RU

Dəmir yolu – tale yolu

Yaradılmasına sənaye inqilabı dövründən başlanan dəmir yolu nəqliyyatı sərnişin və yük daşınmalarında mühüm yer tutur. Son dövrlərə aid modernizasiya və təkmilləşdirmə işləri bu sahəyə marağı xeyli artırıb. Sözsüz ki, peşəkar dəmiryolçu olmaq üçün yaxşı təhsil də vacibdir. Ölkəmizdə bu istiqamətdə təhsil verən müəssisələrdən biri də Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzidir.

Dəmiryolçuların peşə bayramı ərəfəsində həmin mərkəzə yollandım. Məni peşə məktəbinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev qarşıladı. O dedi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən, 2 nömrəli Bakı Peşə Məktəbi ilə Azərbaycan Dövlət Dəmir Yolu Liseyi birləşdirilib və onların bazasında bu təhsil mərkəzi yaradılıb. Mərkəzdə dəmir yolu və metropolitenə aid 10 ixtisas üzrə tədris həyata keçirilir. Bizim təhsil ocağını seçən tələbələr istehsalat təcrübəsi keçmək üçün müvafiq müəssisələrin bazasına göndərilirlər.

Söhbətimizə teplovozun quruluşu və istismarı üzrə tədrisi həyata keçirən qocaman müəllim Fikrət Ağayev də qoşularaq bildirdi ki, dəmir yolu Azərbaycan iqtisadiyyatı üçün həmişə qan damarı olub və bu sahə yarımhərbi təşkilat kimi gənclərin marağını çəkib.

Dəmiryolçu peşəsinin digər cəlbedici cəhəti məzunların stabil işlə təmin edilməsidir.

Fikrət müəllim hərbi xidmətdən qayıtdıqdan sonra – 1985–88-ci illərdə bu təhsil ocağında istehsalat təlim ustası işləyib. Sonra 2015-ci ilədək Dəmir Yollarında Sərnişindaşıma departamentində çalışıb. Dərs keçmək, nələrisə öyrətmək həvəsi onu yenidən bu peşə məktəbinə qaytarıb. On ildir ki, istehsalat təlim üzrə baş ustadır.

Azərbaycan Dəmir Yolları həmişə inkişafdadır, – deyə o bildirdi. – Bu dinamika hər il bu sahəyə maraq göstərən gənclərin sayını artırır. Hətta qızlar belə karyeralarını bu istiqamətdə qururlar. Bizim məktəbdə stansiya növbətçisi, metropoliten növbətçisi, maşinist kimi ixtisaslarda qızlar da təhsil alırlar. Peşənin sirlərini tələbələrə praktiki şəkildə öyrədirik.

Həmin qızlardan biri – Mərkəzin 2-ci kursunda təhsil alan Fidan Məşədiyeva metropoliten üzrə stansiya növbətçisi olmaq arzusundadır. Bu sahəyə marağının yüksək olduğunu dedi: “Bilirsiniz, vağzalda, metroda xüsusi geyimli qadınları, qızları görəndə könlümdən onların sırasında olmaq keçib. İndi artıq arzuma çatmaq üzrəyəm, fəxr edirəm ki, bu gün mən də Dəmiryolçu Gününü qeyd edənlərin sırasındayam”.

Maşinist köməkçisi olmaq istəyən Rövşən Məmmədov da tədris prosesindən razılığını dilə gətirdi:

– Ən böyük arzum polad magistrallarda şütüyən qatarları idarəetməkdir. Bu mənim üçün əsl romantikadır. Uşaqlıqdan ürəyimdə yuva salmış istəyimə çatmağıma az qalıb. Fürsətdən istifadə edərək, müəllim və ustalarımızı peşə bayramı münasibətilə təbrik edirəm.

Tədris otaqları ilə tanış olduq. Burada yaradılan şərait, tələbələrin sahə üzrə geniş biliyə malik olması üçün müxtəlif avadanlıqlar diqqətimdən yayınmadı. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi kollektivinin və tələbələrinin bayramını təbrik edib, uğurlar arzuladım.

Rizvan FİKRƏTOĞLU
XQ

Избранный
47
xalqqazeti.az

1Источники