RU

Bakı Təşəbbüs Qrupu Frankofoniya Zirvə Görüşündə Azərbaycan əleyhinə səslənən qərəzli ifadələrlə bağlı bəyanat yayıb

Fransanın Villers-Cotterêts və Paris şəhərlərində davam edən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində Fransanın birbaşa dəstəyi ilə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələrin daxil edilməsi ilə bağlı Bakı Təşəbbüs Qrupu bəyanat yayıb.

İnterpress.az xəbər verir ki, bəyanatda deyilir:

“Mədəniyyət profilli qurum olan Beynəlxalq Frankofoniya Təşkilatının ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini, siyasi alət rolunu oynadığını nümayiş etdirir.

Beynəlxalq hüquqa hörmət çərçivəsində dünyada dekolonizasiya prosesinin irəlilədilməsi və (neo) müstəmləkəçiliklə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatınə fransız əsarəti altında olan dənizaşırı ərazilərdə Fransa Hökuməti tərəfindən törədilən cinayətlərə diqqət yetirməsinə çağırış edir”.

Bakı Təşəbbüs Qrupu xatırladıb ki, Kanaki-də (Yeni Kaledoniya) Kanak xalqının hüquq və azadlıqlarının Fransa Hökuməti tərəfindən kobud pozulmasına etiraz əlaməti olaraq keçirilən dinc etiraz aksiyalarına cavab olaraq, 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Aksiyaların 10-a yaxın iştirakçısı siyasi məhbus kimi Fransa metropoliyasının həbsxanalarında təzyiqlərə məruz qalırlar:

“Mao`hi Nui-də (Frans Polineziyasında Fransa hökuməti azadlıq və yerli adət-ənənələrin səsi olan “Tefana Radio”sunu hər vəchlə bağlanmasına çalışır.

Fransa Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsi qadağan edir.

Qeyri-qanuni ilhaq etdiyi Qəmərin Mayot adasında Fransa hökuməti Balladur vizasını tətbiq edir, Mayotun Qəmərin digər qardaş adaları ilə əlaqə saxalamasının qarşısını alır və bununla da, Mayot-un yerli xalqının öz mədəniyyətini, dilini və adət-ənənəsini unutmağa və Fransa mədəniyyətinin qaydaları ilə yaşamağa məcbur edir.

– Fransa hökuməti Fransız Qvianası, Martinik və Qvadelupada assimilyasiya siyasətini tətbiq edərək yerli dilləri ikinci plana atır və aborigen uşaqlara yerli tarixi, coğrafiyasını, mədəniyyətini nəzərə almayan Fransanın tədris sistemi üzrə təhsil almağa məcbur edir.

Bu Fransanın dənizaşırı ərazilərində törətdiyi və bu gün də törətməyə davam etdiyi saysız-hesabsız cinayətlərinin kiçik siyahısıdır.

Fransa keçmiş və indiki müstəmləklərində məqsədli şəkildə milli kimliyin məhv edilməsi siyasəti yürüdür və təssüf ki, böyük ölçüdə buna nail olmuşdur”.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına aşağıdakı çağırışları edib:

“- Beynəlxalq Frankofoniya Təşkilatının baş katibi tərəfindən Fransa Hökumətinin bu cinayətlərini pisləyən bəyanatın verilməsi.

– Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə görüşü zamanı Fransanın törətdiyi cinayətlərlə əlaqədar xüsusi sessiyanın keçirilməsi.

– Fransanın əsarəti altında qalmağa davam edən ərazilərdə törədilən cinayətlərlə əlaqədar xüsusi araşdırma komissiyasının göndərilməsi. Komissiya tərəfindən tərtib ediləcək hesabatın BMT-nin dekolonizasiya üzrə xüsusi komitəsinə təqdim edilməsi. Bakı Təşəbbüs Qrupu ərazilərə göndəriləcək komissiyanın işin öz ekspert dəstəyini verməyə hazırdır.

– Fransa koloniyalarında dövlət orqanlarında, rəsmi yazışmalarda, məhkəmələrdə və s. ictimai yerlərdə fransız dilinin məcburi istifadəsindən imtinaya dair Fransa hökumətinə çağırış etməsi”.

Избранный
4
25
interpress.az

10Источники