RU

Mesut Özil “Qarabağ” formasında - Gəliş səbəbi bəlli oldu

Xəbər verdiyimiz kimi, Almaniya millisinin sabiq yarımmüdafiəçisi, əslən Türkiyədən olan veteran futbolçu Mesut Özil Azərbaycanda səfərdədir.

Arena.az xəbər verir ki, Özil bu gün “Qarabağ” futbol klubunun qonağı olub.

Sabiq yarımmüdafiəçi “Azərsun Arena”da Ağdam təmsilçisinin açıq məşqini izləyib.

Hazırlıq prosesini ölkəmizdə səfərdə olan professor İrfan Gündüzün rəhbərlik etdiyi nümayəndə heyəti, Ağdam təmsilçisinin rəsmi şəxsləri və çox sayda azarkeş də izləyib. Ardınca ulduz futbolçu baş məşqçi Qurban Qurbanov və futbolçularla görüşüb.

“Qarabağ bizim canımızdır”, – deyən dünya çempionu görüşə gələnlərə təşəkkürünü bildirib: “Hamınızı salamlayıram. Gəldiyiniz üçün çox sağ olun. Məni çox xoşbəxt etdiniz. “Qarabağ” komandasına da uğurlar arzulayıram. Bakıya, Azərbaycana gəldiyim üçün xoşbəxtəm”.

Sonra ulduz oyunçu tribunadakı azarkeşlərə formalar atıb.

Özilin Bakıya səfərinin səbəbi də müəyyənləşib. Bu barədə ölkəmizdə səfərdə olan professor İrfan Gündüz mətbuat konfransında bildirib. O, Türkiyədə Mesut Özil Futbol Akademiyasını qurmaq istədiklərini və bununla bağlı Bakıda görüşlər keçirdiklərini söyləyib: “Azərbaycanlı azyaşlı uşaqların da bu akademiyaya cəlb olunmasını istəyirik”.

Özil də bu barədə danışıb: “Bu sahədə də uğur qazana biləcəyimi düşünürəm. Təcrübəmi yeni nəsillə bölüşmək niyyətimdəyəm. Əhalisi az olan ölkələrdən ulduz futbolçular çıxır. Niyə bizdə də olmasın?”

O, “Qarabağ” klubuna qarşı keçirdiyi oyunları yada salıb: “Hər zaman ölkənizə gələndə insanlar məni yaxşı qarşılayıblar. “Qarabağ”a qarşı da oynamışam. Həmin matçı xatırlayıram”.

Xatırladaq ki, Mesut Özil karyerası ərzində Almaniyada “Şalke”, “Verder”, İspaniyada “Real”, İngiltərədə “Arsenal”, Türkiyədə “Fənərbaxça” və “Başakşəhər” kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Избранный
2
1
arena.az

2Источники