RU

Ermənistanın şərti sərhəddə davranışları cəmiyyətimiz tərəfindən birmənalı şəkildə təxribat kimi dəyərləndirilir –ŞƏRH

Ermənistanın

Bakı, 12 oktyabr, AZƏRTAC

“Ermənistan əhalisinin taleyi regiondankənar qüvvələrin oyunları və bölgədə maraqlar uğrunda gedən mübarizənin bəhanəsidir. Nümunə olaraq deyə bilərəm ki, bir neçə gün əvvəl Ermənistanda yerləşdirilən Avropa İttifaqının müşahidəçi missiyası Gorus rayonu ərazisində şərti dövlət sərhədinə gəlib və xüsusi vasitələrlə Azərbaycan Ordusunun mövqelərini müşahidə edir, foto və ya video çəkilişlər aparırlar. Onların şərti sərhəddə davranışları cəmiyyətimiz tərəfindən birmənalı şəkildə təxribat kimi dəyərləndirilir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanla Azərbaycan arasında mövcud olmuş münaqişə bitsə də, bölgədə gərginlik səngimir: “Buna səbəb Ermənistanda revanşist qüvvələrin fəallığı və “sülh müqaviləsi istəyən” qonşu dövlətin, yumşaq desək, səmimiyyətdən uzaq və qeyri-adekvat davranışıdır. Eyni zamanda, Azərbaycan tərəfinin çoxsaylı sülh çağırışlarına Ermənistanın biganəliyi və danışıqları müxtəlif bəhanələrlə uzatması da regionda dayanıqlı sülhün təmin olunmasına maneə yaradır. Həmçinin regiondankənar qüvvələrin pozucu fəaliyyəti, xüsusilə də Fransanın Ermənistanı silahlandırması da bölgədə sülh prosesinə real təhdiddir desək, yanılmarıq. Bir tərəfdən regiondankənar qüvvələrin təhrikindən qidalanan revanşist qüvvələr, digər tərəfdən isə Ermənistanın dövlət səviyyəsində məsuliyyətsiz davranışı Qafqazda vəziyyətin gərgin olaraq qalmasına rəvac verir.

Artıq uzun müddətdir ki, Avropa İttifaqının “mülki missiya” adı altında Ermənistan ərazisində yerləşən bəzi dırnaqarası mütəxəssislərinin fəaliyyəti diqqət çəkir. Şübhəsiz ki, Cənubi Qafqaz kimi strateji cəhətdən vacib və əhəmiyyətli regionda çoxdan arzu olunan davamlı sülhün bərqərar olunması prosesi istiqamətində Azərbaycanı və onun haqlı mövqeyini dəstəkləyən ölkələrin fəaliyyəti daim diqqət mərkəzindədir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-adekvat davranışı isə sülh prosesinə əngəl törətməklə yanaşı, həm də beynəlxalq qurumlara hörmətsizliyin nümayişidir”.

Ehtiyatda olan zabitin fikrincə, son bir neçə ay ərzində baş verənlərdən belə bir nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi nə ordusunu idarə edə bilir, nə də erməni cəmiyyətində olan revanşist xülyalı təbəqəyə təsir etmək gücünə malik deyil. Hökumət ya bu proseslərə nəzarət etmir, ya da bilərəkdən revanşistlərə meydan verir.

Hərbi jurnalist qeyd edib ki, Vətən müharibəsindən ötən dövr ərzində Ermənistan dövlətinin davranışı və dövlət rəsmilərinin bir-birinə zidd açıqlamalar verməsi daha çox diqqət çəkən məqamdır: “Son 4 il ərzində Fransadan və digər ölkələrdən daxil olan silahların əsasən hücum xarakterli olması tərəfimizdən təhdid və növbəti təxribatlara zəmin olaraq dəyərləndirilir. Əminəm ki, bu məqamlar nəzərə alınır, təhdid və təxribatların qarşısının alınması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür.

