Alyans öz hava məkanının mühafizəsinə zəmanət verənə qədər və ya Varşava Qərbdən alınan daha təkmil təyyarələri alana qədər Polşa MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı NATO ilə iyul ayında imzalanmış razılaşmaya əməl etməyəcək.
Bu barədə Polşa prezidenti Anjey Duda bildirib.
“Biz Volodimir Zelenskiyə MiQ-29 qırıcılarını Ukraynaya ötürmək istədiyimizi də söylədik. Lakin bunu ancaq o halda edə bilərik ki, hava məkanımızın təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq Qərb təyyarələri bizi qorusun. Və o zaman biz pilotlarımız tərəfindən idarə olunacaq təyyarələri tezliklə alacağıq, bu bizi daha yaxşı vəziyyətə salacaq",- deyə Duda qeyd edib.
Ukrayna prezidentinin ofisi iyulun 8-də uzunmüddətli müdafiə və təhlükəsizlik sazişi imzaladıqdan sonra bildirib ki, Polşa tərəfi 14 ədəd MiQ-29 döyüş təyyarəsindən ibarət eskadrilyanı Ukraynaya köçürməyi düşünür. Lakin Polşanın Baş naziri Donald Tusk eyni gün Zelenskiyə xəbərdarlıq etdi ki, Varşava bu təyyarələri NATO müttəfiqlərinin köməyi olmadan köçürə bilməyəcək.