RU

Hikmət Barutçugilin iştirakı ilə Ebru sənətinə dair ustad dərsi təşkil olunub

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Hikmət Barutçugilin Ebru sənəti mövzusunda ustad dərsi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ebru sənəti ilə bağlı müxtəlif əsərlərə dair videoçarx nümayiş etdirilib. Videoçarxda Ebru sənətində istifadə olunan materiallar və texnikaların detallarına toxunulub.

Tədbirdə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Ebru sənətinin əhəmiyyətini vurğulayaraq bu sənətin həm gözəllik, həm də yaradıcılıq baxımından dəyərli olduğunu qeyd edib. O, gənc nəslin bu sənəti öyrənmələrinin vacibliyini bildirib. Əlavə edib ki, Hikmət Barutçugil Məhəmməd Füzulinin “Su qəsidəsi” əsərini Ebru sənətində canlandırıb və bu, böyük maraqla qarşılanır.

Ustad Hikmət Barutçugil isə Ebru sənətinin tarixi, texnikası və əhəmiyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, bu sənətin özünəməxsus xüsusiyyətləri var. O, Ebru sənətinin yaradılması prosesini və bu sənətin inkişaf mərhələlərini izah edib.

Tədbir iştirakçıları bu sənətin forması ilə bağlı daha çox bilgi əldə ediblər. Onlar Ebru sənətinin füsunkar gözəlliyini kəşf edərək gənc nəsil arasında bu sənətin tanıdılması və yayılması üçün əvəzsiz imkanların olduğundan məmnunluqlarını ifadə ediblər.

Ustad dərsi sual-cavab formatında davam etdirilib.

Избранный
23
azertag.az

1Источники