RU

Maskası yırtıldı...

Fransadan növbəti sabotaj cəhdi

Paris sülhü hədəfə alır

Qərb Ermənistanı sülhdən yayındırmaqla öz maraqlarını təmin etməyə çalışır

Cənubi Qafqaza sülh ritorikası hakim kəsildikcə, bəzi qurum və dövlətlər narahatlıqlarını açıq büruzə verirlər. Bölgədə sabit və təhlükəsiz gələcəyin qurulması üçün hədəflənən sülh prosesi həmin dairə və dövlətlərin maraqları ilə üst-üstə düşmür - beləliklə də, onlar “anti-sülh” proqramlarını daha da “təkmilləşdirmək” və “tezləşdirmək” məcburiyyətində qalırlar.

 Məsələn, heç bir siyasi-ictimai mahiyyət daşımayan, sadəcə olaraq regionda gedən proseslərə müdaxilə üçün Ermənistana yerləşdirilən Aİ-nin “müşahidə missiyası”nın əsl “fəaliyyət mexanizmləri” hər kəsə bəllidir. Bu qrup monitorinq missiyası mahiyyətindən daha çox Ermənistanı sülhdən uzaqlaşdırmaq üçün təzyiq vasitəsi kimi istifadə olunur. Xüsusilə, bu ilin əvvəlindən etibarən sülhlə bağlı bəzi pozitiv addımların atılması qrupun “iş prinsipi”nə mühüm ştrixlər “əlavə edib”. Onlar ümumilikdə prosesə mane olmaq üçün fərqli metodlardan istifadə etməyə başlayıblar - “Durbin diplomatiyası”nı özünün ən vacib hərəkət mexanizminə “çevirdiyini” düşünən missiya ara-sıra xarici ölkələrin Ermənistandakı səfirlərini, İrəvanda qonaq olan amma sülh məsələsinə ən minimum dəxli olmayan xarici nümayəndələri şərti sərhədə gətirir, onların Azərbaycan torpaqlarına “boylanan yerdə” şəkillərini çəkib paylaşır. Bunu isə həm də özlərinin əsas missiyası sayırlar.

“Missionerlər” yenidən iş başında...

Bu dəfə də şərti sərhəddə analoji hal yaşanmaqdadır. Belə ki, oktyabr ayının əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi hallarının artdığı bildirilir. Bu yaxınlarda isə daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. “Report”un əldə etdiyi kadrlardan açıq görünür ki, indiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, həmin gün  sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Bu isə onu deməyə əsas verir ki, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Beləliklə, Ermənistanı sülhdən yayındıran ən əsas xarici qüvvə sayılan Fransanın növbəti dəfə müharibə axtarışında olması, yeni eskalasiyalar arzulaması bir daha sübut olunur.

Məğlubiyyəti ifadə edən “mesajlar”...

Qeyd edək ki, bu, son günlərdə ilk hadisə deyil - qısa müddət öncə də şərti dövlət sərhədimizin yaxınlığında 8 nəfər Aİ missiyasının üzvünə və erməni hərbçilərinə təsadüf edilmişdi. Həmin şəxslər cihazları ilə ərazilərimizi müşahidə etmişdilər. Budəfəki “ziyarət” isə daha açıq fonda baş tutur - artıq Fransa özünü “missiya nümayəndəsi” donu altında gizlətmir və açıq-aşkar kimliyini “biruzə verir”, bayrağını maşının üzərində “dalğalandırır”.

Bunun da bir sıra səbəbləri var:

- Paris də daxil olmaqla bütövlükdə Qərb son aylarda Ermənistanla Azərbaycan arasında gedən danışıqlar və sülh layihəsinin mübadiləsi prosesindən izolə edilib;

- İstanbulda baş tutan “3+3” formatında münasibətlərin normallaşması prosesinin konkret olaraq regiondaxili məsələ kimi həll edilməsinin yeganə yol olması demək olar ki, növbəti dəfə təsdiqləndi;

- Kazanda baş tutan BRICS sammiti Qərbin qlobal sferadakı açıq məğlubiyyətinin nümayişi idi. Azərbaycanla yanaşı Ermənistanın da bu tədbirə qatılmasını isə Fransa özü üçün “xəbərdarlıq” sayırdı.

Beləliklə, Fransa “oyundan kənar” vəziyyətə düşdüyünü görür və dərk edir. Rəsmi Paris qeyri-konstruktiv mövqeyini daha da “kəskinləşdirir”, sülh əvəzinə bölgədə yeni eskalasiyalar üçün verdiyi “çabalar”ı artırır. Eyni zamanda, verilən mesajlar fərqli ünvanlara hədəflənir:

- Fransa bölgəyə rahatlıq vermək fikrində olmadığını “vurğulayır”;

- Ermənistana “xəbərdarlıq” edir;

- Yeni iqtisadi nizamın qurulmasında vacib element sayılan Cənubi Qafqazdan asan şəkildə əl çəkməyəcəyini “bildirir”.

