RU

Respublika başçısı onu Məhəmməd Əmin Rəsulzadəyə “yoldaş” dediyi üçün güllələtdi?...

“Əfəndiyev Azərbaycan xalqının ən qatı düşməni Məmməd Əmin Rəsulzadəni öz rəhbəri kimi tanımağa cəhd edib. Əks halda onun Rəsulzadəni niyə “öz yoldaşı” adlandırdığını izah etmək mümkün deyil...”
 
Məlum olduğu kimi, Moderator.az oxucularını sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılmış cəmi iki cildlik material əsasında hazırlanmış  “Mir Cəfər Bağırovun məhkəməsi”  adlı kitabın ən maraqlı epizodlarıyla tanış edirik. Materialın ötən epizoduna(burada: )əlavə şərhimizi təqdim edirik:
Azərbaycanda yaşamış sovet dövrünün tədqiqatçısı A.Karenin 1963-cü ildə rus dilində yazdığı “Sultan Məcid Əfəndiyev (bioqrafik oçerk)” adlı kitabında yazır: 
 
“1937-ci ilin mayında keçirilən XXII Bakı partiya konfransında S. M. Əfəndiyev sovet hakimiyyətinin düşmənlərinə sığınacaq verməkdə ittiham olunurdu. Konfransın sonunda qəbul edilmiş qətnamədə Sultan Məcid Əfəndiyevin, Həmid Sultanovun və digər kommunistlərin qeyri-səmimi davranışları və onların “işinin” araşdırılması haqqında bənd daxil edilmişdir. İyunun 5-də AKP(b)-nin XIII qurultayının iclasında çıxış edən Əfəndiyev ona qarşı irəli sürülən ittihamları rədd edib. Mir Cəfər Bağırov və Y.Sumbatov-Topuridze ondan antisovet, əks-inqilabi fəaliyyətini etiraf etməyi tələb edirdilər”.
 
Tanınmış tarixçi Eldar İsmayılov isə özünün rus dilində “1937: Azərbaycanda böyük terrorun tarixi”(Moskva, 2015)  adlı kitabında əlavə edir:
 
“Mir Cəfər Bağırov(həmin konfransda- S.L.) dedi ki, əsas günah ondan ibarətdir ki, “Siz öz qohumlarınızı Moskvaya göndərdiniz, onların vasitəsilə Azərbaycan Kommunist Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin rəhbərliyinə ərizə vermisiniz”. Müzakirə zamanı Bağırov S. M. Əfəndiyevin jurnalist fəaliyyətini, xüsusən də 1924-cü ildə məqalələrindən birində Rəsulzadə adını çəkməsini xatırladıb. S. M. Əfəndiyev bunu “tarixi həqiqətə” riayət etmək tələbi ilə izah edib, Bağırov isə cavabında deyib: “Yoldaşlar, bu kimin dilidir? Yoldaşlar, bu, Trotskinin dilidir”. Qurultayın digər nümayəndələri də ittihamlarla çıxış ediblər. Belə ki, Respublika Xalq Komissarları Sovetinin sədri Hüseyn Rəhmanov deyib:
“Əfəndiyev Azərbaycan xalqının ən qatı düşməni Məmməd Əmin Rəsulzadəni öz rəhbəri kimi tanımağa cəhd edib. Əks halda onun Rəsulzadəni niyə “öz yoldaşı” adlandırdığını izah etmək mümkün deyil... Onu “öz yoldaşım” adlandırmaq və onun Bakı təşkilatında qondarma milli düşmənçiliyi sakitləşdirmək üçün vuruşduğunu düşünmək sırf əks-inqilabi hiylədir və Əfəndiyev tərəfindən təsadüfi deyil”.
 
Qurultayda S. M. Əfəndiyev bildirib: “...Mən 33 ildir ki, partiyadayam. Bu 33 il ərzində mən partiyada qüsursuz işləmişəm və heç bir böhtan, təxribat məni məhv edə bilməz”. 
 
Bütün bunlara rəğmən "o, iyunun 24-də “NKVD” tərəfindən həbs edilib. Sonra ayın sonunda SSRİ MİK sədri M.İ.Kalinin S.M.Əfəndiyevin işinin təfsilatı ilə maraqlanıb, lakin M.C.Bağırov onun əks-inqilabi fəaliyyətə görə həbs olunduğunu bildirib”.
 
Qeyd: M.C.Bağırovun məhkəməsinin bəhs edilən epizodu və indi oxuduğunuz faktlar haqda tarixçi və araşdırmaçılarımızın fakt və sənədlərə əsaslanan şərhlərini də təqdim etməyə hazırıq.
 
Sultan Laçın
 
Избранный
22
moderator.az

1Источники