RU

“Ət yemək ağır günahdır” -MÜSAHIBƏ

Ramil Əliyev: “Yeməyə minlərlə növ qida vasitəsi olduğu halda Tanrının yaratdığı canlını yemək məqsədilə öldürmək yolverilməzdir”

Son vaxtlar dünyada, eləcə də Azərbaycanda vegetarianlıq geniş yayılır. Əslində, bu təzə bir şey deyil, çox qədimlərdən ət yeməyən xalqlar olub, bu gün də dünyada 1 milyarddan artıq vegetarian var. Vegetarianlığın əbədi mövcud olduğu Hindistanda daha çox (əhalinin 40 faizi) vegetarian olsa da, son dövrlərdə digər ölkələrdə daha çox insan ət yeməkdən imtina edib. Bunu 3 səbəbdən edirlər, dini, sağlamlıq, humanizm baxımından. Bəs vegetarianlığın mahiyyətində nə dayanır? Bu suallara müsahibimiz, bu sahədə bir neçə kitabın müəllifi, təqdiqatçı-ilahiyyatçı Ramil Əliyev cavab verir.

- Gəlin elə birbaşa mətləbə keçək. Siz hansı səbəbdən ət yemirsiniz?

- Əvvəla, bunun mahiyyətində dərin ruhi biliklər və ilahi təlimatlar dayanır. Tanrı fədaisi olaraq biz yediyimiz qidanı Tanrıya təklif etməmiş qəbul etmirik. Krişna isə müqəddəs kitab “Bhaqavad-Qita”da Ona ancaq gül, yarpaq, su, meyvə, tərəvəz təklif olunarsa, bunları qəbul edəcəyini bildirir. Orada ət, yumurta, balıq, toyuq barədə deyilmir. Əgər Krişna- Allah Ali Şəxs bunları qəbul etmirsə, biz nə üçün qəbul etməliyik?

Məsələnin digər tərəfinə gəldikdə, deməliyəm ki, ətlə qidalanmaq zərərli vərdişlərdən biridir. Həm də müasir elm sırf bioloji baxımdan insan bədəninin quruluşuna görə, daha çox ot yeyən canlılara bənzədiyini sübut edir. Məsələn, dişlərin, həzm sisteminin quruluşu, bağırsaqların uzunluğu, mədə şirəsinin tərkibi otyeyenlərlə eyni, ətyeyənlərlə əksdir. Bu, bioloq alimlər tərəfindən təsdiq olunmuşdur. Ətin insan qidası olmadığını, ət yeməyin sağlamlığa da zərbə vurduğunu tibb alimləri dəfələrlə sübut ediblər.

Ət məhsullarından imtina etmək ruhi inkişaf üçün yeganə faktor olmasa da vacib faktordur. Lev Tolstoy deyirdi ki, insan bədəni heyvan qəbristanlığına bənzəyir. Tədricən ət məhsullarından imtina etmək istənilən nöqteyi nəzərdən insan üçün olduqca faydalıdır.

Vegetarianlıq həm də zorakılıq işlətməmək üçün çox vacib məsələdir. Ət yemək üçün mütləq zorakılıq işlədilməli, qan tökülməlidir. Yeməyə minlərlə növ qida vasitəsi olduğu halda Tanrının yaratdığı canlını yemək məqsədilə öldürməyə ehtiyac yoxdur.

- Opponentləriniz deyəcək ki, bitkilər də canlıdır, onları niyə yeyirik?

- Biz ağacların məhsullarını- meyvələri yeyərkən həmin ağacı məhv etmirik. Onların barını yeyirik. Eləcə də, süd, qatıq, bal kimi məhsullar yeyəndə heç kimi öldürmürük. Bitkilər sırf insan qidası kimi nəzərdə tutulmuşdur.

Bunu bir çox dahilər anlayıb və öz həyatlarında tətbiq ediblər. Qədim zamanlardan indiyədək vegetarian olmuş müdriklər ordusundan bəzilərinin adlarını xatırlasaq, fikrimizi daha aydın ifadə etmiş olarıq. Pifaqor, Sokrat, Platon, Kliment Aleksandrivski, Plutarx, Şah Aşoka, Leanardo Da Vinçi, İsaak Nyuton, Emmanuel Svedanborq, Volter, Bencamin Franklin, Jan Jak Russo, Lev Tolstoy, Bernard Şou, Rabindranat Taqor, Albert Eynşteyn, Mahatma Qandi, Ayətullah Xamneyi... Siyahını kifayət qədər uzatmaq olar. Qədim mənbələrdə peyğəmbərlərin də ət yeməsi haqda məlumata rast gəlinmir.

Bu məsələ ilə bağlı böyük müdriklərin məsləhətləri də nədənsə qulaqardına vurulur. Sizə bir neçəsini xatırladım- “mədənizi heyvanların qəbiristanlığına döndərməyin!” (Tolstoy), “insanın qıdası yalnız bitkilərdir” (Sokrat), “heyvanlara etdiyiniz zülm bağışlansaydı, hamınız bağışlanardınız” (Məhəmməd peyğəmbər).

