RU

Gürcüstan seçimini etdi

Qonşu və dost Gürcüstan oktyabrın 26-da növbəti parlament seçkiləri sınağından çıxdı. Ölkədə seçkiöncəsi mühit kifayət qədər gərgin idi, ajiotajlar yaşanırdı. Müəyyən qüvvələrin iğtişaşlar törədəcəyi istisna olunmurdu. Hətta hakimiyyətin qollarında da parçalanmalar müşahidə olunurdu. Bununla belə Gürcüstan cəmiyyəti seçimini etdi.

İlk dəfə proporsional sistem üzrə keçirilən parlament seçkiləri baş tutub

Gürcüstanda oktyabrın 26-da səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 20:00-da sona çatıb. Ümumilikdə ilk dəfə proporsional sistem üzrə keçirilmiş seçkilər baş tutmuş hesab olunur.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natiya İoseliani bildirib ki, səsvermədə 2 060 412 seçici iştirak edib. Bu da ümumi seçicilərin 58,94 faizi deməkdir.

Qeyd edək ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılmışdı. Bunlardan 3044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi.

Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib.

Seçicilərin 95 910 nəfəri xarici ölkələrdə səs verib.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçkilərdə 26 siyasi partiya, ictimai hərəkat və birlik 150 deputat yeri uğrunda mübarizə aparıb.

Milli qanunvericiliyə əsasən, əvvəlcədən müəyyən olunmuş 5 faizlik baryeri keçəcək partiya parlamentdə deputat mandatı qazana biləcək. Seçkilərə qatılan siyasi partiyaların 428 namizədi qeydiyyatdan keçib. Ən çox namizəd (150 nəfər) “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasından (sədr İrakli Qaribaşvili) qeydə alınıb. “Avropalı Gürcüstan - azadlıq üçün hərəkat”ın (sədr Georgi Çereteli) 22 namizədi, “Gürcüstanın Birləşməsi və İnkişafı Partiyası”nın (sədri Kamal Muradxanov) 16 namizədi, “Yeni Birlik - Gvaramiya, Melia”nın (sədr Nika Melia) 27 namizədi, “Birləşmə - Milli Hərəkat”ın (sədr Tinatın Bokucava) 31 namizədi, “Avropa Demokratları”nın (sədr Paata Davitaya) 12 namizədi, “Gürcüstanın Patriotları Alyansı”nın (sədr David Tarxan-Mouravi) 11 namizədi, “Güclü Gürcüstan - Lelo, Xalq üçün, Azadlıq üçün” Birliyinin (sədr Mamuka Xazaradze) 16 namizədi, “Gürcüstanın Laboratoriya Partiyası”nın (sədr Şalva Natelaşvili) 20 namizədi, “Gaxariya - Gürcüstan üçün” Partiyasının (sədr Georgi Gaxariya) 27 namizədi var. Digər partiya və təşkilatlardan olan namizədlərin sayı isə 3-9 arasında dəyişir.

Seçkilərdə qeydə alınan ilkin nəticələr

Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini noyabrın 21-də açıqlayacaq. Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, MSK seçkilərdən ən geci 26 gün sonra dairə və məntəqə komissiyalarının protokolları və məhkəmənin yekun qərarları əsasında özünün yekun protokolunu dərc edəcək. Seçkilərin yekunu elan olunduqdan iki gün sonra MSK seçilmiş deputatları qeydiyyata alacaq və onlara müvəqqəti vəsiqə verəcək.

Bununla belə, MSK-nın və “Exit-poll”un ilkin nəticələri artıq elan olunub. Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar “İmedi” televiziya kanalının sifarişi ilə “Qorbi” şirkəti “exit-poll” keçirib. Sorğunun ilkin nəticələrinə görə yalnız 4 partiya 5 faizlik baryeri keçə bilib. “Exit-poll”un ilkin nəticələri belədir:

 -Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası 56,1 faiz,

-“Dəyişiklik üçün Koalisiya” - 12,6 faiz,

-“Milli Hərəkatla Birlik” - 11,6 faiz,

-“Güclü Gürcüstan” - 7 faiz

-“Gürcüstan üçün xoşbəxtəm” - 4,8 faiz səs toplayıb.

Eyni zamanda, Mərkəzi Seçki Komissiyası da ilkin nəticələri açıqlayıb. Gürcüstan MSK-dan verilən məlumata görə, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin 97 faizində səslər hesablanıb. Bildirilir ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 3018 məntəqədən 1 milyon 87 min 801 səs toplayıb. Bu da ümumi səslərin 54,24 faizini təşkil edir.

