RU

Dünya tarixinin qara ləkəsi - müstəmləkəçilik –TƏHLİL

İstanbul, 9 oktyabr, Günel Karatepe, AZƏRTAC

Dünya tarixinə nəzər saldıqda utancverici müxtəlif hadisələrlə rastlaşırıq. Keçmişdən indiyədək bəşəriyyət fərqli cəmiyyətlərin də məhvinə səbəb olan qanlı müharibələr, soyqırımları, işğallar, dövlət çevrilişləri kimi hadisələrlə üzləşib ki, tarixin belə qara ləkələrindən biri də müstəmləkəçilikdir. Bir azərbaycanlı olaraq biz “qul”, “kölə” sözlərinə filmlərdə və ya fərqli ölkələrin tarixlərində rast gəlmişik. Lakin təəssüf ki, dünyada hələ də bizim üçün yad olan bu kəlmələrin təsiri altında yaşayan xalqlar var.

AZƏRTAC dünyada müstəmləkəçiliyin tarixinə qısa nəzər salır.

Müstəmləkəçiliyin təməlini qoyan tarixi kəşflər

Tarixdə ilk coğrafi kəşflər XV–XVII əsrlərdə avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədilə edilib. Avropalı səyyah və dənizçilərdə olan böyük maraq yeni okeanların, qitələrin kəşfində böyük rol oynayıb. Təbii ki, səyyahları özünə cəlb edən təkcə coğrafi ərazilər deyildi. Orta əsrlərdə Avropada iqtisadi vəziyyətin ağır olması bu kəşflərə təkan verib və yeni, zəngin torpaqların axtarılması həvəsini artırıb. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərində fransız və genuyalı gəmiçilər tərəfindən həyata keçirilib. Elə tarixə düşən “müstəmləkəçilik” sözünün təməli də burada atılıb. İlk “addımları” ilk coğrafi kəşflərlə başlayan bu fəaliyyət güclü dövlətlərin bir ölkə və ya bölgənin təbii zənginliklərindən faydalanmaq həvəsinin orada yaşayan əhalini öz təsiri altına salması, köləyə çevirməsi ilə müşayiət olunub. Böyük dənizləri keçmək üçün xüsusi olaraq daha böyük və dayanıqlı gəmilərin hazırlanması isə güc sahiblərinin tamahını getdikcə daha da qabarıq şəkildə göstərib.

XV əsrdə başlayan bu kəşflər və ya daha da varlanma həvəsi yeni torpaqlarda insanların hüquq və azadlıqlarının kobudca pozulması ilə nəticələnib ki, bu da müstəmləkəçilik siyasətinin təməlini qoyub. Fransa, İngiltərə, Niderland, İspaniya kimi dövlətlər tərəfindən Asiya, Afrika, və Amerikada yüz illərlə əvvəl yaradılan bu sistem təəssüf ki, hələ də davam etməkdədir.

Müstəmləkəçiliyin köləyə çevirdiyi cəmiyyətlər

“Kəşf olunan” yeni ərazilərdə məhv edilən yerli əhalinin yerini doldurmaq, daha doğrusu, işçi qüvvəsini bərpa etmək üçün həmin yerlərə minlərlə insan qul kimi gətirilib. Lakin bütün bunlar artan sərvət iştahalarının daha da qabarmasına mane ola bilməyib. Daha güclülərin daha çox qazanmaq həvəsi zamanla Afrikanın tamamilə işğal olunmasına gətirib çıxarıb. Belə ki, 1885-ci ildə Berlində keçirilən toplantı nəticəsində Afrika qitəsi rəsmi olaraq müstəmləkəçilər tərəfindən bölüşdürülüb. Bu da zəbt edilən ərazilərdə yerli xalqların aclıq dərəcəsinə çatan yoxsulluğuna, müxtəlif epidemiyalara və kütləvi ölümlərə səbəb olub. Bu xalqların, sadəcə, torpaqları və canları deyil, dilləri, dinləri, mədəniyyətləri, bir sözlə, milli kimlikləri əllərindən alınıb ki, bu da olduqca böyük assimilyasiyanın başlanmasına gətirib çıxarıb. Mütəmadi olaraq üslub və şəkil dəyişdirməsinə baxmayaraq, XIX əsrə qədər davam edən müstəmləkəçilik sisteminin əsas məqsədi bir olaraq qalıb - bir cəmiyyət üzərində üstünlük əldə edərək onun yeraltı və yerüstü sərvətləri ilə yanaşı, insanlarından da faydalanmaq.

