Avropa İttifaqı (Aİ) Çin elektromobillərinə əlavə gömrük rüsumları tətbiq etdikdən sonra Pekin hökumətinin necə cavab verəcəyi maraq doğurur.

İndex.az xəbər verir ki, ötən həftə Avropa Parlamentində Çindən gətirilən avtomobillərə 45%-dək əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Pekin hökuməti əvvəlcə Aİ-ni idxal edilən nəqliyyat vasitələrinə əlavə vergilər tətbiq edəcəyi ilə hədələsə də, sonradan sadəcə Aİ-dən idxal edilən donuz əti və əlavə məhsullar üçün dempinq araşdırması başlatdı.

Aİ-nin qərarını 10 üzv ölkə bəyəndiyi halda, 5 ölkə buna qarşı çıxıb. 12 ölkə isə bitərəf qalıb.

Çin Ticarət Nazirliyi səsvermədən sonra verdiyi açıqlamada əlavə gömrük tariflərinin Avropaya sərmayə yatıran Çin müəssisələrinin etibarına xələl gətirəcəyini bildirib.

Buna görə də, şirkətlərin maraqlarını qorumaq üçün hər cür tədbirin görüləcəyi bildirilib.

Asiyada yerləşən “Hinrich Vəqfi”ndən Deborah Elms, qərara “hə” deyən ölkələrə Çinli investorlar tərəfindən daha az yatırım ediləcəyini ifadə edərək, qərara yox deyən ölkələrin isə Çindən daha çox investisiya alacağını bildirib.