RU

ADA Universitetinin Qazax Mərkəzində beynəlxalq konfrans keçirilib - FOTOLAR

Qazax Müəllimlər Seminariyasında/ADA Universitetinin Qazax Mərkəzində “Təhsildə Yeni Çağırışlar: Maarifçilik Ənənəsi və Sürət dövrü” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, ADA Universiteti, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, “T-Network”platforması və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə reallaşıb. 

Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunun davamı olaraq baş tutan bu konfrans Beynəlxalq Müəllimlər Günündə pedaqoji fikrin təşəkkül tapdığı, maarifpərvərlik ənənəsinin təməlinin qoyulduğu Qazaxda yerli və xarici təhsil işçilərini bir araya gətirib.

Tədbir zamanı Seminariyanın tarixi və konfransın məqsədi barədə çıxış edən ADA Universitetinin Strategiya və İnkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Vəfa Kazdal qonaqları təqdim edib. Vəfa Kazdal bildirib ki, elm və təhsil sahəsi texnoloji çevrilişlərin çağırışlarına cavab vermək üçün daim inkişaf edir. Bu səbəbdən də müasir təhsildə öz xidmətləri və düşüncələri ilə seçilən mütəxəssislərin, təhsili önə aparan elm adamlarının xüsusilə də Dünya Təhsil Forumunun direktoru Dominik Savajın Qazaxda keçirilən bu tədbirdə iştirakı əhəmiyyətlidir. Vəfa Kazdal əlavə edib ki, maarifpərvərlərimizin izi ilə gedən ADA Universiteti gələcəkdə daha çox xarici təhsil ekspertini Qazax Müəllimlər Seminariyasına dəvət edəcək, onların təcrübəsindən yararlanacaq.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayıb, müəllimləri təbrik edib və Vəfa Kazdalı təhsildəki fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib. Daha sonra, Dominik Savaj “Qlobal təhsildə mövcud olan problemlər, onların həll yolları” mövzusunda çıxış edib. Süni intellektin təhsil sahəsində tətbiqinə toxunan çıxışçı qeyd edib ki, onun təhsilə inteqrasiyası qaçınılmazdır və süni intellekt müəllimlərin fəaliyyətini dəstəməklə yanaşı, şagirdlərin qiymətləndirilməsi, geridönüş alma prosesini sürətləndirir. Beynəlxalq Musiqi şurasının rəhbəri, Musiqişünas Nigar Axundova çıxışında ümumi təhsil sisteminə mədəniyyətin inteqrasiyasından bəhs edib, kulturalogiya, musiqişünaslıq və ədəbiyyatın cəmiyyətin mədəni inkişafına təsirinə toxunub.

Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmməd müəllimlik məsləyinin əsas mahiyyətinə toxunub. Bu peşəni icra edənlərin missiya sahibləri olduğunu və onların yetişdirdiyi vətəndaşlarla nümunə göstərdiyini vurğulayıb.  ADA Universitetinin ibtidai məktəb anlayışına da yenilik gətirməyi hədəflədiyini deyən Qalib Məmməd bu yaxınlarda, cəmi 2 ay yarım kimi qısa müddətdə yeni bir məktəbin-ADA İbtidai Məktəbinin əsasını qoyduğunu diqqətə çatdırıb.

Tədbir panel müzakirələrlə davam edib.

ADA Universitetinin Strategiya və İnstitusional tədqiqatlar üzrə direktoru Abbas Abbasovun moderatorluğu ilə baş tutan paneldə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova, Xarici dillər, və Mədəniyyət departamentinin direktoru Arzu Məmmədova və İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin baş müəllimi Orxan Kərimzadə müasir inkişaf dövründə təhsildəki çağırışlardan bəhs ediblər.

Tədbir zamanı həm də “Bir Müəllimin Manifesti” təhsil proqramının 2023-cü il üzrə 21 məzununa diplomları və Firudin Bəy Köçərli adına “Seminarist” nişanı təqdim edilib.

Həmçinin Təhsil İnstitutunun aparıcı elmi işçi Zəhra Muradovanın “Zülmətdə parlayan ziya” kitabı barədə müzakirə də baş tutub.

Избранный
6
50
unikal.az

10Источники