RU

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir

Rusiya yeni bir məsələ ilə yenidən gündəmə gəlir. O, Azərbaycanda yeni diplomatik nümayəndəlik açmaq məsələsində israr edir. Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib ki, hazırda Azərbaycanın ərazisində, o cümlədən Qarabağda ölkənin yeni nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə müzakirə olunur. O qeyd edib ki, Azərbaycan tərəfi ilə müvafiq müqavilələr bağlandığından sonra konsulluq idarəsi bununla bağlı əməli addımların atılmasına cəlb olunacaq.

Xatırladaq ki, Rusiya əvvəl də Qarabağda nümayəndəlik açmaq istədiklərini bəyan edib. Deputat Hikmət Babaoğlu isə yerli KİV-ə açıqlamasında bildirib ki, konsulluq xidməti xüsusi diplomatik qaydada xidmət göstərən ayrıca diplomatik xidmət formasıdır. Bu xidməti də zəruri edən şərtlər olmalıdır. Hazırkı mərhələdə Rusiyanın Azərbaycanın ərazisində əlavə yeni konsulluq xidmətlərini zəruri edən şərtlər və regionlar yoxdur. İndiki mərhələdə bu, sadəcə birtərəfli mövqedir, Rusiyanın mövqeyidir. Azərbaycanın bu məsələyə münasibəti olmadan təhlil aparmaq doğru olmaz. Amma şübhəsiz ki, belə bir xidmət açılacaqsa, bunun səbəbləri əsaslandırılacaq.

Bəs Rusiyanın bu istəyinin əsas səbəbi nədir? Niyə Rusiya bu qədər israr edir? Konsulluq açılsa, bu nə ilə nəticələnə bilər?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Elman Vəliyevin sözlərinə görə Rusiyanın əsas məqsədi Azərbaycanı əldən verməməkdir.

“Qarabağda konsulluq açmaq niyyəti də bundan qaynaqlanır. Bilir ki, bunu etməsə həmin bölgəyə digər maraq qüvvələri gələcək. Hazırda Cənubi Qafqazda Azərbaycan ilə Rusiya yaxın təmasdadır. Rusiyaya əleyhdar qruplar onun bütün dayaqlarını əlindən almağa, Ermənistanı və Gürcüstanı bu yolla aparmağa çalışırlar. Azərbaycan üçün ən optimal variant isə balansı qorumaqdır. Ağıllı siyasətin gücü də budur elə. Rusiya ilə hazırda vəziyyəti gərginləşdirmək ziyandan başqa heç nə verməz, amma bu o demək deyil ki, Rusiya nə desə o olmalıdır. Balans siyasəti də məhz buna görə var”.

Politoloq deyir ki, kiçik aktorlar üçün ən uyğun punkt həm Rusiya, həm də Qərblə əməkdaşlıq etməkdir. Rusiyanın diplomatik mövcudluğunu genişləndirmək istəyinin maneəsi digər qrupların istəklərinə şərait yaratmaqdır. Yəni həm Türkiyənin, həm Qərbin, həm ABŞ-nin diplomatik mexanizmləri ilə əlbir olmaqdır. Təkmövqeli siyasət yürütmək hazırda doğru deyil. Gözləmə mövqeyi lazımdır ki, yanlış addım atmayaq.

"Rusiyanın konsulluq açmaq istəyi normaldır. Çünki Azərbaycanın da Rusiyanın ərazisində bir neçə konsulluq xidməti mövcuddur".

Bu sözləri isə saytımıza açıqlamasında REAL partiyasının sədri Natiq Cəfərli deyib.

Müsahibimizin sözlərinə görə, Rusiyanın ərazisi həddindən artıq genişdir. Rusiyada yaşayan azərbaycanlıların sayını nəzərə alsaq, konsulluq xidmətinin müxtəlif şəhərlərdə açılmasının bir məntiqi olduğunu görərik. Azərbaycan isə ərazi olaraq çox kiçik ölkədir və ərazimizi nəzərə alsaq, Bakıdakı səfirlik, həm də konsulluq fəaliyyətini yerinə yetirmək üçün kifayət edir. Rusiyanın israrla Qarabağda konsulluq xidməti açması isə anlaşılan deyil. Hətta hökumət bununla bağlı rəsmi sorğu göndərməlidir ki, bu israrın və istəyin səbəbi nədir?

"Rusiyanın burada gizli planları mövcud ola bilər. Çünki Qarabağdan könüllü şəkildə köç edən erməni əhalisinin bir qismində Rusiya pasportları var, sayları isə müxtəlifdir. Bəziləri 10 min, bəziləri isə 25 min olduğunu deyir. Xankəndi və ya Qarabağda konsulluq xidmətinin açılması sonradan Rusiyaya bir fürsət verə bilər ki, həmin bölgələrdən köç etmiş ermənilər Rusiya vətəndaşı olduqları üçün onların hüquqlarının qorunması ilə bağlı Rusiya müəyyən həmlələr həyata keçirə bilər. Bunu mütləq nəzərə almaq lazımdır. Konsulluq xidməti istəyirlərsə, gəlsinlər Gəncədə, Sumqayıtda, Şəkidə açsınlar. Sırf Qarabağı hədəf götürüblərsə, burada səbəblər olmalıdır".

Digər müsahibimiz politoloq Xəqani Cəfərli deyir ki, Rusiyanın Azərbaycanda, xüsusilə də Qarabağda yeni nümayəndəliklərinin açmaqda israr etməsi Moskvanın təsir imkanlarını saxlamaq və artırmaq siyasətinə xidmət edir. Rusiya postsovet məkanı üzərində təsir imkanını itirdiyini görür, ancaq bununla barışmaq istəmir. Siyasi, iqtisadi və hərbi təsir imkanlarını itirən Rusiya sonuncu vasitədən, diplomatik təsir imkanlarından istifadə etmək istəyir. Bununla Cənubi Qafqazda Türkiyə və Qərblə rəqabət imkanlarını qorumaq niyyətindədir. Gürcüstanda bu ayın 26-da keçiriləcək parlament seçkilərindən sonra Rusiyanın Azərbaycanda güclənmək istəyi daha da artacaq.

"Bu ehtimalın qarşısını almaq və Rusiyanın ölkəmizdəki diplomatik mövcudluğunu genişləndirmək istəyindən yayınmağın yeganə yolu Avroatalntik təhlükəsizlik məkanına inteqrasiya etməkdir. Çünki, Avrasiyada hələlik cəmi iki alyansı mövcuddur. Bunlardan biri NATO, digəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. KTMT Varşava Müqaviləsi Təşkilatı kimi zamanın sınağından çıxmadı. Ümumiyyətlə, Rusiyanın güclü təhlükəsizlik sistemi yaratmaq imkanı yoxdur və bir daha olmayacaq. Ona görə zamanın tələbinə və şərtlərinə uyğun olaraq Avroatlantik məkana intiqrasiyanın alternativi yoxdur".

Mədinə

Избранный
37
50
operativmm.az

10Источники