RU

“Şizofreniya xroniki prosesdir” - PSİXOLOQ FİKRİ

“Şizofreniya psixoloji xəstəliklər arasında son dövrlər geniş yayılmış xəstəliklərdən biridir. Şizofreniya irsən keçə və yaxud sonradan qazanılan ola bilər. İstər uşaqlarda və ya yeniyetmələrdə, istərsə də yetişkin insanlarda şizofreniya halları görülür. Ən çox bilinən simptomları qeyri-real səslər eşitmək, paranoik sayıqlamalar, düşüncə pozulması səbəbindən nitqin pozulması və s. sadalamaq olar. Bu insanlarda beyinin qərarvermə hissəsi pozulur, ona görə də nəyisə analiz etmək və müəyyən qərarlar verməkdə çətinlik yaşayırlar. Qeyd etdiyim kimi, şizofreniya erkən yaşlardan, yeniyetməlik yaşlarında özünü göstərə bilir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, ilkin simptomları çox zaman spesifik olmur. Məsələn, şizofeniya dedikdə bir çox insanın ağlına ilk növbədə səs və ya görüntü hallüssinasiyaları və ya şübhəli düşüncələr gələ bilir. Ancaq qeyd etmək lazımdır ki, problemin ilkin mərhələsində, yəni başlanğıcda bunlar olmaya bilir. Bu zaman uşaqlarda, yeniyetmələrdə fərqli maraqlar yarana bilir. Yəni, əvvəlki yaş dönəmində heç maraqlanmadığı bir şeylə həddindən çox maraqlanmağa başlayır. Həmçinin ətrafı ilə münasibəti əvvəlki kimi olmamağa başlayır, özünü təcrid etməyə başlayır. Daha sonrakı mərhələrdə bu özünə qapanma halları artmağa başlaya bilir. Sonrakı mərhələrlərdə paranoyaları, şübhələri daha da güclənməyə başlayır. Məsələn: “məni izləyirlər”,“məni öldürəcəklər” və s. misal çəkmək olar. Belə xəstələrdə paranoyaları və inancları o qədər güclü şəkildə olur ki,başqa sözlə desək düşündüklərinin o qədər “real olduğunu” bilirlər ki, heç bir şəkildə məntiqi bir açıqlama ilə“eşitdiklərinin”, “gördüklərinin” əslində olmadığını, yanlış olduğunu və s. izah etmək olmaz. Bir sözlə onlar, real olanlarla beyinlərində baş verən hadisə və prosoesləri ayıra bilmirlər. Eyni zamanda şizofreniya xəstələrində görülən sıx hallardan biri də yaşlarına uyğun davranmamalarıdır. Məsələn: böyük insan uşaq kimi davrana, hərəkət edə bilir. Bunlar bəzən onların geyim tərzində də özünü göstərə bilir.

Şizofreniya, məsələn, şəkərli diabet və ya təzyiq xəstəliyi kimi, yəni xroniki bir prosesdir. Şizofreniya da zamanında müalicə olunduqda, bu xəstəlikdən əziyyət çəkən insan zamanında reabilitasiya mərkəzinə yönləndirildikdə kompleks terapiya keçib, psixiatr, psixoterapevt dəstəyi aldıqda müalicə oluna bilir və yuxarıda adını çəkdiyim xəstəlikərlə mübarizə aparan insanlar kimi işləyə bilər, normal şəkildə yaşaya və fəaliyyət göstərə bilər. Sadəcə xroniki bir xəstəlik olduğu üçün mütəmadi olaraq həkim nəzrətində olmalı, dərman qəbulunu dayandırmamalı və müayinədən keçməlidir”.

Müəllif: Səbinə Hüseynli
Избранный
51
sia.az

1Источники