RU

Səbail rayonunda dönərxanada nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda mütəmadi olaraq monitorinqlər həyata keçirir. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən, fiziki şəxs Əliyev Seyran Allahverdi oğluna məxsus “Dönər Evi” iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, yuma sahəsinin antisanitar vəziyyətdə olduğu, döşəmənin tamlığının pozulduğu, soyuducuda rəflərin korroziyaya uğradığı, doğrama lövhəsinin gigiyenik materialla üzlənmədiyi, qida məhsullarının, avadanlıqların və işçi heyətin əllərinin yuyulmasının birgözlü yuma çanağında həyata keçirildiyi, təmizlik ləvazimatlarının saxlanması üçün dolabın təşkil edilmədiyi və digər nöqsanlar müəyyən edilib. Müayinələrin aparılması məqsədilə götürülmüş mal əti dönər nümunəsində isə toyuq DNT-si aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Избранный
65
yeniazerbaycan.com

1Источники