RU

Yaxın Şərqin 1 il 1 günü...

50 il 1 gündən sonra başlayan müharibə

Hər şey 2023-cü ilin oktyabrın 7-də 6:30-da, tarixi ərəb-İsrail müharibəsi olan “Yom Kippur müharibəsinin” başlamasının 50-ci ilinin ertəsi günü, şənbə günü və yəhudilərin “Simchat Tövrat” (Tövrat ilə sevinmək) bayramı günü başladı. Artıq 1 il bir gün ötən İsrail - HƏMAS müharibəsinin əsası belə qoyuldu. HƏMAS-ın nəzarətində olan Qəzza zolağından İsrailə 2,5 mindən 5 minə qədər raket atıldı. 2500-dən çox silahlı HƏMAS üzvü isə qurudan, dənizdən və havadan İsrail ərazisinə daxil olmaq istədi. Qarşıdurmanın ilkin mərhələsində 1200 israilli qətlə yetirildi - onların arasında 364 nəfər şəxs musiqi festivalı iştirakçısı idi. Daha 253 nəfər girov götürüldü.

Bu yalnız müharibənin başlandığı gün idi. Qarşıda isə İsraili, Qəzzanı, Fələstini, Yəməni, Livanı, Suriyanı və hətta İranı belə bu və ya digər şəkildə əhatə edəcək ağır bir il dayanırdı...

Hər iki tərəf səfərbər oldu...

İsrailin cavabı özünü çox gözlətmədi - HƏMAS-ın İsrailin sərhəd bölgələrinə hücumundan qısa müddət sonra Təl-Əviv “Dəmir Qılınclar” adlı antiterror əməliyyatına başladığını elan etdi. İsrailin hərbi-siyasi rəhbərliyi hərbi vəziyyətin tətbiqi mənasını verən və 1973-cü ildən Yom Kippur müharibəsindən sonra tətbiq olunmayan “40 Aleph” adlı xüsusi bənd təqdim etdi. Ehtiyatda olanların səfərbərliyi elan edildi: 48 saat ərzində 300 min nəfər hərbi xidmətə çağırıldı və daha 360 min ehtiyatda olan əsgərlərin çağırılması haqqında qərar verildi.

Cəmisi iki gün sonra, yəni oktyabrın 9-u axşam saatlarında İsrail ordusu bütün yaşayış məntəqələrinin və obyektlərin HƏMAS yaraqlılarından azad edildiyini elan etdi - 10 oktyabrda artıq Qəzza ilə sərhəd nəzarət altına alınmışdı.

HƏMAS-a kütləvi zərbələr isə hücumdan dərhal sonra - oktyabrın 7-dən başlamışdı. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə və ayrı-ayrı silahlı qruplara kütləvi zərbələr endirdi və oktyabrın 9-na kimi 500-dən çox belə obyekt məhv edildi. Oktyabrın 9-dan 10-na keçən gecə ordu tərəfindən Qəzzadakı hədəflərə daha 200-dən çox zərbə endirildi. HƏMAS-ın buna qarşılıq olaraq verdiyi bəyanat isə belə idi: İsrailin hər hava hücumuna cavab olaraq bir israilli girovu edam edəcəklər. Qısa müddət sonra artıq HƏMAS-dan atəşkəslə bağlı anonslar səslənməyə başladı.

41 min 870 nəfər həyatını itirib...

Müharibədən cəmisi ay yarım sonra, noyabrın 21-də İsrail və HƏMAS atəşkəs elan etsə də, münaqişə ayrı-ayrı epizodlar üzrə davam edirdi. Ötən bir ildə baş verənləri miqyasına görə sıralasaq, ən dəhşətli faciələrdən biri müharibənin ilk günlərində Qəzza zolağında yerləşən Əl-Əhli Baptist xəstəxanasının raketlə vurulması oldu. Həmin ilin sentyabrında olduğu kimi, bu dəfə də məsuliyyəti hər iki tərəf biri digərinin üzərinə yıxmağa çalışdı - nəticə isə həqiqətən faciəvi idi: hadisə nəticəsində 800-1000 nəfərin öldüyü açıqlandı.

Ötən ilin oktyabrında yaddaqalan məqamlardan biri isə oktyabrın 24-də Qəzzada yerləşən HƏMAS obyektlərindən 400-nə zərbə endirilməsi oldu. ÇAXAL-ın verdiyi açıqlamada HƏMAS-ın hərbi nöqtələrinin vurulduğu bəyan edilsə də, Fələstinin səhiyyə nazirliyi 700-dən artıq fələstinlinin qətlə yetirildiyini bəyan etdi.

