AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının IX turunda baş verənlər qayda pozuntuları müzakirə olunub.
“Səbail” – “Şamaxı” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə alıb ki, bu da 700 manat cəriməyə şərait yaradıb. Qırmızı vərəqə alan Brahim Konate “Şamaxı”nı əlavə olaraq 500 manat ziyana salıb. Futbolçunun özü isə 1 oyun cəzalanıb.
“Turan Tovuz” – “Zirə” matçı bitdikdən sonra qərb təmsilçisinin azarkeşləri meydançaya kənar əşya atdığına görə klub 800 manat cərimə edilib. “Sumqayıt” – “Qarabağ” oyununda isə meydan sahiblərinin tərəfdarları analoji davranışla yadda qalıblar ki, "Gənclik şəhəri" təmsilçisi eyni məbləğdə cərimələnib.