RU

Bakıda “Qərbi Azərbaycanın şirin inciləri" kitabının təqdimatı olub

Bakıda

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyasında hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı olub. Kitabın təqdimatı 20 oktyabr-Beynəlxalq Kulinariya gününə həsr edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və layihə rəhbəri Aynurə Əmiraslanova tərəfindən qələmə alınmış kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatlarımızın düsturlarının bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.

Kitabın "Ön söz"ünün müəllifi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevadır.

Tədbirdə çıxış edən Aygün Əliyeva kitab haqqında öz təəssüratlarını bölüşüb, kitabın elmi, praktiki, mədəni mahiyyəti ilə yanaşı, siyasi mahiyyətini də açıqlayıb, görülmüş işi yüksək dəyərləndirib.

Sonra Qərbi Azərbaycan İcması nümayəndələri, AMEA-nın alimləri və digər qonaqlar Qərbi Azərbaycanın zəngin irsindən, süfrə mədəniyyətindən danışıblar. Onlar Azərbaycan milli mətbəxinin dünyanın ən qədim və zəngin mətbəxlərindən olduğunu diqqətə çatdırıblar.

Daha sonra qonaqlara “Qərbi Azərbaycanın şirin inciləri” kitabı hədiyyə olunub.

Kitab Azərbaycan və ingilis dillərində çap olunub, 220 səhifədən ibarətdir. Əsərdə Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə geniş şəkildə təqdim olunub.

Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, Göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq ilk dəfə oxuculara nəfis şəkildə təqdim edilib. Kitabın üz qabığında ermənilərin özününküləşdirməyə çalışdığı bu şirniyyatların rəsmləri də yer alır. Son üz qabığında isə "Kəvər" adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub.

Kitabda geniş mövzulara toxunulub: un və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Həmçinin, kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında məlumatlar yer alır.

Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz qaynaqdır.

Kitabın sonunda müəlliflər və əsas mənbələr haqqında məlumat və digər faydalı bilgilər yer alıb. Kitab "Nero" nəşriyyatında çap olunub.

Избранный
24
azertag.az

1Источники