Noyabrda isə İsrail ordusu quru əməliyyatı başlayandan bəri HƏMAS-ın 11 nəzarət punktunu ələ keçirdiyini bəyan etdi. 3300 quru hədəfi İD-nin döyüş təyyarələrinin zərbələri ilə məhv edilmişdi. İki ay ərzində Qəzzada 12 xəstəxana, 32 kiçik tutumlu klinika fəaliyyətini dayandırmışdı.

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində ötən 1 ildə Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 870 nəfər təşkil edir. Ümumilikdə isə münaqişədən 97 166 insan zərər çəkib.

Qəzzada başladı, Livanda davam etdi...

Sonradan müharibə səngisə də, bu ilin əvvəlindən döyüşlər yenidən start götürdü. Yanvar ayında İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağının şimal hissəsində intensiv hərbi əməliyyatların ilk mərhələsinin başa çatdığını açıqladı - onun sözlərinə görə, indi döyüşlər yeni mərhələyə keçirdi və “daha dəqiq” xarakter daşıyacaqdı. Paralel olaraq müharibənin əhatə dairəsi genişlənirdi - paralel olaraq Qəzza ilə eyni vaxtda Livanla İsrail arasında gərginliklər başlamışdı. 2023-cü ilin 10 oktyabrında isə İsrail həm də Suriyaya bir neçə bomba atmışdı. Noyabrın 9-da Suriyadan buraxılan kamikadze PUA (ehtimal ki, Sammad-3) Eylatdakı Tzeelim məktəbinin binasına düşdü. Noyabrın 10-da İsrail ordusu Suriya ərazisinə cavab raket zərbəsi endirdi.

Bu ilin iyulun 27-si axşam saatlarında isə Livandan İsrailin şimalı raket atəşinə tutuldu. Raketlərdən biri həmin vaxt uşaqların olduğu Məcdəl Şəmsdəki (Colan yüksəkliyi) futbol meydançasında partladı. Nəticədə 15 nəfər həlak oldu, bir neçə adam yaralandı. İsrail hökuməti baş verən hücumda “Hizbullah” hərəkatını günahlandıraraq, bu aktı sərt şəkildə cavablandırdı. Düzdür, “Hizbullah” hücumda iştirakını inkar etsə də, ilkin rəy atılan raketlərin məhz təşkilat tərəfindən yönləndirildiyi şəklindədir. Hücumdan dərhal sonra İsrail Xarici İşlər Nazirliyinin məlumat yayaraq Colandakı insidentin bütün qırmızı xətləri keçdiyini vurğuladı. ABŞ-da səfərdə olan İsrailin Baş naziri Netanyahu İsrailə qayıtdı.

Beləliklə, HƏMAS-la davam edən müharibə yeni mərhələyə və yeni coğrafiyaya transfer olundu. Artıq Həm Hizbullah həm də HƏMAS açıq döyüşlərə start vermişdi. Bu ilin avqustun 30-da HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Tehranda öldürüldü - İsmayıl Haniyə yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün İrana səfər etmişdi. O, gecə saatlarında evində raket hücumu nəticəsində öldürüldü. Qeyd edək ki, İsmayıl Haniyə ötən dövr ərzində öldürülən 5-ci Həmas lideri idi.

Ardından isə Livanda “peycer” partlaması baş verdi - qurğuların partlaması nəticəsində İranın Beyrutdakı səfiri Müctəba Əmani yaralandı. Sentyabrın sonunda isə İsrail ordusunun Livanın paytaxtı Beyrut şəhərinin cənub məhəllələrini bombalaması nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullah öldürüldü. Bombalanma nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşan, “Hizbullah”ın kəşfiyyat rəisi Həsən Xəlil Yasin, Cənub Cəbhəsinin komandanı Əli Karaki, Hizbullahın Preventiv Təhlükəsizlik Bölməsinin komandiri və İcra Şurasının üzvü Nabil Kauk, Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi İbrahim Huseyn Cazini, Həsən Nəsrullahın məsləhətçisi Samir Taufik Diab, “Hizbullah”ın qüvvələrinin formalaşdırılmasına məsul şəxs Abd al-Amir Məhəmməd Siblini, “Hizbullah”ın atəş gücünə məsul şəxs Ali Navaf Ayub də həyatını itirdi. Qəzza müharibəsinin yeni fazasında HƏMAS yenə də yaddan çıxmadı - Livanda ölənlər arasında HƏMAS-ın komandirlərindən Şərif Əbu əl-Əmin hava hücum nəticəsində öldürüldü.

