RU

Hakan Fidanın London səfəri: Türkiyə və Britaniyanın strateji tərəfdaşlığının inkişafı - TƏHLİL

Böyük Britaniya Türkiyənin ənənəvi tərəfdaşlarındandır. Rəsmilərin görüşləri ikitərəfli maraqları deyil, həm də regional və qlobal məsələləri də əhatə edir.
 
Türkiyə Böyük Britaniya ilə NATO-da müttəfiqdir. Bir neçə il əvvəl krallığın ovaxtkı xarici işlər naziri Liza Tras “Britaniyanın Yeni Dünya Doktrinası”nı elan edəndə NATO-ya xüsusi diqqət ayırmışdı.
 
“NATO-nun açıq qapı siyasəti müqəddəsdir. Əgər Finlandiya və İsveç Rusiyanın təcavüzünə cavab olaraq bizə qoşulmaq qərarına gəlsələr, biz onları mümkün qədər tez inteqrasiya etməliyik. “Bizə qlobal NATO lazımdır. Bununla mən üzvlüyünü başqa bölgələrdən olanlara da genişləndirməyi nəzərdə tutmuram. Demək istədiyim odur ki, NATO qlobal perspektivə malik və təhlükələrə qarşı hazır olmalıdır. Biz bilirik ki, pis niyyətli aktorların çoxtərəfli institutları sarsıtmağa çalışdığı bir dünyada ikitərəfli və çoxtərəfli qruplar daha böyük rol oynayacaq. NATO, G7 və Birlik kimi tərəfdaşlıqlar həyati əhəmiyyət kəsb edir”, - o bildirmişdi.
 
Ötən il Türkiyənin də razılığı ilə hər iki ölkənin Alyansa üzv qəbul olunması Liza Trasın açıqlamasının reallaşdığını təsdiqləyir.
 
Britaniya vaxtı ilə viza rejimi qalmaqla Türkiyənin Avropa İttifaqına üzvlüyünü müdafiə edirdi.
 
1cc207c1-8023-3b05-8265-c5efe8e9.jpg (29 KB)
 
İki ölkə arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq hər iki tərəf üçün vacib sayılır. Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş müsahibələrindən birində bildirmişdi ki, ölkəsinin müdafiə müəssisələrinin krallıqla əməkdaşlığına böyük maraq göstərməyə başlayıblar. Bu çərçivədə o, bir müddət əvvəl türk müdafiə şirkətinin Britaniya müdafiə şirkətinin səhmlərini aldığına diqqət çəkib.
 
Böyük Britaniya Türkiyənin qonşuları Suriya və İraqda yeni sistemlərin yaranmasında maraqlıdır. Bu sahədə rəsmi Ankara ilə əməkdaşlıq etmədən layihələrin reallaşması ya mümkünsüz, ya da çətin olar.
 
Türkiyə Ukrayna və Rusiya ilə də münasibətləri qoruyub saxlamaqda balansı gözləyə bilib. Habelə, Cənubi Qafqazda Ankaranın rolu və regional əməkdaşlığı yüksək səviyyədədir. Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışıqlar davam edir. Azərbaycanla bu ölkə arasında sülh sazişinin imzalanmasında Britaniyanın daxil olduğu qərb bloku kimi Türkiyə də razıdır və təşəbbüslər göstərir.
 
0910923b-fe5b-3842-9a30-f08d0d3c.jpg (175 KB)
 
Fələstin, Livan, Liviya, Afrikanın şimalı və Orta şərq məsələlərində də rəsmi Ankaranın mövqeyi krallığın onunla əməkdaşlığının əhəmiyyətini artıran amildir.
 
Çin, Türküstan (Mərkəzi Asiya) və başqa bölgələrin Türkiyə ilə əməkdaşlığı onu Böyük Britaniya üçün vazkeçilməz tərəfkeş edib.
 
Oktyabrın 30-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Leyboristlər Partiyası hakimiyyətə gələndən sonra Krallığa ilk rəsmi səfər edib. O, Londonda Krallığın XİN başçısı Devid Lemmi ilə görüşüb. Nazirlər mətbuat üçün qısa açıqlama veriblər.
 
Devid Lemmi bildirib ki, Türkiyə və Böyük Britaniya arasında imtinaedilməz əlaqələr var. O, iki ölkənin bir çox məsələlər üzrə birlikdə hərəkət etdiklərini söyləyib.
 
Hakan Fidan da qısa açıqlamasında deyib: “Türkiyə və İngiltərə strateji əlaqələrindən yararlanır. Məqsədimiz bunu daha da inkişaf etdirməkdir”.
 
Səfər çərçivəsində mövcud azad ticarət sazişinin əhatə dairəsinin genişləndirilməsi, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. NATO-ilə yanaşı, iki ölkə arasında 2007-ci ildən strateji tərəfdaşlıq davam edir.
 
c8fe13a1-1bd3-3b8e-8f4c-25c2b045.jpg (34 KB)
 
Yeri gəlmişkən, ötən illərdə tərəflər arasında xarici işlər nazirlərinin görüşü intensiv olub. Bu il yanvarın 26-da Britaniyanın xarici işlər Devid Kameron Türkiyəyə səfər etmişdi. Martın 4-də isə Krallığın kölgə kabinetinin XİN başçısı kimi Devid Lemmi Ankarada olub. Bu da iki ölkənin bir-biri üçün vacibliyini təsdiqləyən hallardandır.
 
