RU

Britaniya naziri “Azərbaycanın ali rəhbərliyi” dedi və ünvanı səhv saldı...

Image

Yadigar Məmmədli: “Məgər Britaniya tərəfi bilmir ki, 30 il işğaldan əziyyət çəkən ölkəmiz olub?”

Böyük Britaniyanın Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə Dövlət Naziri Stiven Douti bildirib ki, İngiltərə Ermənistan və Azərbaycanı sülh prosesini inkişaf etdirmək, sülh müqaviləsini yekunlaşdırmaq üçün qarşıdakı çoxtərəfli görüşlərdən istifadə etməyə təşviq edir: 

“Beynəlxalq tərəfdaşlarla yanaşı Böyük Britaniya onları dəstəkləməyə hazırdır. İyulun 18-də xarici işlər naziri Avropa Siyasi Birliyinin sammitində iki ölkənin xarici işlər nazirləri ilə danışıb və burada iki ölkəyə dəstəyimizi açıq şəkildə qeyd edib. Oktyabrın 11-də mən Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla, 29-da isə Azərbaycan XİN nümayəndəsi Elçin Əmirbəyovla danışıb dəstəyi təsdiqlədim”.

Qarabağ ərazisində erməni mənəvi irsinin qorunub saxlanmasına gəlincə, nazir bunları qeyd edib: “Biz aydınlaşdırdıq ki, regionda dini və mədəni yerlərin qorunub saxlanması vacib məsələdir və bütün regional və regiondankənar xalqların maraqlarına əsaslanır. Biz həm Ermənistan, həm də Azərbaycan tərəfindən iki dövlət arasında münaqişə zamanı və Dağlıq Qarabağda mədəni və dini abidələrə qəsdən zərər vurulması ilə bağlı iddialardan xəbərdarıq. Böyük Britaniyanın Bakıdakı səfirliyinin rəsmiləri dini-mədəni irs və erməni dini əhəmiyyət daşıyan yerlərin qorunmasının zəruriliyi məsələsini Azərbaycan hökuməti qarşısında ən yüksək səviyyədə qaldırıblar”.

Britaniyalı nazirin səsləndirdiyi fikirlərdə iki məqam diqqəti cəlb edir. S.Douti deyir ki, məqsədyönlü şəkildə Qarabağda mədəni irs abidələri məhv edilib. O zaman nazir niyə ünvanlı danışmır? Bunu məqsədli şəkildə törədən kimdir? Məsələn, desin ki, Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü Ermənistan tərəfindən tamamilə məhv edilib. Bunu niyə demir? İkincisi, deyir ki, mədəni irsin qorunmasının vacibliyini və onun dağıdılması məsələlərini biz Bakıda Azərbaycanın ali rəhbərliyinə də demişik. Azərbaycan nəyi dağıdıb ki?

“Yaxşı olardı ki, o, bu məsələləri Azərbaycan qarşısında yox, Ermənistan qarşısında qaldırsın”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, nazir S.Doutinin səsləndirdiyi fikirlər açıq şəkildə ikili standartların göstəricisidir: “Xüsusən də təəssüf doğuran məqam ondan ibarətdir ki, Azərbaycanla çox yaxın siyasi, mədəni, iqtisadi əlaqələrə malik olan ölkənin rəsmisi belə fikirlərlə çıxış edir. Böyük Britaniyanın Cənubi Qafqazda ən yaxın tərəfdaşı Azərbaycandır. Məgər Britaniya tərəfi bilmir ki, 30 il işğaldan əziyyət çəkən tərəf Azərbaycan olub? Qarabağ və ətraf 7 rayon uzun illər işğal altında olub. Xüsusən də ətraf 7 rayonda Ermənistan daşı daş üstündə qoymayıb. Misli görünməmiş vandalizm törədiblər. Nəinki məscidləri, müsəlman dini abidələrini, ümumiyyətlə bütün kənd və şəhərləri dağıdıblar. İşğal dövründə 10-a yaxın şəhər, 400-dən çox kənd ermənilər tərəfindən dağıdılıb. Bir dəfə də olsun, nə Böyük Britaniya, nə də digər Qərb dövlətləri bu barədə danışıblar. Azərbaycan öz ərazilərini azad edəndən sonra bütün Qərbi Avropa ölkələri, ABŞ erməni “mədəni irsinə” sahib çıxmağa çalışır. Halbuki, Qarabağda olan abidələr qədim Alban abidələridir. Bunların yaxından-uzaqdan Ermənistanla heç bir əlaqəsi yoxdur. Bu baxımdan Britaniya naziri ünvanı həqiqətən də səhv salıb. Yaxşı olardı ki, o, bu məsələləri Azərbaycan qarşısında yox, Ermənistan qarşısında qaldırsın”.

Vidadi ORDAHALLI





Избранный
70
50
baki-xeber.com

10Источники