RU

Qarabağ və Şərqi Zəngəzur “yaşıl” enerji ilə nurlanır

Bu gün Qarabağ və Şərqi Zəngəzur xalis sıfır karbon emissiyalı regiona çevrilir və elektrik enerjisi tələbatı tam həcmdə “yaşıl” enerji hesabına gerçəkləşdirilir. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

“AzərEnerji” ASC-dən aldığımız məlumata əsasən, Kəlbəcər rayonunda 4,3 meqavatlıq “Zar”, Göygöl rayonunda 4,1 meqavatlıq “Toğanalı” kiçik su elektrik stansiyaları (KSES) cəmi bir il ərzində tikilib. İnnovativ mühəndislik işi sayılan bu stansiyaların maşın zallarında Avropa istehsalı olan turbin, generator və məsafədən idarəetmə üçün rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyalar 24 damarlı fiber-optik kabel xətləri ilə ölkənin mərkəzləşmiş optik kabel şəbəkəsinə və SCADA sisteminə inteqrasiya olunub.

Adları çəkilən elektrik stansiyalarını su ilə təchiz etmək üçün Zar və Kürəkçay çayları üzərində ekoloji normalar daxilində baş suqəbuledici qurğular inşa edilib. Bu məqsədlə çaylarda yaşayan canlıların, ümumilikdə, flora və faunanın qorunmasını təmin etmək üçün xüsusi hidrotexniki qurğular tikilib. Ümumilikdə hər iki stansiya üçün çətin relyefdə 14 min metr derivasiya boruları çəkilib və çay ekosisteminin qorunmasına xüsusi önəm verilib.

“Zar” və “Toğanalı” KSES-lərdə, ümumilikdə, 25 milyon kilovat-saatadək “yaşıl” enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

“Zar” və “Toğanalı” stansiyalarının istismara verilməsi enerjisistemdə “yaşıl” enerjinin davamlı artırılması missiyasına töhfə olmaqla yanaşı, ekoloji davamlılıq məqsədinin gerçəkləşməsində mühüm əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regionlara çevrilməsi, “yaşıl” enerji istehsalının tam şəkildə təmin edilməsi və artıq qalan enerjinin ölkə enerjisisteminə ötürülməsi Azərbaycanın regional enerji müstəqilliyini gücləndirir və ətraf mühitin qorunmasına müsbət təsir göstərir. Bu, həm də ölkənin enerji istehsalında dayanıqlılıq və ekoloji davamlılıq məqsədinə atılan önəmli bir addımdır.

Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri “yaşıl” enerji zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə etmək barədə tapşırıqlarına əsasən “AzərEnerji” ASC ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının tikintisinə başlayıb. Bu su elektrik stansiyalarının 2025-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulub.

Həmin stansiyalarda, ümumilikdə, 110 milyon kVts-dan çox elektrik enerjisi istehsal ediləcək ki, nəticədə 24 milyon kubmetrdən çox təbii qaza qənaət olunacaq, həmçinin 44 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib və bu günədək 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb.

Prezident İlham Əliyevin regionun yaşıl enerji zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə “yaşıl” enerji hesabına təmin edilib.

Qeyd edək ki, regiondakı su elektrik stansiyalarının (SES) qoyuluş gücü 500 MVt-a, illik istehsal həcmi isə 1,5-1,8 milyard kilovat-saata çatacağı, bununla da 350-400 milyon kubmetr təbii qaza qənaət edilməsi, 650-750 min ton həcmində karbon dioksid emissiyasının azalması proqnozlaşdırılır. Müqayisə üçün bildirək ki, Azərbaycanın digər regionlarında SES-lərin illik istehsalı, təqribən, 1,2 milyard kilovat-saat təşkil edirsə, Qarabağ və Şərqi Zəngəzurda bu həcm 50 faiz daha çoxdur.

“AzərEnerji”dən bildirildiyinə görə, 2028-ci ilə qədər günəş və külək elektrik stansiyalarının gücünün 1850 meqavata çatdırılması planlaşdırılır. Bu isə enerjisistemdə “yaşıl” enerji istehlakının ilin fəsillərinə uyğun olaraq bəzi hallarda 30-60 faizə çatması deməkdir. Yeri gəlmişkən, günəş, eləcə də külək elektrk stansiyalarında istehsalın sırf təbii amillərlə, yəni havanın günəşli və ya küləkli olub-olmaması ilə bağlılığı nəzərə alınsa, o zaman 1850 meqavatlıq bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası dayanıqlıq və etibarlılıq baxımından mühüm önəm daşıyır.

Gələcəkdə enerjisistemdə kataklizmlərin yaranmaması üçün indidən “AzərEnerji” ABŞ və Türkiyə beynəlxalq texniki məsləhətçi şirkətlərinin təhlilləri əsasında 1850 meqavat “yaşıl” enerjinin enerjisistemə inteqrasiyası ilə əlaqədar kompleks tədbirlər həyata keçirir. Hazırda ənənəvi elektrik stansiyalarının tənzimləmə sistemlərinin optimallaşdırılması ilə tezliyin avtomatik tənzimlənməsində iştirak üçün nəzərdə tutulmuş işlərlə yanaşı, “Azərenerji”nin istifadə etdiyi SCADA sistemində də yenilənmələr aparılır. Bu məqsədlə yerli kadrların hazırlanması üçün xarici mütəxəssislər dəvət edilir, xüsusi kurslar təşkil olunur. Eyni zamanda, “SİEMENS”, “General Electric”, “MİTSUBİSHİ”, “Wartsila” və “EMERSON” şirkətləri ilə birlikdə “Sumqayıt”, “Cənub”, “Şimal” və “Qobu” elektrik stansiyalarında tələb olunan tədbirlər icra edilir. WAMS/WACS tətbiqi ilə monitorinq və nəzarət sistemləri gücləndirilir.

 

Избранный
83
xalqqazeti.az

1Источники