- Allah bir sıra müqəddəs kitablarda heyvanları insana qida kimi istifadə etməyə icazə verib, amma siz qadağa qoyursunuz…

- Siz hansı müqəddəs kitabda oxumusunuz ki, Tanrı bizə hava udmağa, su içməyə meyvə-tərəvəz yeməyə, çörək yeməyə, süd içməyə icazə versin?! Mən əminəm ki, heç bir kitabda belə bir icazə haqqında heç nə yoxdur. Nə üçün? Ona görə ki, bunlar hamısı təbiidir, təbii olanın icazəyə ehtiyacı yoxdur.

O şey ki, icazə ilədir, deməli təbii deyil, bu çox sadə məntiqdir. Hər cür çərçivə onu getdikcə daraltmaq lazımdır deməkdir. Əks halda, sabit vəziyyətdə qalmayan o çərçivə genişlənəcəkdir.

Tanrı icazə verməklə çərçivə çəkir və düşünən kəslər üçün dərin mənalar axtarışı elan edir. Əvvəl-əvvəl biz hər şeyi qayda-qanunla qəbul edirik. Lakin vaxt keçdikcə heç bir qayda-qanunsuz, daha sonra zorakılıq, daha sonra isə cinayətkarlıqla haçansa qəbul etdiyimiz həmin qanunları nəfsimiz naminə pozuruq.

Beləliklə, daralmaq bilməyən çərçivə sürətlə genişlənir. Soruşduqda isə, “Tanrı icazə verir”, deyirik.

- Xristianlar hesab edirlər ki, İncildə İsa Məsihin verdiyi 10 nəsihətin biri olan “öldürmə!” prinsipi ancaq insana aiddir, heyvanlara yox. Amma siz heyvan öldürməyi də yasaq sayırsınız...

- Baktivedanta Svami Prabhupada deyirdi: “Onda belə çıxır ki, İsa peyğəmbər elə deyə bilməyib ki, bunun ancaq insana aid olduğu başa düşülsün?!” “Öldürmə!” istənilən formada öldürməməyə aiddir. Biz istədiyimiz izahı verə bilərik, amma bu, özümüzə haqq qazandırmaqdan başqa bir şey deyil.

İzahı o vaxt verirlər ki, nəsə aydın deyil. Lakin burda hər şey tam aydındır ki, İsa Məsih aydın və konkret olaraq deyir- “öldürmə!”. İstər heyvan, istər insan, istərsə də həşərat olsun- bu söz bir mənalı şəkildə öldürməməyə aiddir. Bunun başqa cür izaha ehtiyacı yoxdur.

- Tanrı niyə heyvan əti yeməyə icazə vermir?

- İcazə verir, amma yırtıcı heyvanlara. Sivil insan hətta qidalanma üçün belə heyvanları öldürməməlidir. Tanrı çox mərhəmətli və xeyirxahdır. Əgər biz heyvan əti yemək istəyiriksə, O, bunun üçün bütün imkanları yaradır.

Amma gələn həyatımızda bizə pələng bədəni verir ki, heç bir məhdudiyyət olmadan ət yeyək. “Bıçaq, balta, sallaqxana nəyə gərəkdir? Mən sizə pəncə və köpək dişləri verərəm və siz istədiyiniz qədər parçalayıb yeyərsiniz”. Karma qanunu işləyir, nə əkirsən, onu da bişirsən.

Ət yemək üçün əlverişli şərait və imkan əldə etmək naminə heyvan öldürənlər gələn həyatlarında pələng, canavar, it, pişik kimi bədənlər alırlar. Bu olduqca ciddi məsələdir. Tanrıya itaət göstərmək bizim borcumuzdur. Bu borcu unutduqda isə çox ağır cəzalandırılırıq.

Fiziki qanuna əsasən, təsir əks təsirə bərabərdir. İtaətsiz insanın özünə haqq qazandıraraq etdiyi hərəkət də mütləq əks reaksiya verəcəkdir. Heç nə olmayan təqdirdə heyvan ətini ölməmək üçün yemək qəbahət sayılmır. Amma nəfsi üçün, dilinə həzz vermək üçün harda gəldi, necə gəldi, nə qədər gəldi heyvanları öldürmək ən dəhşətli günahdır.

- Bəziləri hesab edir ki, heyvanlar da insanlar kimi eyni bir bioloji tipə aid olsalar da, onların ruhu yoxdur. Can ancaq insanlarda mövcuddur...

- Əgər bu belədirsə, bəs onda nə üçün biz bitkiyə də, həşərata da, quşa da, su altında yaşayanlara da, insana da “can”lı deyirik. “Can”lı o deməkdir ki, o, daxilində “can” olan maddi bədən formasıdır. Can həm də ruh deməkdir. Bütün canlılarla biz eyniyik, sadəcə paltarlarımız və ya “mindiyimiz maşınlar” (bədən- red.) müxtəlifdir.