Ermənistan nə etməli idi, nə etdi? 

Fransa anlayır ki, təkcə silahlandırmaqla işi bitmiş saymaq olmaz - situasiya təsdiqləyir ki, Ermənistan bu silahların qarşılığında heç də Qərbin gözlədiyi nəticələri “vermir”. Çünki Fransa axır zamanlarda Ermənistanı ardıcıl şəkildə silahlandırmaqla daha fərqli planlar qurmuşdu. Paris İrəvana dəyəri milyon dollarla ölçülən və “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli zirehli texnika, MISTRAL 3 zenit-raket kompleksləri və başqa yeni silahlar ötürürdü. Yeni mərhələdə - 2024-cü ildən isə artıq daha öldürücü silahların ixracına başlanılmışdı. Məsələn, Ermənistanla Fransa arasında imzalanan müqaviləyə əsasən İrəvana “Caesar” haubitsaları verilib. Demək ki, Fransa bu silahların qarşılığında Cənubi Qafqazda yeni eskalasiyalar yaratmaq, yeni təhdidlər formalaşdırmaq niyyətindədir. Bunun üçün isə ilk növbədə şərti sərhəd ərazilərində aranı qarışdırmaq - atəşkəsi pozmaq gərəkir...

Bumeranq effekti...

Bəli, dünənə qədər açıq şəkildə Ermənistanı silahlandıran Paris bu yolla prosesə təsir göstərmək istəsə də alınmırdı - hətta bu kimi “xəbərdarlıqlar” bumeranq effekti yaradıb. Çünki Azərbaycan Fransanın təzyiqlərindən və ya təhdidlərindən heç bir zaman çəkinməyib. Ötən illər ərzində dəfələrlə beynəlxalq meydanlarda Fransanı açıq məğlub edən, Parisin diqtəsi ilə işləyən platformalarda belə onu siyasi nokauta salan Azərbaycan bütün sferalarda üstünlüyünü ortaya qoya bildi və sülhün Ermənistan üçün çıxış yolu olduğunu bütün detalları ilə qarşı tərəfə izah etdi. Fransa isə çəkinir ki, Azərbaycanın regionun gələcək inkişafı ilə bağlı hazırladığı strateji yol xəritəsi Ermənistana da təsir göstərəcək və İrəvan Parisin “zəncirlərindən” çıxıb sülhə yaxınlaşacaq.

Ermənistan yenə də sülhdən yayınsa...

Nəticə etibarı ilə də, indiki halda “durbinçi missiya” pərdəsi altında Fransanın əsas fəaliyyəti sülhü hədəfə almaq, mövcud situasiyanı sabotaj etməkdir. Paris yaxşı anlayır ki, Cənubi Qafqazda siyasi-hərbi sabitliyin gücləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi dayanıqlı sülhün yaranması prosesi ilə birbaşa əlaqəlidir. COP29 öncəsi müzakirələrin intensivləşməsi fonunda Ermənistanın sülh müqaviləsini imzalama ehtimalı böyüyür - bu isə bölgədəki situasiyaya köklü şəkildə təsir göstərəcək. Eyni zamanda, sülh prosesinin məntiqi nəticə ilə yekunlaşması Fransa başda olmaqla bölgədəki destruktiv maraqların tam şəkildə iflasa uğramasına yol açacaq. Beləliklə, sülh bir mənada regionun yeni inkişaf mərhələsini formalaşdırmaqla yanaşı, kənar təsirlərin də aradan qaldırılmasına şərait yaradacaq. Bu baxımdan, Fransa yenidən “hərəkətə” gəlir.

Sülhdən yayınmaqla itirən yenə də Ermənistan olacaq. Fərqli oyunlara aldanıb, Fransanın yedəyinə çevrilib korporativ maraqların arxasına düşəcəyi təqdirdə İrəvan daha ağır “imtahanlarla” üz-üzə qalmalı olacaq - daha dərin sosial çətinliklərə, iqtisadi böhranlara sürüklənəcək. Ondan istifadə edən Fransa kimi dövlətlər, Aİ kimi öz marağına fokuslanan mərkəzlər üçün isə Ermənistanın mənafeyi heç bir məna kəsb etmir...

P.İSMAYILOV

Избранный
17
yeniazerbaycan.com

1Источники