RU

Dövlət başçısının sərəncamı ilə İkinci Ordu Korpusunun komandanı, general-leytenant Mayis Bərxudarov ehtiyata göndərilib.

Bir sıra hökumətyönlü KİV-lər bu barədə məlumat dərc ediblər. Müdafiə Nazirliyi bu məlumatları şərh etmir.

Öz növbəsində, hərbi mənbələr Bərxudarovun vəzifədən azad edilməsi faktını Turan Agentliyinə təsdiq ediblər.

Elə həmin mənbələr bildiriblər ki, gənc generalın (48 yaş) və İkinci Qarabağ Müharibəsi qəhrəmanının vəzifədən azad edilməsinin səbəbi onun qalmaqallı "Tərtər işi"ndə hərbiçilərin hüquqlarının kütləvi şəkildə pozulmasında iştirakıdır.

* 2017-ci ilin may ayında Müdafiə Nazirliyi, DİN, Baş Prokurorluq və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan SQ-nin hərbi qulluqçularının Ermənistanın xeyrinə casusluq ittihamı ilə saxlanıldığı haqqında məlumat yayıblar.

2019-cu ildə məlum olub ki, təqsirləndirilən şəxslərə qarşı kütləvi işgəncə tətbiq olunub və onlardan zorla etiraf alınıb.

Tərtər, Ağdam, Beyləqan və digər istiqamətlərdə xidmət edən yüzlərlə əsgər və zabit zərər çəkib. Bu dindirmələr zamanı 9 nəfər işgəncələr nəticəsində ölüb, 25 nəfər uzunmüddətli həbs cəzalarına məhkum edilib.

Zərərçəkmişlərin ailə üzvlərinin çoxsaylı və kütləvi etirazlarından sonra hakimiyyət işə yenidən baxmaq məcburiyyətində qalıb.

Yalnız 2021-ci ildə ölkənin hərbi prokuroru Xanlar Vəliyev  kütləvi işgəncələrin olduğunu etiraf edib və cinayət işi açıldığını bildirib. Elə həmin ilin dekabr ayında Baş Prokurorluq, DİN və Dövlət Təhlükəsizliyi Xidməti işgəncələrin və cinayətlərin mövcudluğunu etiraf edib və yeni təhqiqat başladıb. Araşdırmalar zamanı zərərçəkmişlər uydurma casusluq ittihamlarının və işgəncələrin təşəbbüskarı kimi generallar Hikmət Həsənovun (daha əvvəl vəzifədən azad edilib), Mais Bərxudarovun, həmçinin Müdafiə Nazirliyinin digər yüksək vəzifəli zabitlərinin adlarını çəkiblər.

2022-ci ildə baş prokuror "Tərtər işi"nin qurbanları siyahısındakı 19 məhkum barəsində hökmlərə yenidən baxılması və onlara qarşı ittihamların ləğv olunması haqqında təkliflə Ali Məhkəmənin Plenumuna müraciət edib.

Eyni zamanda işgəncələrdə və təqsirsiz hərbiçilərə qarşı qanunsuz əməllərdə iştirak edən bir sıra zabitlər həbs edilib və azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Избранный
9
turan.az

1Источники