Bu ona bənzəyir ki, təsəvvür edin atanın iki oğlu var, biri çox ağıllı alimdir, o birisi sadə fəhlə. Ata üçün bunların hər ikisi oğuldur. O, onların arasında fərq görmür və düşünmür ki, alim oğlum fəhlə oğlumdan mənə daha vacibdir, qiymətlidir.

Əgər alim oğul atasına desə ki, “əziz ata, sənin fəhlə oğlun heç nəyə yaramır, küt və biliksizdir, icazə ver onu kəsim yeyim”, sizcə ata icazə verəcəkmi?! Tanrı üçün bütün yaratdıqları əzizdir. Biz yatırıq, onlar da yatır; biz yeyirik, onlar da yeyir; biz nəsil törədirik, onlar da; biz müdafiə olunuruq, onlar da. Bəs fərq nədədir?! Heç bir məntiqə sığışmır canın ancaq insanda olduğunu, heyvanlarınsa bundan məhrum olduğunu düşünmək.

- Metafizikaya əsasən, ancaq insan həyatı müqəddəsdir. Axı insan heyvandan qat-qat düşüncəli, ağıllı, ali səviyyəlidir...

- O hansı yüksək səviyyədir elə? Özünün həzzini təmin etmək üçün başqa canlını öldürüb yemək?! İnək çöldə bitmiş otlarla qidalanır, insan isə bıçaqla, baltayla, sallaqxanalarda müasir texnikanın gücü ilə kəsib doğradığı heyvanların əti ilə! Bizim bıçaq, balta və aparatların köməyilə dəhşətli şəkildə məhv etdiyimiz heyvanların ətini yeməyimiz, heyvanların isə bütün bunlarsız çöldə ot yeməyi hələ o demək deyildir ki, biz onlardan nə iləsə artığıq və bizim bədənimizdə can var, onların bədənində yox. Bu heç bir məntiqə sığmır.

Diqqətlə baxsaq görərik ki, forma başqa olsa da, əsas məsələlərdə heyvanlarla insanlarda həddən artıq bioloji oxşarlıqların olması, onların eyni bir cana sahib olmalarından xəbər verir. Buna görə də bu çox kobud səhvdir- desək ki, “ancaq insanda ruhi can var, heyvanlarda isə yox”.

Veda müdrikliyinə əsasən əgər insan öz düşüncəsini sadəcə olaraq, 4 heyvani instinkti- yemək, yatmaq, cinsi əlaqə və müdafiə olunmaq- daha da komfortlu şəkildə həyata keçirməkdə istifadə edirsə, bu onu hevanlardan o qədər də fərqləndirmir.

- Qurban islamda əsas prinsiplərdəndir. Sizin sözlərinizdən belə çıxır ki, qurban kəsilməməlidir…

- Qurban ildə 1 dəfə olur və onun çox ciddi şərtləri var. Hər cür qurbanın maddi dünya bağlılıqlarından yaxa qurtarmaq üçün nəzərdə tutulduğunu başa düşmək lazımdır. Öz mülkündən ruhən təmizlənmək naminə qurban vermək, dünya malını fasiləsiz toplayıb ondan hissi həzzi üçün istifadə etməkdən üstündür.

Bundan üstünü öz fiziki bədəninin rahatlığından ruhi dirçəliş üçün imtina etmək, bundan da üstünü hissləri hiss obyektlərindən yayındırmaqla onları ruhi dirçəliş üçün qurban verməkdir. Hisslərdən yüksəkdə isə ağıl durur.

Ağlı Tanrının müqəddəs adlarının tərənnümü odunda qurban vermək, kiminsə, ya nəyinsə qanını tökərək mülkündən qurban verməkdən olduqca üstündür. Tanrı Şri Krişna “Baqavad-Qita”da Ona məhəbbətlə gül, yarpaq, meyvə, su təklif olunmasını qəbul edəcəyini buyurur. O, heç bir qoyundan, keçidən, toyuqdan qurbanı qəbul etdiyini bəyan etmir.

Bunlar dərrakənin düşünməsi üçün faydalı nəsihətlərdir və heç bir müqəddəs yazıya zidd deyildir. Hər cür çərçivə onu getdikcə daraltmağa işarədir. Çünki çərçivəni daraltmağa can atmadıqda, o özü genişlənir. Bu zaman içki də içilir, siqaret də çəkilir, donuz əti də yeyilir, sələmçilik də edilir, amma “ad” saxlanılır.

Hər yerdə olduğu kimi dini və yaxud ruhi bilik də daim dərinliyə getmək, yüksəlmək tələb edir. Hisslərimizə nəzarət bizim özümüzə həvalə olunub! Və ruhumuz hisslərimizə yox, ağlımıza, sevgimizə söykənərək yaşamalıdır. Bəzən deyirlər, dünyanı gözəllik xilas edəcək. Xeyr, dünyanı sevgi xilas edəcək- Yaradana və yaradılanlara sevgi.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Избранный
44
sesqazeti.az

1Источники