H.Fidan London görüşlərində britaniyalı həmkarına Türkiyənin hazırkı Azad Ticarət Sazişinin əhatə dairəsini genişləndirmək üçün danışıqlara başlamağa hazır olduğunu çatdıracağı gözlənilir. Başqa sözlə, bu səfərdə Azad Ticarət Sazişinin yenilənməsi gündəlikdə olan məsələlərdəndir. Çünki Britaniya 2020-ci ilin dekabrında Avropa İttifaqından çıxandan sonra tərəflər arasında Azad Ticarət Sazişi imzalanıb.
 
Britaniya hazırda Türkiyənin ən mühüm iqtisadi tərəfdaşlarından olmaqla ən böyük beş ixrac bazarından biridir. 2023-cü ildə iki ölkə arasında ticarət həcmi 19,5 milyard dollar olub. Bunun 30 milyard dollara çatdırılması hədəflənir.
 
Türkiyə XİN başçısı britaniyalı həmkarı ilə müzakirə etdiyi vacib məsələlərdən biri, heç şübhəsiz, İsrail- HƏMAS (Fələstin), İsrail - “Hizbullah” (Livan), İsrail-İran münasibətləridir. Türkiyə bu qarşıdurmaların sülh, danışıqlar, kompromis yolu ilə həllinin tərəfdarıdır. Rəsmi Ankara həm də ölkələrin ərazi bütövlüyü, suverenliyini müdafiə edir. Bu baxımdan, Suriya və İraqdakı vəziyyətin də müzakirəsi görüşün vacib məsələlərindən sayılır.
 
c7571781-9ab2-3511-8c7c-6850bc93.jpg (42 KB)
 
Türkiyənin PKK qruplaşmasına qarşı mübarizəsi ölkənin və region dövlətlərinin ərazi bütövlüyünün müdafiəsidir. Britaniya bu silahlı qruplaşmanı terrorçu olaraq tanıyır.
 
Bu baxımdan, Britaniya ilə Türkiyə regional və qlobal miqyasda bir-biri üçün çox əhəmiyyətli ortaqlardır. Hadisələr göstərir ki, onların müzakirə edərək qərar qəbul edə bilməyəcəkləri mövzu çox azdır. Miqyasından asılı olmayaraq istənilən məsələyə dair tərəflər razılığa gələ bilir.
 
Hazırda Yaxın şərqdə vəziyyət gərgindir. Hələ 2014-cü ilin oktyabrında Britaniya parlamenti Fələstini dövlət olaraq tanıyıb. Türkiyə də bu ərəb dövlətini tanıyır. Problemin həllini “iki millət, iki dövlət” prinsipinin reallaşmasında görür.
 
Rəsmi Ankara bölgədə müharibəyə qarşı olduğunu dəfələrlə vurğulayıb. Hakan Fidan London səfərində də bu məsələyə toxunub.
 
Odur ki, Türkiyə XİN başçısının Böyük Britaniya səfərini aşağıdakı kimi qiymətləndirmək olar:
 
-Ankara-London strateji tərəfdaşlığının davam etdirilməsi;
 
-Regional və qlobal terrora qarşı birgə mübarizə, habelə Londonun bu məsələdə Ankaranı dəstəkləməsi;
 
-İkitərəfli iqtisadi ticarət əlaqələrinin gücləndirilməsi;
 
-Post-HƏMAS dövründə Fələstinin gələcəyinə oxşar mövqedən yanaşma;
 
-İran-İsrail savaşının böyüməməsi üçün cəhdlərin göstərilməsi;
 
-Suriya və İraqda PKK və başqa terror qruplaşmalarının zərərsizləşdirilməsi;
 
-Cənubi Qafqazda sülh, əməkdaşlığa nail olmaq üçün səylərin davam etdirilməsi və s.
 
Osmanlı dövləti ilə Böyük Britaniya imperiyası tarixdə fərqli qütblərdə bir-birinə qarşı barışmaz olublar. 1915-ci ildə imzalanmış London paktını yada salmaq kifayət edər. Bu sənədə əsasən, Osmanlının təmsil olunduğu Almaniya, Avstriya-Macarıstan ittifaqına qarşı müharibə elan edilib.
 
Dünyanın gərdişi indi tərəflərin eyni cəbhədə mövqe tutub, əməkdaşlıq etməsinə şərait yaradıb. Ankara və Londonun yeni dünyaya yanaşması da oxşardır. Tərəflər bir-birini maraqlarının təminində vazkeçilməz strateji tərəfdaş olaraq qəbul edirlər.
 
Hadisələrə əsasən, Britaniya ilə Türkiyənin bölgə üzrə ciddi mübahisəyə səbəb olacaq məsələsi azdır. Odur ki, bu tərəfdaşlıqdan tərəflərin marağının təmin olunması və regionun gələcəyi üçün istifadə edilməsi məntiqidir. Hakan Fidanın səfərini də bu kontekstdə dəyərləndirmək olar.
 
Sədrəddin İsmayılov,
Report.az
 
Избранный
33
3
moderator.az

4Источники