RU

Berdimuhəmmədov Məhtimqulu-300 tədbirinə Ermənistan prezidentini də dəvət etdi...

Image

Azər Həsrət: “Belə bir halın baş verməsi təəssüf doğurur”

Dahi türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə Türkmənistanın paytaxtı Aşqabadda forum keçirilir. Tədbirdə ondan çox dövlətin rəhbərləri ilə yanaşı, beynəlxalq təşkilatların, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatlarının rəhbərləri iştirak edir.

Bu məqsədlə Aşqabada səfər edən dövlət başçılarından biri də Ermənistan prezidenti Vaaqn Xaçaturyandır. V.Xaçaturyan Türkmənistan prezidenti Sərdar Berdimuhəmmədovla, Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdimuhəmmədovla görüşüb. 

Çox qəribədir, belə bir mötəbər tədbirdə Azərbaycan yoxdur, amma Ermənistan var. Çox güman ki, Azərbaycan dəvət olunmayıb. Ümumiyyətlə, neçə vaxtdır Türkmənistan Ermənistana yönəlik xüsusi isti siyasət yeridir. İki həftə əvvəl Türkmənistan prezidenti Sərdar Berdimuhəmmədov baş nazir Paşinyana Ermənistanın müstəqillik günü ilə bağlı təbrik məktubu göndərib. Təbrikdə deyir ki, aramızda qarşılıqlı etimad var. Bundan başqa bu günlərdə Aşqabadda keçirilən Transxəzər Koordinasiya platformasının açılışına Ermənistan da dəvət edilib və o cür mötəbər tədbirdə iştirak edib. Halbuki, Ermənistan Xəzər sahilində yerləşən dövlət deyildi. 

Maraqlıdır, niyə Türkmənistan Ermənistana belə xüsusi diqqət göstərir? Niyə Fəraqinin 300 illiyində Ermənistan var, Azərbaycan yox?

Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Azər Həsrət bakı-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Belə bir halın baş verməsi təəssüf doğurur. Əslində bir neçə aydır belə vəziyyət müşahidə olunur. Açığını desək bizim əlimizdə konkret məlumat yoxdur ki, bu, nədən qaynaqlanır. Ancaq nəzərə almaq lazımdır ki, Türkmənistan ümumiyyətlə, mürəkkəb bir dövlətdir. Yəni adını neytrallıq qoyub özünü faktiki olaraq dünyadan təcrid edib. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Türkmənistan Türk Dövlətləri Təşkilatında da aktivliyini faktiki olaraq dayandırıb. Yəni söhbət təkcə Azərbaycandan getmir. Həmin tədbirdə heç Türkiyənin cümhur başqanı da yox idi. Düzdür, Türkiyədən nümayəndələr var idi, amma Ərdoğan orada deyildi. Demək istədiyim odur ki, Türkmənistanı anlamaq çox çətindir. Onlar öz qan qardaşlarını qoyub ermənilərə qucaq açırlarsa, həqiqətən də çox ciddi problemləri var. Qınamıram. Çünki Azərbaycanda İlham Əliyev kimi bir təcrübəli prezident var. Ancaq təəssüflər olsun ki, qardaş Türkmənistan haqqında bunu demək mümkün deyil. Nə qədər ağır olsa da bunu deməyə məcburam. Sərdar Berdimuhəmmədov həqiqətən də prezidentlik haqqını doğrulda bilməyən birisidir. Yəni atası arxasında dayanıb birtəhər onu prezident etmək istəyir, amma adam onu doğrulda bilmir. Əslində bir prezident olaraq onun ilk işi qardaş Azərbaycanla münasibətləri yüksək səviyyədə tutmalı idi. Eyni zamanda TDT-nin tərkibində daha fəal olmaq vəzifəsi var. Ancaq nə baş verdi? Türkmənistan hələ də TDT-də müşahidəçi statusundan tam hüquqlu üzvə çevrilməyib. Çünki buna maraqları yoxdur. Halbuki, bir müddət əvvəl Türkmənistanın tam hüquqlu üzv olacağı ilə bağlı gözləntilər var idi, amma Aşqabad bu addımı atmadı. Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə türk dövlətlərinin Şuşada keçirilən zirvə görüşünə gəlmədilər. İndi də Məhtimqulu Fəraqinin anadan olmasının 300 illik yubleyinə Azərbaycanın dəvət edilməməsi nankorluq və nadanlıqdır. Çünki Fəraqi sadəcə olaraq bir türkmən deyil və təkcə Türkmənistana aid deyil. O, türk dünyasının böyük şairlərindən biridir. Necə ki, Nizami, Füzuli, Nəsimi, Əlişir Nəvayi, Abay Kunambayev türk dünyasının böyük şairləridir, eləcə də Fəraqi türk dünyasının böyük şairlərindən biridir. Ona görə də belə bir tədbirə ermənilər dəvət edilməməli idilər. Uşaq kimi oyun oynayırlar və sanki bizə acıq verirlər. Ona görə də düşünürəm ki, qardaş Türkmənistanla bağlı türk dövlətləri bir araya gəlməlidirlər və ortaq müzakirələr aparılmalıdır. Xüsusən də Qazaxıstan və Özbəkistan dövlət işlərinin necə idarə edilməsi ilə bağlı ona bir dərs verməlidir”.

Vidadi ORDAHALLI





Избранный
28
baki-xeber.com

1Источники