RU

Ukrayna arxa plana keçir: Qərb Kiyevi Yaxın Şərqə qurban verir?

"Yaxın Şərqdəki müharibə fonunda Ukrayna savaşı Qərb üçün əhəmiyyətinə görə, arxa plana keçir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Yaxın Şərqdə həddən artıq gərginləşən vəziyyətin Ukrayna savaşına təsirindən danışarkən deyib.

"ABŞ-ın İsrailə göstərdiyi yardım Ukraynaya edilən yardımdan dəfələrlə çoxdur. Qərb Ukraynaya göstərdiyi yardımları mütəmadi olaraq azaldır. Rusiyanın belə vəziyyətdə Ukraynaya qarşı müharibədə əl-qolu daha çox açılır. Çünki Qərbin bütün diqqəti Yaxın Şərqdə cərəyan edən müharibəyə yönəlib. Düzdür, Qərb Ukrayna savaşını da yaddan çıxarmayacaq. Amma öz əhəmiyyətinə görə bu müharibə arxa plana, kölgəyə keçəcək. Nəticədə mövcud vəziyyət Ukrayna üçün yaxşı heç nə vəd etməyəcək. Kiyevin müharibə meydanında uğursuzluqlarının artdığını görürük", deyə Zərdüşt Əlizadə bildirib.
 


Ekspert qeyd edib ki, ABŞ-ın məqsədi heç də Rusiyaya qalib gəlmək deyil:

"Onun məqsədi Ukrayna və Rusiyanı bir-birinə barışmaz düşmən etmək və hər ikisini zəiflətməklə güclü birliyin yaranmasınn qarşısını almaq idi ki, buna da artıq nail olub. Kiyevlə Moskva barışmaz düşməndir və müharibəni davam etdirməklə bir-birilərini gücdən salırlar". 

Qeyd edək ki, İsrailin "Hizbullah"a qarşı Livanda hücuma keçməsi fonunda Yaxın Şərqdə mövcud olan gərginlik daha da kəskinləşib. İranın İsrailə endirdiyi raket zərbələri də bu gərginliyi pik həddinə çatdırıb. Regionda daha geniş miqyaslı savaşın başlanması təhlükəsi daha da artıb. 

ABŞ başda olmaqla kollektiv Qərbin bu səbəbdən hazırda əsas diqqəti də məhz Yaxın Şərqə yönəlib. Belə vəziyyətdə isə Qərb üçün Ukrayna savaşı ən azından ikinci plana keçə bilər. Nəticədə Qərbin Ukraynaya münasibətdə diqqətinin azalacağı da istisna deyil.

Rüfət Sultan
Избранный
3
qaynarinfo.az

1Источники