RU

Qız uşaqları gününü qeyd edirik, amma...

Hər il oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd edilir

Beynəlxalq Qız Uşaqları Gününün ilk dəfə qeyd olunduğu 2012-ci ildə bu günün məqsədi insan hüquqları pozuntusu olan uşaq nikahlarının qarşısının alınmasına diqqət çəkmək idi. Uşaq nikahı, xüsusilə qızları uşaqlıq dövründən və hüquqlarından məhrum edir, təhsillərini yarımçıq qoyur, imkanlarını məhdudlaşdırır, zorakılıq qurbanı olmaq riskini artırır, sağlamlıqlarını təhlükə altına alır və nəticədə sağlam cəmiyyətlərin inkişafına mane olur. Dünyada 20-24 yaşlı qadınların üçdə biri 18 yaşına çatmamış ərə gedir. Onların üçdə birinin ailə qurarkən yaşı 15-dən az olur. Həmçinin erkən nikahlar riskli hamiləliklər yaradır, hamiləlik və doğuşla bağlı ölüm riskini artırır.

Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. 2021-ci ilin statistikasına əsasən Azərbaycanda 100 qıza 115 oğlan düşürdü. Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür, bu təbiətin yaratdığı tarazlıqdır.

Dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Yəni indi selektiv abortla bağlı olan çətinlik yaxşın gələcəkdə maksimal dərəcəyə çatacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2022-ci il üzrə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” hesabatına əsasən, 2022-ci ildə ölkədə doğulan 122,846 nəfərdən 64,940-ı oğlan, 57,906-sı qızdır. Cinslər arasındakı fərq 7,034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. 2022-ci il ərzində qeydə alınan abortların sayı 31,747 təşkil edib, 2021-ci ildə bu rəqəm 46,877 olub.

Cinsi ayrı-seçkilik dünyanın bütün ölkələrində həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur. Valideynlər bəzən bilərəkdən, bəzən də bilməyərəkdən övladları arasında fərq qoyur. Doğulacaq körpənin qız olacağını öyrənən bəzi valideynlər sevinsə də, çoxları bu duruma sözün həqiq mənasında kədərlənirlər. Çox təəssüf ki, bəzi halda bu vəziyyət abortla nəticələnir. Elə bu səbəbdəndir ki, statistik rəqəmlərdə balans fərqi açıq-aydın gözə çarpır. Cəmiyyətin oğlan sevdası gender balansını ciddi formada pozur. Tələf edilən uşaqların ölkəmizdəki statistikası çox acınacaqlı rəqəmlər ortaya qoyur. Statistik göstəricilərə görə, Azərbaycanda hər il 20 min uşaq abort edilir. Qeyri-rəsmi statistika isə bu rəqəmi 25-27 min arasında dəyişir.

Bu gün dünyada abortla bağlı dəhşətli statistika var. Körpənin ana bətnində qətl edilməsini tamamilə qadağan edən ölkələr də var, nisbətən məhdudiyyət qoyan da, tamailə azad edən də. Hazırda aborta cinayət kimi baxan ölkələr sırasına Əfqanistan, Banqladeş, Anqola, Venesuella, Qvatamella, Honduras, Misir, İndaneziya, İraq, İran, İrlandiya, Yəmən, Kolumbiya, Livan, Liviya, Mavritaniya, Mali, Nrpal, Nikarauqa, Oman, Paraqvay, Yeni Qvineya, Salvador, Suriya, Çili daxildir. Bu ölkələrdə hakim olan qanuna görə qadının həyatı risk altında olduğu zaman zaman abort edə bilər.

Tibbi göstəricilərə əsasən və istisna hallarda aborta icazə verən ölkələr sırasında Əlcəzair, Argentina, Boliviya, Braziliya, Qaana, İsrail, Keniya, Kosta-rika, Marokko, Meksika, Niqeriya, Pakistan, Peru, Polşa, Uruqvay var. İspaniyada 1985-ci ildən qüvvədə olan qanuna görə cinsi zorakılıq halı baş verərsə, qadının fiziki və psixi sağlamlığı hamiləliyi davam etdirməkdə çətinlik yaratdığı hallarda aborta rəsmi şəkildə icazə verilir.

Qız uşaqlarına qarşı stiqma oğlan uşaqlarına olan sevda bizim cəmiyyətdə də var. Maraqlıdır ki, bəzən qadınların özü də qız övlada qarşı olurlar. Elə bu günlərdə ölkə gündəmində baldızı tərəfindən amansızlıqla döyülən Malikanın vəziyyəti ölkədə qız uşaqlarına olan münasibətin kiçik bir nümunəsi idi. Səbəb Malikanın qız övlada hamilə qalması olub və buna görə onu amansızlıqla döyənin özü də qadındır. Nəticədə 4 aylıq qız övladı ana bətnində ölüb.

