RU

Vidadi Əhmədovun 70 illik yubileyi qeyd olundu

Bu gün Tovuz şəhər stadionunda “Turan” PFK-nın təsisçisi və ilk prezidenti Vidadi Əhmədovun 70 illik yubileyi qeyd olunub.

Arena.az xəbər verir ki, tədbirdə “Turan Tovuz” PFK-nın rəhbər və işçi heyəti, rayon içtimaiyyəti, veteran futbolçular və akademiya məşqçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev sözlərinə “keçmişinə sahib çıxmayanların gələcəyi də olmaz” ifadəsi ilə başlayaraq Vidadi Əhmədovun ölkə futboluna verdiyi töhfələr və onun yaratdığı “Turan”ın ölkə futbolunun inkişafında müstəsna xidmətinin olması haqda danışıb. O, Vidadi Əhmədovu 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, veteran futbolçu Nizami Sadıqov, klubun idarə heyətinin üzvü Yaşar Sultanov da öz növbələrində yubilyarı təbrik ediblər.

Sonda çıxış edən Vidadi Əhmədov klubun əmin əllərdə olduğunu qeyd edərək, tədbir iştirakçılarına təşəkkürünü bildirib. Klubun rəhbəri tərəfindən Vidadi Əhmədova xatirə hədiyyəsi təqdim edilib.

Bu gün keçirilən Azərbaycan Premyer Liqasının 9-cu turunun “Turan Tovuz” – “Zirə” oyunundan öncə isə Vidadi Əhmədova 70 illik yubileyi münasibəti ilə xatirə hədiyyəsi təqdim olunub. Ehtiram Quliyev Vidadi Əhmədovu tovuzlu azarkeşlərin qarşısında da yubiley münasibəti ilə təbrik edib. Klub prezidenti yubilara “Turan Tovuz”un 70 nömrəli formasını təqdim edib.

Избранный
49
1
arena.az

4Источники