RU

Lənkəranın qəhrəman oğlu

44 günlük haqq savaşımızda Vətən naminə canından keçərək şəhidlik zirvəsinə ucalan mayor İqbal Əhmədağa oğlu Bayramovun anım günü qeyd edilib. Belə ki, oktyabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, aparatın rəsmi şəxsləri, yerli ictimaiyyətinin, şəhid ailəsinin üzvləri ölməz qəhrəmanın məzarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə gül dəstələri qoyublar.

Şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemlərini öyrənən icra başçısı daha sonra bildirib ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən İkinci Qarabağ savaşı şanlı tariximizin unudulmaz səhifəsinə çevrildi. Bu sevinci bizə İqbal kimi qəhrəman Vətən övladları öz qanı bahasına bəxş etdilər. Bundan böyük şərəf və qürur yoxdur. Məhz buna görə də bizim İqbalımız cismən aramızdan gedib. O, milyonların ürəyində yaşayır. Belə bir övlad tərbiyə etdiyiniz üçün Sizin qarşınızda baş əymək şərəfdir.

Söz şəhid atası Əhmədağa kişiyə çatanda o, deyib:- Oğlum İqbal Vətəni, torpağı çox sevirdi. Elə onun şəhidlik yolu bu sevgidən başlandı. İndi oğlum nəinki mənə, bütün Vətən üçün əzizdir. Eləcə də dövlətimdən, xalqımdan həmişə qayğı, hörmət görürük. Bunlara görə dərindən minnətdaram. İqbalın iki övladı bizlərə əmanət qalıb. Fəxr edirəm ki, onlar ataları kimi vətənpərvər, həyatsevərdirlər...

Lənkəranın Hirkan qəsəbəsində boya-başa çatan, nəsibi 43 yaşında şəhidlik zirvəsindən boylamaq səadəti olan İqbal Bayramov Azərbaycan Dövlət Neft Akademiyasını bitirib leytenant rütbəsində Vətən qarşısında oğuluq borcunu verməyə gedib. Birinci amalı məqamı gələndə yağıdan qisas almaq olub. O, 1998-2004-cü illərdə cəbhə bölgəsində adına can dediyi Azərbaycanı göz-bəbəyi kimi qoruyub. Xidmət zamanı fəallığı, nizam-intizamı nəzərə alıb, ona baş leytenant rütbəsi verib Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən hərbi hissəyə tağım komandiri göndərilib. 2005-ci ildə Qala qəsəbəsində yerləşən Təlim və Tədris Mərkəzində, eləcə də bir sıra xarici dövlətlərdə təlimlərə qatılıb. 2008-ci ildə təyinat əsasında Daxili Qoşunların Gəncə şəhərində “N” saylı hərbi hissəsində xidmətini davam edib. 2011-ci İqbal Bayramov mayor rütbəsi alıb və Qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində çalışıb. Daha sonra isə 7 il ərzində Daxili Qoşunların Qəbələ rayonunda, Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində Vətənə layiqincə xidmət edib, sayılıb-seçilən zabitlərdən olub. Və bir qayda olaraq hər an işğalçı dığalardan qisas alacağı günü gözləyib.

Nəhayət, 2020-ci ilin 27 sentyabrda həmin məqam gəlib. Mayor İqbal Bayramov Füzulinin, Cəbrayılın azadlığı uğrunda döyüşlərdə düşmənin kabusuna çevrilməklə əsl tarix yazıb. Oktyabrın 5-də ağır ölüm-dirim savaşında şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub. Göstərdiyi şücaətə görə dövlət İqbal Bayramovu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” medallara layiq görüb. Bundan öncə isə Lənkəranın qəhrəman oğlu 3-cü dərəcəli və 2-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
31
ikisahil.az

1Источники