RU

Ankara qərarlıdır -Qardaş ölkənin “Polad Qübbə”si olacaq”

“Türkiyənin yerli hava hücumundan müdafiə sistemləri istehsal etmək potensialı var, ancaq ona mane törətmək istəyən güclər də olacaq”
 

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışlarının birində hava hücumundan müdafiə sisteminə yeni silah qatacaqlarının anonsunu verib.
“İsrailin “Dəmir Günbəz”i var, Türkiyənin isə “Polad Qübbə”si olacaq”- deyən Ərdoğan Türkiyədə yeni “Polad Qübbə” hava hücumundan müdafiə sistemi yaradılacağını bildirib.
“Polad Qübbə” hava hücumundan müdafiə sisteminin rəsmi Ankaranın gələcəkdə mümkün hava, raket hücumlarına qarşı müdafiə sistemi olduğunu vurğulayan Türkiyə prezidenti  bildirib: “Biz bir çox asimmetrik təhlükələri aradan qaldırmaq üçün çoxqatlı hava hücumundan müdafiə sistemləri hazırlamalıyıq. “Polad Qübbə” yaradacağıq və uzun mənzilli raket potensialımızı artıracağıq”.
 Ərdoğan eyni zamanda Türkiyəni “dünyanın ən böyük  PUA istehsalçısı” adlandırıb. Bildirib ki, 2018-ci ildən bu günə qədər dünya üzrə bütün PUA satışlarının 65 faizi türk şirkətlərinin payına düşüb.

Siyasi şərhçi Səxavət Məmməd “Sherg.az”a açıqlamasında deyib ki, müasir müharibələr hava hücumundan müdafiə sistemlərinin önəmini bir daha təsdiqlədi:

 “Rusiya Ukrayna müharibəsi ilə yanaşı Yaxın Şərqdəki müharibə, İran-İsrail toqquşmaları məcbur edir ki, ölkələr hava hücumundan müdafiə sistemlərini təkmilləşdirsinlər. İsrailin hava hücumundan müdafiə sistemləri zəif olsa idi, HƏMAS və Hizbullahın kütləvi raket zərbələri İsraili məhv etməyə yetərdi. İranın İsrailə endirdiyi raket zərbələrinin 50 faizi yox, daha çoxu İsraildəki hədəflərə dəysə idi, İsrail ağır vəziyyətə düşə bilərdi”.

 Hava hücumundan müdafiə sistemlərinin raketlərdən daha bahalı olduğunu xatırladan S.Məmməd deyib ki, bu sahəyə daha böyük pullar yatırılmalıdır:
“Türkiyənin ən böyük problemlərindən biri məhz hava hücumundan müdafiə sistemləri ilə bağlıdır. Türkiyə hava məkanını daha çox F-16-lar üzərinə quraşdırılmış hava-hava tipli raketlərlə qoruyurdu. Bu stasionar sistemlərdən fərqli olaraq daha çox xərc tələb edən sistemdir. Ona görə də Türkiyə ABŞ-dən "Patriot" hava hücumundan müdafiə sistemləri istəyirdi. ABŞ bu sistemləri satmadığı üçün Türkiyə Rusiyaya yönəldi və ən müasir hava hücumundan müdafiə sistemlərindən sayılan S-400-ləri aldı. Ancaq hələ də bunun qalmaqalı davam edir.
Türkiyə bir neçə dəfə hava hücumundan müdafiə sistemləri istehsal etməyə cəhd edib. Ancaq bu layihələrin bəziləri müəyyən səbəblərdən dayanıb. Türkiyə kimi ölkə məcburdur ki, bu sistemləri yaratsın. Heç bir ölkə bu sistemləri şərtsiz satmır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Polad Qübbə” hava hücumundan müdafiə sistemləri yaradacaqlarını elan etməsi onu deməyə əsas verir ki, rəsmi Ankara artıq bu yöndə qərarlıdır və layihələri var. Düşünürəm ki, Türkiyənin yerli hava hücumundan müdafiə sistemləri istehsal etmək potensialı var, ancaq ona mane törətmək istəyən güclər də olacaq. Ərdoğan elan etsə də, bu cür sistemlərin ərsəyə gəlməsi uzun vaxt və böyük pullar tələb edir. Türkiyənin bu sahəyə böyük pullar yatıracağı inandırıcıdır. Ancaq qısa zamanda layihənin tamamlanacağı gözlənilən deyil”.
Избранный
32
sherg.az

1Источники