RU

Dərzilərin vergi öhdəliyi necə müəyyənləşir?

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahəsi 3 kvadratmetrə yaxın icarədə olan obyektdə fəaliyyət göstərir. Həmin şəxs sadələşdirilmiş vergini hansı qaydada ödəməlidir? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən dərzi fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. Qeyd olunanlara əsasən, həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdırlar.

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Eyni zamanda, vergi qanunvericiliyinin tələbinə əsasən, vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota almasını təmin etməlidirlər. Vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya İnternet Vergi İdarəsi vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 218-ci, 220-ci maddələri və Vergilər Nazirliyinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Избранный
48
vergiler.az

1Источники