RU

Şuşada Naftalan nefti ilə bağlı müzakirələr aparılıb - Fotolar

Oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Dövlət Turizm Agentliyin rəhbəri Fuad Nağıyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid və digər dövlət hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən, Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislər iştirak edib.

Tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.

DTA-nin sədri Fuad Nağıyev sağlamlıq turizmi üzrə zəngin və geniş potensiala malik Azərbaycanda bu sahənin inkişafı ilə bağlı son illərdə bir çox istiqamətlər üzrə işlər görüldüyünü qeyd edib. 

O vurğulayıb ki, Azərbaycanın sağlamlıq turizmi üzrə Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, resursun Avropa və yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır. Qarabağ və Şərqi Zəngəzur üzrə də sağlamlıq turizmi üçün zəngin potensiallı ərazilər mövcuddur. Bu ərazilərdə Türkiyədən olan mütəxəssislərin cəlb edilməsi ilə turizm, o cümlədən sağlamlıq turizmi resurslarının araşdırılması aparılaraq müvafiq təkliflər verilib. Bu istiqamətdə, əlbəttə, Kəlbəcər və onun balneoloji imkanları xüsusilə seçilir.

Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiya sənədində təklif edilən 5 turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə sahibdir. Həmçinin, Laçın da mineral-termal su resursları ilə zəngin olduğundan, müvafiq sağlamlıq turizmi potensialına malikdir. Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizmi üzrə istiqamətlərin inkişafına töhfə verə bilər.

Həmçinin Azərbaycanın sağlamlıq turizm mərkəzlərini, tibbi turizm xidməti göstərən hotel və müalicə mərkəzləri barədə məlumatı əks etdirən videoçarx nümayiş etdirilib.

Bəşir Hacıyev çıxışında zəngin turizm potensialına malik Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən “İstisu” sanatoriyasının yenidən qurulması haqqında məlumat verib. O, Qarabağda beynəlxalq standartlara malik 3 hava limanının olmasının gələcəkdə Kəlbəcərə xarici turistlərin gəlməsinə şərait yaradacağını qeyd edərək konfransa öz işində uğurlar arzulayıb.

Konfrans çərçivəsində təşkil olunan sağlamlıq turizmi sənaye sərgisi: Unikal məhsulların nümayişi sərgisində Naftalan şəhərini bir çox turizm obyektlərinin nümayəndələri təmsil edib və Naftalan neftindən hazırlanmış müxtəlif məhsullar, kosmetik vasitələr konfrans iştirakçlarına nümayiş olunub.

Konfrans işini üç fərqli mövzular ətrafında, panel sessiyalarla davam etdirib.







Избранный
80
10
qafqazinfo.az

10Источники