Müxalifət partiyaları isə ümumilikdə 37,33 faiz səs toplaya bilib. Səsvermədə seçici fəallığı 58,94 faiz olub.

Qeyd edək ki, səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə ediblər. Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq edilib.

Gürcüstanda yaşayan soydaşlarımızın fəal iştirakı

26 oktyabr seçkilərində Gürcüstanda yaşayan azərbaycanlılar da yüksək fəallıq göstəriblər. Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş səylərini dəstəklədiklərinə görə onlara sözün əsl mənasında böyük təşəkkür düşür. Soydaşlarımız Gürcüstanda hakim partiyanı dəstəkləməklə sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimlərini etdilər.

Qeyd edək ki, Gürcüstanda 300 min azərbaycanlı yaşayır, Onların yaşadığı bütün regionlarda səs faizi yüksək olub. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var Soydaşlarımız eyni zamanda öz əhatəsinə, təsir imkanlarına görə ceçki prosesində və Gürcüstanın siyasi arenasında vacib, hətta həlledici potensiala malikdir. Məsələnin ciddiliyini nəzərə alan azərbaycanlılar son dərəcə məsuliyyətli seçim ediblər. Onların bu seçimi bir daha təsdiqləyir ki, gürcülər və azərbaycanlılar xoş günlərin sevincini bölüşdükləri kimi, çətinlikləri də birlikdə dəf etməyə qadirdirlər. Ümid edirik ki, Gürcüstan hakimiyyəti və hakim partiyası bundan sonra azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiiamətində real addımlar atacaqlar.

Qərbin regionda ayrıcı xətlər yaratmaq siyasətinə zərbə

Biz yuxarıda Gürcüstanda seçkiöncəsi mühitin kifayət qədər gərgin olduğunu və ölkədə ajiotajlar yaşandığını qeyd etdik. Bu gərginlik ilk növbədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Avropa İttifaqının (Aİ) rəsmi Tbilisini milli iradəyə, suverenlik prinsiplərinə zidd siyasət yürütməyə məcbur etmək cəhdlərindən qaynaqlanır. Kollektiv Qərbin son vaxtlarda daha da fəallaşan Cənubi Qafqaz siyasəti bu regionda Rusiyaya qarşı ikinci cəbhə açmağı hədəfləyir. Brüssel və Vaşinqton buna nail olmaqdan ötrü müxtəlif vasitələrdən istifadə edir. Bir sıra hallarda milli dövlətlərə Avropa İttifaqına inteqrasiya vədləri verilir, cəmiyyətlər qrantlarla ələ alınır. Milli maraqlardan çıxış edən dövlətlərə qarşı isə şantaj, qarayaxma, selektiv yanaşma, sanksiyalarla təhdid kampaniyaları işə salınır. Ermənistan Cənubi Qafqazda yeganə dövlətdir ki, Qərbdən gələn tezisləri məmnuniyyətlə qəbul edir. Ermənistan son illərdə N.Paşinyan iqtidarının razılığı əsasında Avropa missionerlərinin, necə deyərlər, su yoluna döndərdikləri ölkəyə çevrilib. Rəsmi İrəvan getdikcə daha çox dərəcədə on illiklər boyunca himayəsində yaşadığı Rusiyadan uzaqlaşır. Belə sürüşkənlik Ermənistan cəmiyyətini səciyyələndirən ən mühüm xarakterik cəhətlərdən biridir. Saxta tarixə malik olan bu ölkə hazırda Rüusiyanın məlum səbəblərdən üzləşdiyi çətinlikləri nəzərə almaqla oriyentasiyasını Qərbə doğru dəyişib.

Cənubi Qafqazda Azərbaycan Qərbin artan təzyiqlərinə qarşı sərt müqavimət göstərən dövlətdir. Azərbaycan iqtidarı apardığı siyasətdə müstəqillik və suverenlik prinsiplərini önə çəkilir. Ölkəmizin qərarları hansısa paytaxtlarda deyil, məhz Bakıda verilir və sırf milli maraqlara əsaslanır. Azərbaycan rəhbərliyi dəfələrlə birmənalı şəkildə bəyan edib ki, ölkə ərazisindən region dövlətlərinə qarşı plasdarm kimi istifadə edilməsinə heç vaxt yol verilməyəcək. Bu da ayrı-ayrı ölkələrə münasibətdə milli iradəni inkar edən Qərbin xoşuna gəlmir. Məhz buna görədir ki, son vaxtlarda Qərb dövlətlərindən və təsisatlarından Azərbaycana qarşı müxtəlif məzmunlu təzyiq cəhdləri artıb.

