RU

ABŞ İsrailin "İranı vur“ düyməsini basdı...

Image

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsraildən İranın nüvə və sənaye infrastrukturunun qisas zərbəsindən təsirlənməyəcəyinə dair şifahi təminat ala bilib. Baş nazir Benyamin Netanyahunun ofisi aydınlaşdırıb ki, hərbi ssenarinin seçimi yalnız İsrailin maraqlarının qorunmasından asılıdır. Yəhudi dövlətinin hərəkətləri artıq Vaşinqtonun regional siyasətinə düzəlişlər edib.

Netanyahunun ofisi İrana hücumla bağlı İsrail və ABŞ arasında aparılan danışıqlara dair bəyanat yayıb: “Biz Amerika administrasiyasının mövqeyini nəzərə alırıq, lakin İsrailin maraqlarına uyğun yekun qərarlar verəcəyik”. İsrailin “Kan” Dövlət Teleradio Şirkəti Netanyahunun İrana hücum variantı ilə bağlı əsas nazirlərlə razılaşdığını bildirib. Müzakirələrə “The Washington Post” qəzetinin xəbəri səbəb olub, ona görə İsrailin baş naziri ABŞ prezidenti ilə söhbətində yəhudi dövlətinin sənaye və ya nüvə obyektlərinə hücum etməyi planlaşdırdığına dair fərziyyələr olsa da, yalnız İranın hərbi infrastrukturuna zərbə endirəcəyini vəd edib. “The Washington Post” iddia edir ki, bu, Netanyahu hökumətinin tammiqyaslı müharibənin qarşısını almaq üçün düşmənə qarşı daha məhdud cavab zərbəsi endirməyə hazır olduğunu göstərir. Qeyd olunur ki, Vaşinqton Netanyahunun planını rahatlıqla qəbul edib. İranın biznes elitasına yaxın olan “Amwaj” mediası Amerika tərəfinin ona THAAD raketdən müdafiə batareyası göndərəcəyini vəd etməsindən sonra İsrailin yanaşmalarını yumşaltmağa razı olduğu versiyasına diqqət çəkir. Pentaqon bildirib ki, THAAD batareyasının ilk komponentləri ABŞ hərbi operatorları qrupu ilə birlikdə ölkəni və oradakı amerikalıları İrandan gələn istənilən ballistik raket hücumundan qorumaq üçün İsrailə gəlib. Yaxın vaxtlarda Yaxın Şərqə əlavə komponentlərin və hərbi mütəxəssislərin gəlməsi gözlənilir. Pentaqon əlavə edib ki, batareya yaxın gələcəkdə istifadəyə hazır olacaq, lakin təhlükəsizlik səbəbi ilə konkret tarixlər açıqlanmır. Bu, ABŞ-ın Yaxın Şərqdə THAAD-ı ilk dəfə yerləşdirməsi deyil, proses  - bu, sistematik şəkildə baş verir. Məsələn, Ağ Ev 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qurudan hücumundan sonra bölgəyə THAAD batareyasının yerləşdirilməsinə göstəriş verib. “Financial Times” mənbələri iddia edir ki, İsrail hazırda raketdən müdafiə sistemi çatışmazlığı yaşayır. Sənaye liderləri və ekspertlər deyirlər ki, yəhudi dövləti bu problemlə ölkəni İran və onun regional müttəfiqlərinin hücumlarından qorumaq üçün hava hücumundan müdafiəni gücləndirmək zərurəti ilə üzləşir. Pentaqonun Baş Qərargah rəisinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin keçmiş müavini Dana Strole bildirir: “İsrailin bu cür silahlarla bağlı ciddi problemi var. İran İsrailin hücumuna cavab verərsə və “Hizbullah” şiə təşkilatı da buna qoşularsa, İsrailin hava hücumundan müdafiəsi pik yüklənmə həddəin çatacaq”. Onun sözlərinə görə, Amerika tərəfi bu fonda Ukrayna və İsrailə tədarükü eyni tempdə saxlaya bilməyəcək”. “Amwaj” mediası qeyd edib ki, İran rəsmiləri İsraildə THAAD batareyasının görünüşünə çox həssas yanaşıblar. Bunun fonunda İranın xarici işlər naziri Abbas Əraqçi Bayden administrasiyası ilə Omanda keçirilməsi nəzərdə tutulan danışıqların dondurulduğunu elan edib: “Oman prosesi hazırda regiondakı konkret vəziyyətə görə dayandırılıb. İndi biz danışıqlar üçün əsas görmürük. Mövcud böhrandan çıxa bildikcə, bu işə qayıdıb-qayıtmayacağımıza qərar verəcəyik”.

Belə bir fikir var ki, İslam Respublikası Kamala Harrisin ABŞ prezidenti olacağı təqdirdə danışıqlar prosesini canlandırmağa ümid edir. İran keçmiş prezident Donald Trampın hakimiyyətə gəlməsini mənfi ssenari kimi qiymətləndirir. Çünki Tramp  Tehrana maksimum təzyiq doktrinasının tərəfdarıdır. Öz növbəsində Bayden administrasiyası diplomatik kanallar vasitəsilə Tehrana xəbərdarlıq edib ki, Trampın həyatına hər hansı sui-qəsd cəhdi müharibə aktı kimi qiymətləndirəcək.   Amerika kəşfiyyatı bu yaxınlarda İslam Respublikasını bir neçə dəfə belə bir ssenari hazırlamaqda ittiham edib. Bu ilin iyulunda Pensilvaniyada Trampa qarşı uğursuz sui-qəsd bu cür qorxuları daha da artırıb. “Reuters”in həmsöhbətlərinə görə, prezident Bayden mütəmadi olaraq müvafiq təhdidlərlə bağlı situasiya hesabatları alır. Ağ Evin rəhbəri, bu məlumatlara görə, artıq öz komandasına Amerika yurisdiksiyasında İranın iddia edilən sui-qəsdlərinə qarşı durmağı tapşırıb. Rusiyanın ABŞ-dakı səfirliyinin keçmiş əməkdaşı, beynəlxalq əlaqələr üzrə ekspert Vladimir Frolov qeyd edir ki, Amerika tərəfi bu fonda İrana zərbəyə “yaşıl işıq” yandırıb: “Amma Vaşinqton Netanyahunun indi Qəzza və Livandakı vəziyyətdən çıxmaq üçün əlavə strategiyasının olmamasından dəhşətə gəlib.  Vaşinqton ayrıca yəhudi dövlətinin 2006-cı ildə ikinci Livan müharibəsi zamanı olduğu kimi Livanda ölkəsində ilişib qala biləcəyindən narahatdır. Netanyahunun reytinqinin indi yüksəlməsi ABŞ-a nikbinlik vəd etmir”. Onun sözlərinə görə, Baydenin siyasi strategiyası Səudiyyə Ərəbistanı ilə strateji müttəfiqlik bağlamaq, İsraillə münasibətləri normallaşdırmaq, Fələstin, Misir və Körfəz ölkələri tərəfindən Qəzza zolağında yeni özünüidarə sistemini işə salmaqdan ibarət olub: “Həm Ağ Ev, həm də Dövlət Departamenti bununla bağlı ciddi məyusluq yaşayır, Netanyahu isə əsas müttəfiqinin bu barədə nə düşündüyünə məhəl qoymamağa meyllidir”. 

Nahid SALAYEV





Избранный
57
50
baki-xeber.com

10Источники