“Mədəniyyətin beşiyi”ndə qul ticarəti

Qərbin “mədəni insanları”nın daha çox qazanmaq həvəsi zamanla “qul ticarəti” və “irqçilik” kimi kəlmələrin meydana çıxmasına da səbəb olub. XV əsrdən etibarən Avropa dövlətləri Afrikada, Amerikada və Asiyada ərazilər işğal etdikcə qitələr arasında ticarət genişlənib. Afrikadan Amerikaya qul kimi gətirilən milyonlarla insanın köləliyə məruz qalması ilə irqçilik daha da güclənib. Avropalı müstəmləkəçilər afrikalıları və yerli xalqları "aşağı irqlər" kimi təsvir edərək, onların köləliyə və torpaqlarının işğala layiq olduğunu iddia edirdilər.

Təkcə 150 il ərzində Afrika qitəsində 11 milyon insan köləyə çevrilərək Amerikaya daşınıb. Atlantik okeanı vasitəsilə qul ticarəti təxminən üç əsr davam edib və bu dövr ərzində kölələşdirilən insanların sayının 150 milyona yaxın olduğu ehtimal edilir. Gəmilərlə daşınarkən ölən qulların sayı isə təxminən 1,4 milyon nəfərdir. Bu insanlar başda kənd təsərrüfatı və mədənlər olmaqla, müxtəlif sahələrdə amansızcasına işlədilib.

XVII-XIX əsrlərdə isə “elmi irqçilik” anlayışı ortaya çıxaraq inkişaf etməyə başlayıb. Bu dövrdə bir çox Avropa alimləri insanların irqlərə bölünməsini “bioloji” və “elmi” əsaslarla izah etməyə çalışırdılar. Bu yanlış elmi iddialar irqçi düşüncələrin yayılmasına təkan verib və kolonial siyasətləri əsaslandırmaq üçün istifadə edilib.

Qul ticarəti ilk dəfə 1837-ci ildə İspaniyada, sonradan 1865-ci ildə ABŞ-da və 1883-cü ildə İngiltərədə qadağan edilib.

Onu da qeyd edək ki, Antik dövrlərdə, xüsusilə Yunan və Roma imperiyaları zamanında insanları “barbar” və ya “sivil” olaraq ayırmaq kimi mədəni fərqlərə əsaslanan ayrı-seçkiliklər mövcud idi. Lakin bu dövrlərdə irqçilik bugünkü mənada bioloji cəhətdən əsaslandırılmırdı. Beləliklə, irqçilik əsrlər boyu formalaşan və dəyişən bir anlayış olub müxtəlif tarixi dövrlərdə iqtisadi, sosial və siyasi maraqlarla gücləndirilib desək, yanılmarıq.

“Böyük Qərb mədəniyyəti”nin əyləncəsi - insan zooparkları

Avropada sürətlə yayılan irqçilik xüsusilə Afrika, Asiya və Amerikadan Qərbə gətirilən insanların fərqli fiziki görünüşü və davranış xüsusiyyətləri səbəbindən onların zooloji bağlarda - insan zooparklarında sərgilənməsinə yol açıb. Bu insanlar təbii mühitlərinə bənzər dekorasiyalı qəfəslərdə və ya məkanlarda sərgilənirdi. İnsanlar vəhşi heyvanlarla yanaşı nümayiş etdirilir və müstəmləkəçi dövlətlərin vətəndaşları tərəfindən maraqla izlənilirdi.

İnsan zooparkları XV əsrdən başlayaraq XX əsrə qədər Avropa və Amerika ölkələrində böyük “marağa” səbəb olub. Bundan həm də irqi üstünlük ideyasının güclənməsinə, müstəmləkəyə çevrilmiş xalqların “aşağı səviyyəli” olduqlarını təsdiqləmək üçün istifadə edilib. Dünyadakı bərabərsizliyə böyük təsir göstərən insan zooparkları XX əsrin əvvəllərində, xüsusilə Birinci və İkinci Dünya müharibələrindən sonra irqçiliyə qarşı mübarizənin artması ilə tədricən ləğv edilib.

Köləyə çevrilən insanların mədəniyyətin beşiyi hesab olunan Avropadakı zooloji bağlarda sərgilənməsi yaxın tarixə qədər davam edib. Belə ki, sonuncu belə insan nümayişi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya Sərgisində “Konqolu kənd” adı altında təşkil olunub. Sərgidə təxminən 700 konqolu özlərinin ənənəvi paltarlarını geyinərək sanki vəhşi və primitiv həyat tərzi sürən qəbilə nümayəndələri kimi təqdim olunub. Konqolular sərgidə Avropalılar tərəfindən ziyarət edilir və bəzən qəfəslərdə nümayiş etdirilən heyvanlarla müqayisə olunurdular. Ziyarətçilər onları “eqzotik” həyat tərzlərinə görə seyr edirdilər ki, bu da əsasən kolonial üstünlük və irqçi düşüncələrin davamı idi.

