RU

Gürcüstan gözləmədə: cəmiyyət həm məyus, həm inamlıdır

Samirə Bayramova: "Qərbin nəinki əməkdaşlığı davam etdirmək, Gürcüstana sanksiyalar tətbiq edə biləcəyi ehtimalı daha çoxdur”

Gürcüstan vətəndaşı olan əslən azərbaycanlı ictimai fəal Samirə Bayramova qonşu ölkədə oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra gürcüstandakı ictimai-siyasi vəziyyətlə bağlı AYNA-nın suallarını cavablandırıb. Beləliklə...

- Seçkilərdən sonra Gürcüstandakı ümumi vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda Gürcüstanda vəziyyət heç də ürəkaçan deyil. Hər kəs sanki gözləmə mövqeyindədir. İnsanlar gözləyir ki, proses hara gedəcək, xalqın xeyirinə dəyişiklik olacaqmı? Gürcüstan cəmiyyəti hesab edir ki, biabırçılıqla keçirilən seçkilər tanınmamalı və yeni seçkilər təyin olunmalıdır.

- Müxalif qüvvələr Prezident Salome Zurabişvilinin qeyri-rəsmi liderliyi və çağırışı ilə aksiyalara başladılar. Bu mitinqlərin nəticəsini necə proqnozlaşdırırsınız?

- Bəli, müxalifət partiyaları Prezident Zurabişvilinin liderliyi altında birgə fəaliyyət göstərirlər. Bir növ, müxalif qüvvələr çıxış yolu axtarışındadırlar. Paytaxt Tiflisdə böyük mitinq keçirildi və aydın oldu ki, xalq öz taleyinə biganə deyil. Eyni zamanda, görünən odur ki, müxalifət tərəfdarları daha çoxdur, nəinki “Gürcü Arzusu”nun dəstəkçiləri. MSK-nın rəsmi nəticələri açıqlananmdan sonra müxalifətə liderlik edən Prezident açıq şəkildə bildirdi ki, nəticələri tanımır və bu mübarizədə sonadək davam edəcək.

Ümumiyyətlə, seçkilər olduqca yüksək faizli saxtakarlıqla müşahidə olunur. Bunu sübut edəcək kifayət qədər faktlar mövcuddur. Təəssüflər olsun ki, Avropa İttifaqına üzvlüyə namizəd olan bir ölkədə belə saxta seçkilər keçirildi. Bu, olduqca utancverici haldır. Belə seçkilər keçirildiyinə görə Avropa İttifaqı artıq Gürcüstanın namizədliyini dayandırdı. Bu, Gürcüstan dövləti üçün də, xalqı üçün də faciəvidir. Nəzərə almaq lazımdır ki, Gürcüstanda fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının, medianın böyük əksəriyyətinin, ictimai təşkilatların maliyyəsi Avropadan olan donorlardan gəlirdi. Bu maliyyənin təxminən 80 faizi dövlət tərəfindən qəbul olunan maliyyə idi. Gürcüstanın dövlət idarələrinin həyata keçirdiyi layihələrin böyük əksəriyyəti qrantlar hesabınadır. Avropa İttifaqına üzvlüyün dayandırılması ilə bu qrantların da dayandığının şahidi oluruq. Bu da Gürcüstan üçün heç də yaxşı nəticə verməyəcək.

- Belə iddialar var ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası parlamentə düşən müxalif partiyaların biri və ya ikisi ilə danışıqlar aparacaq, razılaşacaq və hakimiyyətdə qala biləcək. Bu, mümkündürmü?

- Hələ bilmirik ki, proseslər hansı istiqamətdə yön alacaq. Hər halda, parlamentdə mandat qazanan dörd müxalifət partiyası mandatlarından imtina etdiklərini bəyan ediblər. Onlar bildirirlər ki, belə saxta seçkini tanımırlar və bu saxta parlamentdə təmsil olunmayacaqlar. Onların bu mövqeyi nə qədər stabil davam edəcək, bəlli deyil. Gürcüstan cəmiyyətində inam var ki, müxalif qüvvələr mübarizələrini sonadək davam etdirəcəklər.

- Baş nazir İrakli Kobaxidze bəyan etdi ki, Avrointeqrasiya kursu davam edəcək. Bu, inandırıcıdırmı?

- Əlbəttə, Baş nazir Kobaxidze və hakimiyyətin digər rəsmiləri davamlı olaraq belə bəyanatlar səsləndirirlər. Amma paralel olaraq da, Avropaya gedən yolu kəsmək üçün bütün vasitələrə əl atırlar. Buna isə təbii ki, gürcü cəmiyyəti inanmır.

- Qərb “Gürcü Arzusu” hökuməti ilə əməkdaşlığı davam etdirəsək, yoxsa sərt addımlar atacaq?

- Görünən odur ki, Qərb Gürcüstanın hazırkı hakimiyyəti ilə əməkdaşlığı davam etdirmək niyyətində deyil. Avropa İttifaqının üzvlüyü dayandırması bunun sübutudur. Nəinki əməkdaşlığı davam etdirmək, Qərbin Gürcüstana sanksiyalar tətbiq edə biləcəyi ehtimalı daha çoxdur. Bu isə yenə deyirəm, Gürcüstan dövlətçiliyi üçün də, xalq üçün də faciə deməkdir.

Избранный
41
turkustan.az

1Источники