RU

Qarabağ savaşının lerikli qəhrəmanı

44 günlük haqq savaşımızda Vətən, millət yolunda canını fəda edib bizə qələbə sevincini yaşadan qəhrəmanlardan biri də dağlar oğlu, şəhid mayor Amid Rəbbil oğlu Heydərovdur. Ölümsüzlüyə qovuşub milyonların ürəyində özünə əbədi yer edən igidin doğma Lerik rayonunda anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri əvvəlcə Amid Heydərovun adını daşıyan parkı ziyarət edib, onun abidəsi və məzarı önünə çiçək dəstələri düzüblər.

Qeyd olunub ki, Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. 1995–2006-cı illərdə şəhid Valeh İbrahimov adına Lerik şəhər orta internat məktəbində (hazırkı inteqrasiya təlimli internat tipli gimnaziyasında) təhsil alıb, 2010-cu ildə Ali Hərbi Akademiyanı bitirən Amid Heydərov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə taqım komandiri təyin olunub. 2015-ci ildə baş leytenant rütbəsi alıb, 4 il bölük komandiri vəzifəsində işləyib. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin düşməndən alınmasında xüsusi qəhrəmanlıq göstərib. Bu hünərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında ona vaxtından əvvəl kapitan hərbi rütbəsi verilib.

Amid Heydərov 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində də öndə vuruşub və mayor rütbəsinə ucalaraq, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri vəzifəsinə təyin edilib. Ordumuzun yubiley təltiflərinə və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medala layiq görülüb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan mayor Amid Heydərovun nəşi Lerik şəhərində torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli sərəncamı ilə ona “Vətən müharibəsi qəhrəmanı” adı verilib. Həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Anım mərasimində çıxış edənlər tarix yazan qəhrəman həmyerliləri ilə fəxr etdiklərini bildiriblər.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
34
xalqqazeti.az

1Источники