RU

“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət  Həsənquliyev

"Komitədə müzakirə zamanı yekdilliklə tövsiyə etdik ki, bu məsələ ikinci oxunuşda qəbul olunsun. Bu gün “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanun qəbul edirik, bir məsələyə diqqətinizi cəlb etməyi borc bildim. Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milli ayrı-seçkilik salmağa cəhd etdiyinə, xalqlar arasında nifaq toxumu səpməyə çalışdığına görə bir nəfər məsuliyyətə cəlb olundu. Çox təəssüf ki, onda bəzi internet televiziyalarda həmin şəxsin milli mənsubiyyəti önə çəkildi".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
 
Millət vəkilinin sözlərinə görə, bunu o formada təqdim eləməyə çalışırlar ki, guya o, hakimiyyətin opponenti olduğu üçün həbs edilib:
 
"Əslində o, hakimiyyətin opponenti yox, dövlətimizin, xalqımızın birliyinə qarşı olan bir şəxsdir. Bu məsələyə ona görə toxunmağı özümə borc bildim ki, cəmiyyətdən onun müdafiəsinə qalxanlara ciddi bir təpki müşahidə eləmirəm. Xüsusi xidmət, hüquq-mühafizə orqanlarının rəhbərlərinə qarşı təhqir, böhtan görürük. Əslində bu kampaniyanı təşkil edənlər əsasən xaricdən idarə olunur və anlamırlar ki, bu yolla onların iradələrinə, hüquq-mühafizə orqanlarının qərarlarına təsir eləmək mümkün deyil".
 
Həsənquliyev məşhur bir hüquqşünasın fikirlərini də xatırladıb:
 
“Qədim Romada Papinian adlı çox məşhur bir hüquqşünas olub. İmperator öz qardaşını hakimiyyət uğrunda qətlə yetirəndə Papiniandan senatda onu müdafiə etməsini istəyir. O da imperatora deyir: “Bu, qardaşı qətlə yetirmək qədər asan məsələ deyil”. İfadənin izahı budur ki, yəni belə ağır cinayətə haqq qazandırmaq, onu törətməkdən daha mənfur bir cinayətdir. İndi bu formada ağır cinayət törədən insanları müdafiə edənlər başa düşməlidirlər ki, onlar əslində törədilmiş cinayətdən daha mənfur cinayət törədirlər. Ona görə də onların əməlləri qətiyyətlə pislənilməlidir. Düzdür, bu sözünə görə Papinianı o zaman edam edirlər. Amma mən bunu ona görə xatırladıram ki, tarixdə fransızlar Papinian haqqında deyirdilər ki, dünyaya ona qədər belə bir hüquqşünas gəlməyib və ondan sonra da belə bir hüquqşünas olmayacaq. Yəni tarixdə bu qədər tanınmış hüquqşünaslar belə cinayətə haqq qazandırmağın nə qədər mənfur bir əməl olduğunu söyləyiblər. Bizim bir çox soydaşımızın iqtidara qarşı münasibəti mənfi ola bilər, ayrı-ayrı hüquq mühafizə orqanlarını da tənqid eləmək olar. Amma dövlət məsələlərində belə bir mövqenin sərgilənməsi yolverilməzdir. Mən bu məsələni ona görə parlament tribunasından səsləndirdim ki, cəmiyyətimiz belələrinə qarşı daha dözümsüz olmalıdır. Qeyd etdiyim dövlət orqanlarına ictimai dəstək ifadə olunmalı və bu cür əməllər qətiyyətlə pislənməlidir".
 
Избранный
3
6
moderator.az

8Источники