Ermənistan tərəfi şərti dövlət sərhədinin bütün istiqamətlərində böyük mühəndis-istehkam işləri aparır. Bununla bağlı foto və video materiallar ictimailəşdirilib və düşünürəm ki, beynəlxalq qurumlara da təqdim edilib. Belə ki, Ermənistan tərəfi mövqeləri möhkəmləndirir, yeni, uzunmüddətli atəş nöqtələri və digər fortifikasiya qurğuları yaradır. Sadəcə müdafiə deyil, həmçinin hücum məqsədli möhkəmləndirilmiş döyüş mövqeləri inşa edir, əldə etdiyi hücum silahlarının böyük bir hissəsini şərti sərhədə yaxın ərazilərdə yerləşdirir.

Qarşı tərəf bütün bunları guya yalnız müdafiə məqsədilə etdiyini iddia etsə də, heç bir beynəlxalq qurum buna təminat verə bilməz. Vətən müharibəsi zamanı döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən şəhər və kəndlərimizi raket-artilleriya zərbələri ilə darmadağın edən, mülki sakinlərimizi qətlə yetirən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etmədiyini artıq sübut edib. Qarşı tərəfin təxribatları yeni döyüş toqquşmalarına səbəb ola bilər. Hadisələrin təhlili onu göstərir ki, sülhməramlı proseslərə mane olmaq üçün ermənilər növbəti təxribatlara ciddi hazırlıq görür.

Təəssüf doğuran odur ki, bütün bu proseslər Avropa İttifaqının müşahidəçi missiyasının gözü qarşısında baş verir. Eyni zamanda, dünyanın aparıcı dövlətləri və qurumları tərəfindən buna reaksiya verilmir, ədalətli mövqeyimizi dəstəkləyən və Ermənistanı beynəlxalq qanunlara zidd əməllərdən çəkinməyə çağıran, qınayan açıqlamalar səsləndirilmir. Bu isə ikili standartlar çərçivəsində yanaşmanın təzahürüdür”.

Ehtiyatda olan zabit vurğulayıb ki, Ermənistan hərbi siyasi rəhbərliyi müxtəlif planlar cızaraq, hətta təxribat xarakterli məlumatlar yaymaqla bölgəyə daha çox diqqət cəlb etməyə can atır: “Görünən odur ki, nə regiondankənar qüvvələrin, nə də onların dəstəyindən “qidalanıb cəsarətlənən” revanşist təbəqə üçün sadə ermənilərin taleyi, gələcək firavan və təhlükəsiz həyatı maraqlı deyil. Sadə Ermənistan əhalisinin taleyi regiondankənar qüvvələrin oyunları və bölgədə maraqlar uğrunda gedən mübarizədə bir bəhanədir.

Ermənistan tərəfinin Azərbaycanın irəli sürdüyü sülh təkliflərinin icrasını ləngitməsinin, sülh müqaviləsinin imzalanmasını süni şəkildə gecikdirməsinin və bəzi beynəlxalq qurumlardan vasitə kimi istifadə etməyə çalışmasının arxasında ermənilərin məkrli planlarının, hər hansı növbəti bir hiyləsinin olduğu qənaətinə gəlmək olar.

Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin mövqeyi bəllidir, qətidir, ədalətlidir, səmimidir. Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasında, sərhədlərin, ərazi bütövlüyünün qarşılıqlı tanınmasında maraqlıdır. Çünki sülhün bərqərar olması nəticəsində gərginlik səngiyəcək, kommunikasiyalar açılacaq, bölgədə ədavətə son qoyulacaq, xoşməramlı təşəbbüslər həyata keçiriləcək, işğalçılıq siyasəti bitəcək və insanlar təhlükəsiz, firavan həyat sürmək imkanı qazanacaq”, - deyə hərbi jurnalist bildirib.

Избранный
199
50
azertag.az

10Источники