RU

Məmmədqasım ağanın “borc” dəftəri

   Bu ifadə bu günlərimizə qədər Amasiya rayonunun kəndlərində yaşlı adamlar arasında hələ də işlənməkdədir. Bu, əslən gümrülü Məmmədqasım ağa haqqında yaranmış bir ifadədir. Bu ağa Gümrünün ən varlı taciri olub. Onun şəhərin bir neçə yerində mülk, Ağbaba ərazisində yaylaqları, dəyirmanları varmış. Məmmədqasım ağa səxavətli, mərdliyi ilə tanınıb. Həmişə kasıblara, yoxsullara əl tutmağı boynunun borcu hesab edərmiş. Ağa arada bir Gümrü ətrafı kəndlərə gəzməyə çıxarmış. Adamların ağır durumu onu narahat etdiyindən bir dəfə yaxın adamlarını yanına çağırıb məsləhət eləyir:

   - Bu kasıb-kusuba necə kömək etmək olar? Dünya görmüş bir yaşlı kişi deyir:

   - Ağa, kasıb mərd olar – bunu sən yaxşı bilərsən, həm də bunlara həmişə olmasa da arada bir əl tutmusan. Buna görə kimsə səndən utandığından nəsə istəməyəcək.

   - Bəs nə eləyək?

   - Bunu sən tapacaqsan, ağa.

   Məmmədqasım ağa xeyli düşünüb adamlarından birinə deyir. 

   - Sən bu gündən bir dəftər götür. Üstünə belə yaz: Məmmədqasım ağanın “borc” dəftəri: Sənə kifayət qədər pul da verəcəyəm: Bilirəm, sən bu işi layiqincə yerinə yetirəcəksən. kəndlərə xəbər sal ki, Məmmədqasım ağa ehtiyacı olanlara pul borc verir. Borc almaq istəyənlər gəlib dəftərə adını yazdırsınlar. Hə, bunu eşidəndə xışı olmayan, öküzü olmayan, səpməyə torpağına toxumluq tapmayanlar yanına üz tutacaqlar. Onlara adlarını yazdırıb istədikləri qədər pulu verin, amma verilən pulu almağı unut. Bunu onlara kömək məqsədi ilə verirəm. Belə edirəm ki, utanıb çəkinməsinlər. Beləcə hər yandan imkansız adamlar dəlib Məmmədqasım ağanın borc dəftərinə adlarını yazdırıb borc pul aldılar. Adamların güzəranı düzəlir. Əlbəttə, bu, Məmmədqasım ağanın sadəcə xeyirxahlıqlarından biridir. Bu gün də yaşlı adamlar arada bir bir-birinə deyirlər: 

   - Mənə filan qədər pul verəcəksən. Nə oldu, nə vaxt borcunu qaytaracaqsan?

   - Borcunu deyirsən? Qaçmıram, uçmuram. Sən burda, mən burda. Borcumu Məmmədqasım ağanın “borc” dəftərimə yaz. 

   - Bunu eşidəndə qocaların ikisi də gülümsünürlər. Yəni bu “borc”u geri qaytarmayacaqlar. Bu ifadə, “Borcumu Məmmədqasım ağanın “borc” dəftərinə yaz” bu günümüzə qədər el-oba arasında işlənməkdədir. Köhnə kişilərin xeyirxahlıqlarından birini əks etdirir. 

                                                                                                          Tacir Səmimi 

                                                                              Filologiya üzrə fəlsəfə doktoru, dosent.

Избранный
41
news365.az

1Источники