RU

“İstəyirəm hamı bu ölkədə heç kimə lazım olmayan o Vadimi yaxşı-yaxşı görsün” – iddialı açıqlama

Estoniya və Slovakiya ilə oyunlar üçün Azərbaycan yığmasının heyətinə çağrılan 24 futbolçu məlumdu.

Fernando Santuş zədə üzündən yığmaya qoşula bilməyən Elvin Camalovun əvəzinə Vadim Abdullayevi komandaya cəlb edilib. Maraqlıdı ki, 30 yaşlı oyunçu karyerası ərzində ilk dəfə əsas millinin düşərgəsindədi. O, saytımıza son açıqlamasında ən böyük hədəfinin milliyə dəvət almaq olduğunu dilə gətirmişdi.
Bəs Vadim özünü milliyə kömək edəcək gücdə hiss edirmi?

Futbolçunun “Football-plus.az”a söylədikləri:

“Hər bir futbolçu kimi mənim də ən böyük arzum milliyə çağrılmaq idi. Bunu hər kəs istəyir və daim çalışmaq lazım gəlir. Gəldiyim yol heç kimə sirr deyil, sıfırdan bura gəlmişəm. Allaha şükür edirəm ki, mənə bu günləri görməyi nəsib etdi. Bəlkə də heç bir futbolçunun yolu mənimki qədər çətin olmayıb. Hər kəs məni ambisiyalı adam kimi tanıyır. Həmişə demişəm ki, çalışacam milliyə düşüm. Buna inanırdım və bu işi görəndə özümə güvənim sonsuz idi. Ailəm də də mənə inanırdı ki, istədiyim şeyi edənə qədər ondan əl çəkməyəcəm. Bunun üçün çox qürurluyam. Təbii ki, buhekayədən sonra mənim milliyə çağrılmağım böyük uğurdu. İlyarım əvvəl millini qoyaq kənara, futbola qayıtmağım da möcüzə kimi idi. Mənə inandığı üçün baş məşqçiyə təşəkkür edirəm. Həmişə demişəm ki, kim necə istəyir başa düşsün, heç vaxt kimisə özümdən güclü görməmişəm. Özümə, gücümə inanım sonsuzdu. Ona görə də oyunda şans verilərsə, can-başla çalışacam əlimdən gələni edim ki, komandama faydalı olum. Çox istiyərəm ki, hamı bilsin bu ölkədə fəhləlikdən, həvəskara, sonra diviziona, ardınca premyer-liqaya gəlib əsas milliyə çağrılmaq üçün insan həyatda güclü mentallığa sahib olmalı və təbii ki, özünə inanmalıdı. Məni futboldan silmişdilər, amma Allah mənə buraları görməyi nəsib elədi. Həmişəki duruşuma, düzgünlüyümə görə nəsib etdi. İstiyirəm ki, hamı bu ölkədə heç kimə lazım olmayan o Vadimi yaxşı-yaxşı görsün. Gənclərə örnək olmaq fikrindəyəm ki, həmişə işlərində dürüst olsunlar. Sıfirdan bura gəlmişəmsə, bundan sonra da hədəflərim yüksək olacaq”.

RÖYANƏ OĞUZ
Избранный
19
football-plus.az

1Источники