Beynəlxalq münasibət: hər kəs atəşkəs çağırışı edir...

Beynəlxalq təşkilatların məsələ ilə bağlı münasibəti isə münaqişənin bitirilməsi, danışıqların başlanılması yönündədir. Konkret olaraq BMT hərbi əməliyyatların dayandırılması, girovların azad edilməsi, İsrailin hərəkətləri ilə bağlı araşdırmaların başlanılması, mülki şəxslərin, xüsusilə həssas qrupların müdafiəsi, humanitar yardım sektoruna təchizatın artırılması, Fələstin-İsrail münaqişəsinin “iki dövlət” prinsipi əsasında həll edilməsi kimi çağırışlar edir.

Əməliyyat başlayandan sonra isə Qərb ölkələrindən bir sıra yüksək vəzifəli dövlət xadimləri İsrailə həmrəylik səfərləri təşkil etdi - Almaniya kansleri Olaf Şoltz, ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Niderlandın o zamankı baş naziri, hazırda NATO-nun Baş katibi olan Mark Rutte, Çex Respublikasının Baş naziri Petr Fiala, Avstriyanın Federal Kansleri Karl Nehammer, Fransa prezidenti Emmanuel Makron və başqaları Təl-Əivi ziyarət edənlər arasında idi. Paralel olaraq İsrailin ABŞ-dan əlavə hərbi yardım istəyi yerinə yetirildi. 2023-cü il oktyabrın 8-i axşam ABŞ prezidenti Co Bayden İsrailə əlavə yardım əmri verdi və ilk yükün göndərildiyi elan edildi. Bu arada, Birləşmiş Ştatlar Aralıq dənizinin şərqinə - İsrailə daha yaxın olan əraziyə təyyarədaşıyan gəmisini (dəniz zərbə qrupunun xidmətinə) göndərdi. Oktyabrın 19-da USS Laboon (DDG 58) esminesi Qırmızı dənizdəki ABŞ Hərbi Dəniz Qüvvələri qrupuna qoşuldu.

Oktyabrın 12-də isə Almaniya İsrailə 2 böyük çoxməqsədli Heron TP İHA təqdim etdi - Olaf Şoltz dərhal atəşkəs və ya uzun fasilə çağırışları doğru hesab etmədiyini bildirdi, bunu HƏMAS-ın yenidən qurulmasına və yeni raketlər əldə etməsinə icazə kimi dəyərləndirdi. İsraili isə lazım olan yardımın Qəzza zolağına çatması və xarici vətəndaşların ölkəni tərk edə bilməsi üçün “humanitar fasilə” verməyə çağırdı.

2023-cü ilin noyabrın 11-jdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda vəliəhd şahzadə və baş nazir Məhəmməd bin Salman Əl Səudun sədrliyi ilə fövqəladə Ərəb-İslam zirvəsi çağırıldı. Yığıncağın səbəbi Qəzza zolağında müharibənin başlaması idi - toplakntı iştirakçıları tərəfləri atəşkəsə çabırdı. 2023-cü il oktyabrın 18-də isə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü ilə Baş Katibliyin Səudiyyə Ərəbistanında yerləşən Ciddə şəhərindəki mənzil-qərargahında İslam Zirvə Konfransının IX fövqəladə sessiyası təşkil olundu. Mövzu və praktik çağırış eyni idi - tərəfləri anlaşmağa dəvət edirdilər.

Müharibənin arealı genişlənir...

Amma görünən budur ki, Qəzza zolağındakı müharibə ilə bağlanan Yaxın və Orta Şərqdəki gərginliklər hələ nəticələnmir - əksinə, bu gün daha böyük coğrafiyanı əhatə edir. Artıq potensial olaraq bir sıra Şərq ölkələri, müsəlman dövlətləri anti-İsrail bəyanatlarını daha da kəskinləşdiriblər. Bu isə emosiyaların daha qabarıq şəkildə üzə çıxmasını şərtləndirir...

P.İSMAYILOV

Избранный
15
yeniazerbaycan.com

1Источники