İctimai baxış dəyişməlidir. Doğum evində tibb bacıları çöldə səbirsizliklə gözləyən kişiyə içəridəki xanımının oğlan doğması barədə daha canfəşanlıqla xəbər verirlər və qızların doğum xəbəri ilə müqayisədə oğlan muştuluğu və ya nəməri daha “ağır” olur. Oğlan analarının doğum evində qaldığı müddətdə xərclədiyi pul da bir az artıq olur. Belə ki, körpəyə qulluq edən tibb bacıları gedib-gəlib “hörmət” gözləyirlər. Evə gəlişi xüsusi təmtəraqla qeyd edilən oğlan övladı ailədə də daha “ağır çəki”yə sahib olur. Bu davranışın nəticəsidir ki, bizim ailələrdə daha çox oğlan uşaqları “ərköyün” olur.

Paltarın, oyuncağın, otağın- ümumiyyətlə hər şeyin daha yaxşısı oğlan övladına aid olur. Aramızda elə valideynlər var ki, işdən evə gələndə birinci oğlu ilə maraqlanır, onun hal-əhvalını soruşur, problemi ilə maraqlanır. Kənarda boynunu bükən, “sırasını gözləyən” qız övladı isə hələ uşaqlıqdan bu davranışın məhz belə olması gərəkdiyini qavrayır. Düzdür, bu davranışı hər valideynə aid etmək də olmaz, bilirik, övladlarını ayırmayan, qız və ya oğlan olduqlarına fərq qoymayan kifayət qədər valideyn var. Xüsusilə gənc nəsil üçün daha oğlan, qız seçimi yoxdur, çox sevindiricidir ki övladlarının cinsiyyəti arasında fərq qoymayan nəsil yetişir. Əvvəlki nəsil də özlərindən öncəki nəsildən təsirlənərək bu addımı atırdı. Valideynlər adətən “oğlum olmasa, nəslin davamçısı olmayacaq, soyadım itəcək”, kimi düşüncələrlə bunun faciəvi olduğunu fikirləşirdilər. Gənclərimiz isə bunun o qədər də əhəmiyyətli olmadığının fərqindədirlər.

Məlumat üçün qeyd edək ki, hazırda mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur. Dölün cinsini müəyyən etmək üçün ultrasəs müayinəsinin qadağan olunub-olunmaması məsələsi selektiv abortun qadağası kimi mübahisəli olaraq qalır.

Ölkəmizdə abort qanunla qadağan deyil, qadının abort olunarkən həyat yoldaşından yazılı icazə alınması məsələsi də qanunla dəstəklənmir. Halbuki bir çox müsəlman ölkəsində, o cümlədən qonşu İranda qadağan olunan abort yalnız ananın həyatı təhlükədə olarsa həyata keçirilir, üstəlik qadının həyat yoldaşı buna yazılı icazə verməlidir. O ki qaldı abortun ümumiyyətlə ölkəmizdə qadağan edilməsi məsələsinə, belə görünür ki, bu yaxın onillikdə belə mümkün olmayacaq. Milli Məclisin deputatları bunu cəmiyyətin belə qadağaya hələ hazır olmaması ilə əlaqələndirirlər. Amma zənnimcə qadağaya hazır olmurlar, alışırlar.

Hər il oktyabrlın 11-i Beynəlxalq Qız Uşaqları Günü qeyd edilir. Bəli, qeyd edirlər, sevinirlər, qız uşaqlarına sevgidən danışırlar. Bəs görəsən qızını həkim bıçağına doğratdıranlar nə düşünür bu gün?

Hər il dünyada 55 milyon uşaq ana bətnindən doğranaraq xaric edilir. Onların 20 milyonu qeyri-leqal abortlardır. Yəni küncdə-bucaqda, evdə, həyətdə, hansısa fəaliyyəti qadağan qadağan olunmuş həkimin çirkli otağında edilən abortlar... Bu abortların hər il dünyada 70 mindən artıq qadının ölümünə səbəb olduğunu bilirdinizmi? Edilən abortların əksəriyyəti dölün 12-13 həftəliyində reallaşır. Bu körpənin cinsiyyətinin bəlli olduğu ərəfədir.

Dünyada ən çox narahatlıq yaradan məsələlərdən biri də qızların təhsil hüququnun əllərindən alınmasıdır. Qızların təhsil hüquqlarından istifadə etmələrini təmin etmək çox mühüm məsuliyyətdir. Qızlar oxumalıdır, özlərini və ailələrini xilas etmək üçün.

Lalə Mehralı

Избранный
29
sesqazeti.az

1Источники