RU

Azərbaycanın 400 milyonluq müsəlman istehlak bazarına çıxışı var

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi qurum çərçivəsində həmrəyliyin gücləndirilməsinə və əməkdaşlığın inkişafına önəm verir.

Bunu Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda çıxış edərkən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi İli elan edilməsi də müsəlman ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığımıza mühüm töhfə verib.

"Neft-qaz sənayesi uzun müddət ölkə iqtisadiyyatının əsas istiqamətini təşkil edib. Hazırda isə Azərbaycan öz qeyri-neft iqtisadiyyatını uğurla şaxələndirir və inkişaf etdirir. Ölkədə qeyri-neft-qaz sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrə önəmli investisiyalar yatırılır, aqrar sektoru dəstəkləmək üçün böyük subsidiyalar verilir. Həmçinin yaşıl və dayanıqlı iqtisadiyyatın inkişafı üçün məqsədyönlü tədbirlər reallaşdırılır",- Səməd Bəşirli qeyd edib.

S.Bəşirli bildirib ki, işğaldan azad edilmiş torpaqların ölkə iqtisadiyyatına reinteqrasiyası daha səmərəli regional və beynəlxalq tranzit xətlərinin inkişafı, əlverişli biznes və investisiya əməkdaşlığı üçün əlavə imkanlar yaradır.

Nazir müavini bildirib ki, ümumilikdə, ölkənin beynəlxalq nəqliyyat qovşaqlarında və ticarət yollarında yerləşməsi 400 milyonluq müsəlman istehlak bazarına çıxışı təmin edir.

"Azərbaycanın 10 dövlətlə ikitərəfli sərbəst ticarət sazişləri, Türkiyə ilə Preferensial Ticarət Sazişi mövcuddur ki, bu da ixracatçılar üçün bir sıra imtiyazlar təqdim edir. Pakistanla da Preferensial Ticarət Sazişinin tətbiqi ilə bağlı işlər görülür",- nazir müavini əlavə edib.

Избранный
24
vergiler.az

1Источники