Gürcüstanın hazırkı rəhbərliyi də Qərbin ölkə üzərindən həyata keçirmək istədiyi mənfur siyasəti qəbul etmir və ortaya milli iradədə qoyur. Bu ölkənin parlamentində cari ildə iki mühüm qanun qəbul olunub. Həmin qanunlardan biri Gürcüstana artan xarici təsirlərin qarşısını almağa, digəri isə ailə dəyərlərini, gürcü xalqının ləyaqətini və ənənələrini qorumağa hesablanıb. Indiki məqamda ölkənin üzləşdiyi təhlükəli reallıqlar fonunda bu qanunların qəbul edilməsi Gürcüstan üçün hava və su kimi zəruri idi.  Bəhs olunan iki qanun Qərbin əsl simasını üzə çıxartdı. Qərb dairələri qeyd olunan qanunların Rusiyanın təsiri ilə qəbul edildiyi iddialarını irəli sürür. Buna görə də hazırda rəsmi Tbilisinin ünvanına  kollektiv Qərbdən sərt təhdidlər gəlir. Bir vaxtlar Gürcüstana Qərbdən Avropaya inteqrasiya vədləri verilirdisə, böyük həcmlərdə maliyyə yardımları ayrılırdısa, indi bunların heç biri yoxdur, əvəzində isə hakimiyyət sanksiyalarla hədələnir. 

Seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayrıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbədir. Bu prosesdə mühüm rola malik azərbaycanlılar da ənənəvi dəyərlərə sadiq çıxan digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə qarşı çıxdılar. Baş verənlər Azərbaycanın və Gürcüstanın Ermənistanın regiondakı siyasətinə qarşı ortaq mövqedə olduqlarını göstərdi. Əgər seçkilərin nəticəsi başqa cür olsaydı, burada Qərbin adamı kimi tanınan  prezidentin iştirakı ilə regionu parçalamaq, bölgədə 2-ci cəbhə açmaq və bu coğrafiyanı Qərbin müstəmləkəsinə çevrilmək siyasətini asanlıqla həyata keçirmək mümkün olacaqdı.

Bu gün Gürcüstan və Azərbaycan birliyi var və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlətin gücü daha da artır, onlar öz maraqlarını qoruyurlar  və beynəlxalq səviyyədə də eyni mövqedən çıxış edirlər. O ki qaldı Ermənistana, yəqin sonda bu ölkədə də regiona mənsubluqlarını dərk edəcəklər.

Baş nazir: Biz MSK-nın istənilən nəticəsini qəbul edəcəyik

“Biz səsvermənin nəticələri ilə bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasının elan edəcəyi istənilən qərarı qəbul edəcəyik”. Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının MSK-nın istənilən qərarını qəbul edəcəyini deyən Baş nazir əlavə edib: “Sadəcə olaraq inanırıq ki, “Gürcü Arzusu” təqribən 60 faiz səs toplayacaq və bu, müxalifətin ən ağır məğlubiyyəti olacaq”.

Hökumətin başçısı qeyd edib ki, müxalifət də MSK-nın nəticələrini qəbul etməli və tanımalıdır. “Mən bir daha müxalifəti seçkilərin nəticələri ilə barışmağa və MSK-nın açıqlayacağı qərarı tanımağa, 2018, 2021 və 2022-ci illərdə etdiklərini təkrarlamamağa çağırıram. Mən bütün partiyaları MSK-nın açıqlayacağı nəticələri tanımağa çağırıram”, - deyə İ.Kobaxidze vurğulayıb.

İ.Kobaxidzenin sözlərinə görə, Gürcüstan hökuməti, müxalifətin etirazlarına baxmayaraq, təsdiqlənəcək. O vurğulayıb ki, müxalifət partiyaları yeni çağırış parlamentin ilk iclasının işinə mane ola bilməyəcəklər.            

Azərbaycandan gecikməyən təbrik

Seçkilərin ilkin nəticələri Azərbaycanda da sevinclə qarşılanıb və dost təbriki gecikməyib. Prezident İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeni təbrik edib. Dövlətimizin başçısı təbrik məktubunda vurğulayıb: “Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir”.

Təbrik məktubunda Prezident İlham Əliyev seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edib. Dost ölkənin Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət edən dövlətimizin başçısı “Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Sizə ən xoş arzularımı çatdırır, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”, - deyə bildirib.

Mübariz ABDULLAYEV

Избранный
133
50
yeniazerbaycan.com

10Источники