RU

Bakı sakinlərinin NƏZƏRİNƏ – Təhlükəli olduğu deyilir….

Bakı şəhəri və ətraf rayonların içməli su ilə təmin edilməsi üçün duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanması planlaşdırılır. Bu barədə Prezidentin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”da deyilir.

KONKRET.az xəbər verir ki, sənədə əsasən, 2024-2027-ci illər üçün fəaliyyət planına uyğun olaraq ixtisaslaşmış beynəlxalq şirkətlərlə müqavilələrin bağlanması və dənizin duzsuzlaşdırılması yolu ilə içməli suyun istehsalı üzrə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Su təchizatında təmizlənmiş yüksək minerallaşmış qrunt sularından istifadə edilməsi, kəhrizlərin sayının artırılması, kollektor, drenaj və yağış sularının emalı və təkrar istifadəsinin təşkili də nəzərdə tutulur.

Bəs içməli suyun istehlak qiyməti necə olacaq? Paytaxtın su təchizatı bununla qaydaya düşəcəkmi? Nəhayət, suyu azalmaqda olan Xəzərə dənizinin səviyyəsinə layihənin hansı təsiri ola bilər?

Mövzu ilə bağlı danışan ekoloq, AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev deyir ki, Xəzər dənizi qapalı su sistemidir və suyu istifadəyə yararlı hesab olunmur: “Xəzər dünya okeanı deyil ki, onun suyu normal ola. Uzun müddət dünyanın ən intensiv kənd təsərrüfatı suları, o cümlədən Ermənistanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Rusiyanın düzənliklərinin suları, milyardlarla gübrə, pestisid, herbisid istehsal edən çay suları Xəzərə axıb tökülür. Onların eləsi var ki, parçalanmır. Azərbaycan ərazisində hələ 50 il bundan sonra da gübrə işlənməsə torpaqlarında gübrənin zir-zibilləri təmizlənməyəcək. Xəzər dənizinin suyu qurğuşunla doludur. Qurğuşun destruksiya olunan maddədir ki?! Xəzərdə olan maddələrin çoxu olduğu kimi qalıb. Ən vacibi isə odur ki, onları destruksiya etmək mümkün deyil.

Bakıda niyə biz maşınları 200-300 kilometrdən gətirilən təmiz qrunt suları ilə yumalıyıq? Yaxud da ağac və torpaq sulamalıyıq. Amma Xəzərin iyrənc suyunu milyonlarla vəsait hesabına təmizləyib camaata verməliyik? Məgər bu təmizlik olacaq? İona çevrilmiş maddələrdən suyu kim təmizləyəcək? Niyə sudan qənaətlə istifadə etmək əvəzinə, insanların sağlamlığına zərər verən layihələr icra edirik? Metro stansiyalarından çıxan suları kənara ötürməyə 300 milyon manat xərcləyirik. O sulardan suvarmada istifadə etmək olmaz?! Vaxtilə Dübrar dağlarından axan sular dənizə tökülürdü. Niyə bu sulardan əkinçilikdə istifadə olunmurdu?!

Xəzərin sularını əhaliyə içirtmək olmaz. O suları heç cür təmizləmək mümkün olmayacaq. Su hidroliz edilməlidir, bunun üçün isə baha başa gələcək enerji lazımdır. Ona görə də bu layihəni qeyri-iqtisadi, heç bir tələbə uyğun gəlməyən layihə hesab edirəm”.

Ekoloq Telman Zeynalov da Xəzərin suyunun şirinləşdirilməsinin əleyhinə olduğunu deyib: “Belə bir hal Xəzər dənizində atom reaktorlarının olmasını vacib edəcək. Bu isə Xəzərin canlılar aləmini məhv edəcək. Ölkəmizdə 8 min 40 ədəd xırda çay var. Onların bir neçəsini birləşdirib su anbarı yaratmaq olar. Xəzəri radiasiya ilə çirkləndirməyə ehtiyac yoxdur. Onsuz da Rusiya Qazaxıstana yaxın hissədə belə bir reaktoru tikib. Ora çox ciddi nəzarət olunur. İkinci birini tikmək Xəzərin canlılar aləmini lap yox edəcək.”

İqtisadçı Natiq Cəfərli bildirib ki, bütün dünyada dəniz suyundan istifadə olunması geniş yayılmış praktikaya çevrilib: Xəzərin suyundan da su ehtiyaclarının ödənilməsi üçün istifadə olunması təbii bir gedişatdır. Çünki Azərbaycan Cənubi Qafqazın su resurslarına ən az çıxışı olan ölkəsidir. Artan ehtiyacları ödəmək üçün Xəzər dənizinin suyundan da istifadə etmək və bütün imkanları səfərbər etmək lazımdır. Xəzərin suyunun azalması ilə bağlı məsələyə təsiri olacağını düşünmürəm. Çünki Xəzərdə səviyyə artıb azalır. Amma onun maya dəyərinə təsiri olacaq. Çünki dəniz suyunun şirinləşdirilməsi çox bahalı layihələrdəndir. Bu da əhaliyə və biznes strukturlarına satılan suyun qiymətini artıra bilər”./Musavat.com

Избранный
40
3
konkret.az

10Источники