet xalqının qatı düşməni, Vətən xaini, xarici kəşfiyyatlara satılmış Beriya öz cinayətkar fəaliyyətində əsas metod kimi hakimiyyətə və Sovet dövlətinə qarşı düşmənçilik niyyətlərinə çatması yolunda ona maneə olan namuslu partiya və sovet işçilərinə qarşı böhtandan, intriqa və müxtəlif təxribatdan istifadə edirdi. Öz xəyanətkar niyyətlərinin həyata keçirilməsində, Beriya və onun əlaltıları dövlət təhlükəsizlik orqanlarındakı məsul vəzifələrdən istifadə etmişlər.
 
Günahsız adamların istintaq işinin saxtalaşdırılması, onlara qarşı yalançı əks-inqilabi fəaliyyət ittihamı verilməsi yolu ilə Beriyanın sui-qəsdçi qrupu Zaqafqaziyanın bir çox partiya və sovet işçiləri, Zaqafqaziya respublikalarının mədəniyyət xadimləri və ziyalı nümayəndələrin terrorçuluqla məhv ediləsinə səbəb olmuşdur. 
 
Beriya və onun əlaltıları qorxu, xof yaratmaq, namuslu sovet adamları arasında şübhə, inamsızlıq toxumu səpmək, milli düşmənçilik törətmək, onları ifşa edə biləcək, adamları aradan götürmək yolu ilə cinayətlərin məsuliyyətindən Sumbatov- Topuridze, Atakişiyev, Markaryan, Qriqoryan, Borşev, Yemelyanovun işi üzrə istintaq müəyyənləşdirib ki, onlar da öz cinayətkar fəaliyyətlərini Beriyanın yaratdığı sui-qəsdçi qrup üçün xarakterik olan metodlarla həyata keçiriblər.
 
Günahsız adamlara qarşı terrorçuluq fəaliyyətini biləvasitə həyata keçirmək üçün Gürcüstanda Beriya, Azərbaycanda isə Bağırov qabaqkı cinayətləri Bağırov tərəfindən ört-basdır edilən, onun tapşırığı ilə Sovet hökümətinə qarşı istənilən cinayəti törətməyə hazır olan şəxsləri XDİK-DİN-DTN orqanlarına qəbul etmişdi...
 
Kommunist partiyasına və Sovet hökümətinə sadiq, namuslu kadrlara divan tutmağı qarşısına məqsəd qoymuş Bağırov və onun əlaltıları günahsız adamların istintaq işini saxtalaşdırırdılar. Bağırov namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam verir, bundan sonra həbs olanlara qarşı zor işlədilir, onlar vəhşicəsinə döyülür, bu yolla da işgəncəyə dözməyən adamlar faktiki olaraq heç vaxt məşğul olmadıqları əks-inqilabi fəaliyyətdə günahkar olduqlarını boyunlarına alır, hələ, üstəlik, digər günahsız adamların da üzünə dururdular...
 
Bu yolla Bağırov və onun əlaltıları öz xəyanətkar əks-inqilabi fəaliyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycanın müxtəlif rayonlarının kolxozçularını, neft buruqlarında, Xəzər gəmiçiliyində çalışan fəalları, Azərbaycanın elm, incəsənət və mədəniyyət xadimlərini əks-inqilabi fəaliyyətdə günahlandırmaq məqsədilə həmin günahsız adamlara qarşı saxtalaşdırılmış cinayət  işi qaldırırdılar. 
Bağırov və əlaltıları günahsız adamları guya ki, Beriyaya, Bağırova, Sumbatov-Topuridzeyə və b. qarşı terrorçuluq aktları hazırlanması barədə yalan ifadələr verməyə məcbur edirdilər. 
 
Bağırov və onun yaxın məsləkdaşları- keçmiş menşevik Sumbatov-Topuridze, eləcə də bu iş üzrə müqəssir hesab edilən Atakişiyev, Markaryan, Qriqoryan, Borşev və Yemelyanov yüzlərlə, minlərlə namuslu adama amansız divan tutulmasına səbəb olmuşlar.
 
Bu yolla əks-inqilabi fəaliyyətdə günahlandırılan, sonra isə qətlə yetirilənlər arasında Azərbaycanın keçmiş MK katibləri Ruhulla Axundov, Əliheydər Qarayev, ZSFSR XKS-nın keçmiş sədri Qəzənfər Musabəyov, sədr müavini Mirzə Davud Hüseynov, Azərbaycanın əkinçilik üzrə keçmiş xalq komissarı Heydər Vəzirov, Azərbaycan xalq komissarları sovetinin keçmiş sədri Dadaş Bünyadzadə, Azərbaycan MİK sədri Sultan Məcid Əfəndiyev, Azərbaycan XKS sədri Hüseyn Rəhmanov, Azərbaycan kommunal təsərüfat üzrə xalq kommisarı Həmid Sultanov, Azərbaycan XKS sədr müavini Xəlilov, Azərbaycan Xalq Maarif komissarı Cuvarlinski, Azərneftin keçmiş rəisi, həbsə alınan zaman Baş Neft trestinin rəisi olmuş Barinov, Xəzər gəmiçiliyi idarəsi siyasi şöbəsinin rəisi Həsən Rəhmanov, Azərbaycan Fövqəladə Komissarlığının keçmiş sədri Baba Əliyev və başqaları da var idi...”
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
Избранный
45
moderator.az

1Источники