Tarixin qaranlıq və utancverici səhifələrindən olan bu insan nümayişləri həm də müstəmləkəçilik və irqçilik ideologiyasının insanlara qarşı necə amansız və qəddar şəkildə tətbiq edildiyini göstərir.

Yox olan mədəniyyətlər

Dünya tarixinin gördüyü ən amansız müstəmləkəçilik siyasəti Amerikanın yerli əhalisinin sonunun gəlməsinə səbəb olub. Bu qitədə yaşayan təxminən 80 milyon yerli əhalidən 70 milyonu güc sahiblərinin doymaq bilməyən tamahları səbəbindən qətlə yetirilib. Astek, Maya və İnk mədəniyyətləri isə tamamilə yer üzündən silinib. Təkcə iki il ərzində dinini dəyişməyi və İspaniyaya birləşməyi rədd edən, tarixə Mərkəzi Amerikada böyük imperiya və sivilizasiya yaradan xalq kimi düşən beş milyon astek qırğınlar və Avropadan gələn yoluxucu xəstəliklər səbəbindən həlak olub. Cənubi Amerikanın And dağlarında yaranan ən böyük imperatorluq olan İnk imperiyasının torpaqlarından isə səkkiz il ərzində Avropaya gəmilərlə qızıl və gümüş daşınıb. Dilini, dinini və mənsubiyyətini dəyişdirməyi qəbul etməyən yeddi milyon ink isə öldürülüb. Bütün bu hadisələr fonunda inkişafı edən Avropa və Amerikada sənaye inqilabının təməlləri atılıb, gəmi istehsalı, fabrik, dəmir yolu xətləri və bankların sayı ildən-ilə daha da artıb. Yəni, qul olaraq Avropanın varlanmasına xidmət edən bu insanlar, eyni zamanda, sənaye inqilabının başlanılmasına da töhfə veriblər.

Ümumiyyətlə, müstəmləkəçi dövlətlər işğal etdikləri ölkələrdə yerli dilləri, dinləri və mədəniyyətləri qadağan ediblər. Missionerlik fəaliyyətləri nəticəsində Amerika və Afrika qitələrində bir çox dini inanclar, yüzlərlə dil və müxtəlif mədəniyyət yer üzündən silinib.

Azadlıq uğrunda mübarizə

Zaman keçdikcə koloniyalarda azadlıq uğrunda səslər yüksəlməyə başlayıb. Bunun ardınca müstəmləkəçiliyi uzun müddət davam etdirə bilməyəcəyini faktiki olaraq anlayan bəzi dövlətlər nəzarət altında saxladıqları torpaqlarda yaşayan xalqların müstəqillik tələblərini tanımaq məcburiyyətində qalıblar və onlara yarı müstəqillik verilərək səslərinin bir növ boğublar. Əslində isə bu müstəmləkəçilik siyasətinin yeni forması idi. Belə ki, bu dəfə özlərini böyük hesab edən dövlətlər müxtəlif manipulyasiya texnikaları ilə iqtisadiyyat, müdafiə sənayesi və xarici siyasətdə onları özlərindən asılı vəziyyətə salıblar. Yəni, müstəmləkəçilik faktiki işğal yerinə müxtəlif metodlarla digər dövlətlər üzərində hegemonluq qurmaq yolu ilə davam edib. İqtisadi embarqo, sanksiyalar, terror, etnik münaqişə, dini qarşıdurma və vətəndaş müharibəsi kimi üsullarla ölkələrin inkişafı əngəllənib və onları xarici asılılıqda saxlamaq hədəflənib.

Bu gün kolonializm demək olar sona çatmış kimi görünsə də, dünyanın bəzi yerlərində müstəmləkəçilik idarəsi hələ də müəyyən formalarda davam edir. Bir neçə ərazi isə bu gün də rəsmi olaraq müstəmləkə statusunda qalır. Karib dənizindəki Qvadelupa və Martinika, Sakit okeandakı Yeni Kaledoniya və Fransız Polineziyası hələ də Fransa tərəfindən idarə olunur. ABŞ-ın idarəsində olan Puerto Riko və Quam adaları kimi ərazilər hələ də tam müstəqil dövlətlər deyil.

Dünya tarixində yaşanan bütün bu insanlıqdan uzaq hadisələrə Qızıldərili Sioux qəbiləsinin rəhbəri Tatanka İyotake ən gözəl cavabı “Son çay quruduqda, son ağac yox olduqda, son balıq öldükdə ağ adam pulun yeyilməz olduğunu anlayacaq” sözləri ilə verib.

Избранный
13
azertag.az

1Источники