RU

Evlidirsə, xərci çoxdur, subaydırsa, ehtiyacı yoxdur? - Qanunda əməkhaqqı təyinatı necədir?

Bəzi iş yerlərində, xüsusilə özəl sektorda əmək qabiliyyətindən asılı olmayaraq,  subay və evli şəxslər arasında ayrı-seçkilik müşahidə olunur. “Sən subaysan, nə qədər xərcin var ki”, “Filankəs evlidir, onun xərcləri daha çoxdur, maaşı da çox olmalıdır” və.s tipli yanaşmalar var. Bu isə vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. 

 

Maraqlıdır, əməkhaqqı hansı meyarlara görə nəzərə alınmalıdır? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov deyib ki, istər özəl, istərsə də dövlət sektorunda işçinin ailə tərkibinin, evli və ya subay olmasının anketi aparılmamalıdır:

 

“İşçinin işəgötürən tərəfindən peşə təcrübəsi, ixtisası, əmək qabiliyyəti nəzərə alınmalıdır. İşəgötürən tərəfindən işçinin ailə tərkibinin, sosial vəziyyətinin, maddi ehtiyaclarının və.s nəzərə alınması kimi kriteriyalar mövcud deyil. Nə qanunvericilikdə, nə də praktikada belə bir şey var. Ona görə də belə hallar hansısa strukturda qeydə alınıbsa, bu, əsassızdır. Özəl sektorda sahibkarlar peşəkar, ixtisaslı, işini bilən kadr axtarır və işə götürdüyü vətəndaşı da əsas etibarilə bu kriteriyalara görə qiymətləndirir. Vətəndaşın ailəsi var və ya yoxdur, subaydır, yaxud evlidir, ailəlidirsə, hansı tərkibli ailəyə sahibdir və.s. kimi məsələlərin işəgötürən üçün heç bir əhəmiyyəti olmamalıdır”.

 

İqtisadçı qeyd etdi ki, əməkhaqqının şəxsin evli və ya subay olması kimi kriteriyalara əsasən müəyyənləşdirilməsi mümkün deyil:

 

“Özəl sektorda da, dövlətdə də maaşlar vəzifələrə, funksional təyinata görə müəyyən olunur.  İşəgötürən tərəfindən işçinin sosial statusu nəzərə alınmır. Özəl sektorda sahibkarlıq strukturu elə bir xüsusiyyətə malikdir ki, dövlət sektorunda olduğu kimi iş yerləri müvafiq təsnifata uyğun müəyyən olunur, istiqamətlər üzrə seçilir və hər bir sahə üzrə də vəzifələrin əməkhaqqı təyinatı tərtib edilir. Kimsə ailəlidir, yaxud fiziki məhdudiyyəti var, himayəsində kimlərsə var – tipli sosial statuslara uyğun birisini işə götürən zaman onun vəziyyəti nəzərə alınmır. Əmək qanunvericiliyində bu hallar nəzərdə tutulmayıb”.

 

Günay Rəsulqızı

Избранный
81
2
sfera.az

3Источники