RU

Bakı metropoliteninin vaqon parkı 150-yə çatır

Daha iki qatarın xəttə buraxılması noyabrın 8-nə qədər təmin ediləcək.

Fins.az xəbər verir ki, bu barədə oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib.

Məlumatda bildirilib ki, vaqonların Bakıda yığılması, sazlanması və sınaq işlərinin aparılması məqsədilə istehsalçı şirkətdən 54 nəfərlik heyət Bakı metropoliteninə ezam edilib. Yeni nəsil qatarların hər birinin baş vaqonları 315, orta vaqonları isə 329 sərnişin tutumuna malikdir.

Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq mövcuddur. Vaqonların qapıları 1400 mm genişlikdə olub, əvvəlki nəsil vaqonlarla müqayisədə 12 faiz daha genişdir. Hər bir qatar əlil arabaları, iri yüklər və uşaq arabaları üçün çoxfunksiyalı zonalar, mikroiqlim nəzarəti, videomüşahidə, interaktiv sərnişin məlumatlandırma sistemləri, mobil cihazlar üçün USB portlar və orijinal işıqlandırma qrafikası ilə təchiz edilib.

Hermetik quruluşuna görə vaqonlar səssizdir və istilik izolyasiyasına malikdir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni vaqonlar arasında birbaşa keçidlər sərnişinlərin qatar boyunca sərbəst hərəkətini təmin edir. Bakıya gətirilmiş 7 qatardan 5-nin yığılması, sazlanması və sınaq işləri artıq tamamlanıb.

Qeyd edilib ki, yeni qatarlar da nəzərə alınmaqla Bakı metropoliteninin vaqon parkında ən son texnoloji nəsilə aid vaqonların sayı 150-yə çatdırılıb.

Fuad Mədətov
Fins.az

Избранный
33
7
fins.az

9Источники